Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:30

Cəbhəçi fəalın işi məhkəməyə göndərilib


Fuad Əhmədli

«Həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin cinayəti işi ilə bağlı materiallar artıq Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib».

Bunu AzadlıqRadiosuna F.Əhmədlinin vəkili Əshabəli Mustafayev bildirib.

Vəkil deyib ki, məhkəmənin vaxtı və işə hansı hakimin baxacağı, hələlik, bəlli deyil.

Ə.Mustafayev ittiham aktını iki gün öncə aldığını və ittihamların əsassız olduğunu söyləyib: «Məhkəmədən ədalətli hökm gözləntimiz o qədər də çox deyil. Amma «ümid də ən sonda ölür» deyirlər. İttihamın əsassız və saxta olduğunu sübut edəcək qədər dəlillərə malikik. Amma məhkəmə bunları nəzərə alacaqmı?».

Dünən, martın 29-da F.Əhmədli ilə görüşdüyünü deyən vəkil onun səhhətində problemlər qaldığını bildirib.

Vəkilin deməsinə görə, o, bronxit-dən əziyyət çəkdir: «Adamı haqsız olaraq həbsə alıblar, bu əlavə psixoloji zərbədir».

XATIRLATMA

Fuad Əhmədli ötən il avqustun 18-də saxlanıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

F.Əhmədlinin ittihamları sonradan ağırlaşdırılıb. Əvvəlcə o, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham edilmişdi. Sonradan ittihamlar ağırlaşdırılıb və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verilib.

Cəbhəçi fəala verilmiş əvvəlki maddələrin birində iki, o birisində isə 3 ilədək həbs cəzası nəzərdə tutulurdu. Yeni ittihamların sanksiyasında isə 8 ilədək cəza var.

Müdafiə tərəfi ittihamları «əsassız» adlandırıb. AXCP isə bəyanat verərək bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib. Hazırda bu partiyanın 10-a yaxın üzvü həbsdədir.

Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG