Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:50

'Milyoneri necə ram edib ona ərə getməli?' - "Qaranın əlli çaları" filmi haqda


"Qaranın əlli çaları" filmindən bir səhnə.
"Qaranın əlli çaları" filmindən bir səhnə.

Rövşən Danyeri

Vanil dadında sevgi və yaxud milyonerlər necə sevir

2017-ci ilin ilk ekran işlərindən biri də “Qaranın əlli çaları” filmi oldu. Film ingilis yazıçı E.L. James'in eyniadlı romanı əsasında çəkilib. Erotik-romantik, dram janrında səhnələşdirilən ekran işi “Bozun əlli çaları” filminin davamı kimi çəkilib. Burada kiçik bir haşiyəyə çıxaraq qeyd etmək lazımdı ki, birinci filmin Sam Taylor-Johnson olduğu halda, seriyanın ikincisi “Qaranın əlli çaları” və üçüncüsü “Azadlığın əlli çaları”nın çəkilişləri James Foley'ə tapşırılıb.

Baş rollarını Dacota JohnsonJamie Dornan oynadığı “Bozun əlli çaları”nda ədəbiyyat üzrə təhsil alan Anastasia Steele'nin multi-milyoner Christian Grey'ə aşiq olmasından bəhs edilir. Ancaq Greyin hər şeyi idarə etmək arzusu bu münasibəti çətinləşdirir. Erotik səhnələri ilə bol olan film tamaşaçıların tənqidinə səbəb olmuş, hətta bir çox ölkələrdə göstərilməyi qadağan edilmişdi.

Buna da bax: "Qaranın əlli çaları" nələrlə yadda qalıb...

Film ilk baxışdan zəngin adamın sevgilisi olmağın verdiyi lüksləri göstərir. Christian Anastasianın qəlbini yenidən ovlamaq üçün ona bahalı hədiyyələr verir, yaxta gəzintisinə çıxarır, nəşriyyatda katibə işindən yüksəlib nəşriyyat rəhbəri keçməsinə kömək edir, hətta zəngin həyat yaşadığı öz dəbdəbəli evinə köçməyi təklif edib. Hansı qız bunu arzulamaz. Ancaq zəngin, sadist və eqoist milyonerin bütün bunların qarşılığında Anastasiadan fərqli seks oyunlarında ona tabe olub, kölələşmək gözləyir. Bax işin daha çətin yeri buradır. Anastasia itaətkardan itaət etdirənə çevrilməlidir, yəqin əks halda bir müddət sonra uşaqlıqdan zorakılıqla yaşamış və bunun əvəzinə qadınlardan çıxan Christian üçün maraqsız olacaq. Və filmin əvvəllərindən başlayaraq Anastasia boz libası çıxarıb qırmızı libas geyinəndə, Christianın yaxtasının sükanına keçəndə əslində onun bir müddət sonra həyatda da həmin dominant mövqeni tutacağı gözlənilir.

"Qaranın əlli çaları" filminin traileri.

“Qaranın əlli çaları” da seriyadan müstəqil deyil, elə birinci filmin davamı kimi çəkilib. “Bozun əlli çaları” Christian Grey'in istəklərinə boyun əyməkdən imtina edən Anastasiyanın ayrılığı ilə bitmişdi. Seriyanın ikinci filmi də məhz onların barışmağı və münasibətlərinin davam etməsindən bəhs olunur. Vanil dadındakı sevginin və şəhvətin hekayəsi desək daha dəqiq olar. Bu filmdə birincisindən daha çox erotik səhnə olmasına rəğmən, sevginin tamaşaçıya ötürülməsi də daha güclü olduğundan birinci qədər qıcıq oyatmır.

“Qaranın əlli çaları”nda Christian Grey'in münasibətlərdə dominant olmağının səbəbi daha da aydınlaşır. O uşaqlıqdan zorakılıq görüb, bədəni siqaret kötüklərinin yara izləri ilə doludur və buna görə qadınların ondan asılı olmasına, onun seksual fantaziyalarına boyun əyməsinə çalışır. Anastasiya isə “itaətkar” olmaqdan boyun qaçırır və Grey'in bu “xəstəliy”inin səbəblərini araşdırır. Əslində bu filmdə birbaşa olmasa da, dolayısı ilə bizim cəmiyyətlə də səsləşir. Belə ki, kişinin istər ikili, istərsə də seksual münasibətlərdə dominant olmaq istəməsinin səbəbləri kimi onun uşaqlıq travmaları göstərilir. Grey bu vərdişindən uzaqlaşmaq istəsə də, keçmişi qarabasma kimi onu izləyir. Filmdə Elena Lincholnun (Kim Bassinger) görünməyi və Grey'lə üzləşməyi buna misaldır. Elena Christiana ilk dəfə seksi öyrədən, həm də ona cinsi həyatda zorakılıq tətbiq edən bir qadındır.

Buna da bax: Erotik filmin treyleri etirazla qarşılandı - Video

Leila Villiyams'ın (Bella Heathcote) filmə daxil olmağı ilə onsuz da qarışıq olan vəziyyət bir az da qəlizləşir. Anastasiya Leilada öz gələcəyini görür. Hətta Elena da ona tezliklə Christianın qarşısında kölələşəcəyi ilə bağlı fikirləri təlqin edir. Ancaq Anastasia öz sevgisinə inanır və axıra qədər mübarizə aparır. Filmin sonlarına Anastasia axır ki, Chrisitanı həm yataqda, həm həyatda özünə tabe edir, Christian onun qarşısına diz çökərkən, eyni zamanda öz sadizm istəklərindən üz döndərdiyi də düşünülə bilər. Və bu məqamdan sonra hər şey aydın olur, Christian Anastasiaya evlilik təklif edir və film cütlüyün evlənmə qərarı ilə bitir.

Bu film seriyası böyük tənqidlərə məruz qalsa da, bir çoxları bu filmləri böyüklər üçün “Ağ atlı şahzadə” nağılı adlandırır. Əslində müasir dövrün “Romeo və Culyetta”sı desək də yanılmarıq. Tənqidlərdən söz düşmüşkən bayaq da dediyim kimi, film ən çox erotik, sado-mazoxist səhnələrinə görə tənqid atəşinə tuş gəlib. Bununla yanaşı Dacota Johnsonun filmdəki performansı da tamaşaçıların və tənqidçilərin xoşuna gəlməyib. “Qaranın əlli çaları”nda da Johnsonun rolunun öhdəsindən yaxşı gələ bilmir. Həmçinin geniş yayılmış bir fikir var ki, “kitabların filmə çevrilməyi adətən uğursuz olur”. Bu film də bu deyimi təsdiqləyir. Düzdür, 600 səhifəlik kitabı 118 dəqiqəyə yerləşdirmək, oradakı hissləri, verilən mesajı birə-bir tamaşaçıya çatdırmaq elə də asan deyil. “Qaranın əlli çaları”nda da bəzi səhnələrin qısaldılması hekayənin gerçəklik payını azaldır. Rejissor Jemes Foley sevgi və ehtirasla yanaşı filmdə “action” səhnələri əlavə etmək istəsə də uğursuz olub. Məhz bu səhnələrin artıqlığı hiss olunur.

Bir də bu seriayadan müstəqil çəkilmiş və əslində “Bozun əlli çaları”nın pardoyası olan “Qaranın əlli çaları” filmi də var. Məhz bu film “Bozun əlli çaları”nın komik tənqidindən ibarətdir.

Filmi izləmək istəyənlərin diqqətinə çatdırmaq istəyirəm ki, “Qaranın əlli çaları”nın “İMDB” xalı 4,7-dir və bu elə də yüksək rəqəm deyil.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG