Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Alov İnanna: 'İki növ insan var: ilanudan və oxlovudan'


Alov İnanna.
Alov İnanna.

Alov İnanna

Oxlov və ilan

esse

Hər birimizin bir oxlovu və bir də ilanı var: hər dəfə bunlardan birini udmuş oluruq: biz asılı olduqlarımız qarşısında ilanımızı, bizdən asılı olanlar qarşısında oxlovumuzu udmaq bacarığına və vərdişinə malikik.

Biz asılı olanda

İlan udub elastiki oluruq, hər cür əyilə, əyrilə və qıvrıla bilirik, su kimi hər səmtə üzüaşağı axa bilirik, sümüksüzləşirik.

Hər cür dəlmə-deşiyə girə bilirik.

Qabıq dəyişdirməkdə mahir oluruq.

Sürünməkdən utanmırıq; özümüz sürünsək də, təki işimiz yerisin.

Qıvrılmaqdan, əyrilməkdən utanmırıq, təki işlərimiz düz olsun. Qıvrıla-qıvrıla, əyrilə-əyrilə işlərimizi düzəldirik. Qıvrılmasaq, əyrilməsək işlərimiz əyrilər.

İşlərimiz əyriləndə udduğumuz ilanın özünə çevrilirik: ilan-ilan ayaqlara dolaşırıq, sancmağa topuq gəzirik: “Biri bizi tapdalasaydı…”

İşlərimiz əyriləndə zəhər tuluğuna dönürük: “Biri bizi bizləsəydi…”

Kölgə axtarırıq, daha doğrusu, kölgəsalan axtarırıq. Kölgəsalanı sevməsək də, kölgəsini sevirik.

Canımız da qızmır onun-bunun kölgəsində, ona görə buz kimiyik, soyuqqanlıyıq. Heç kəsə ürək qızdırmırıq, heç kəsə canımız yanmır.

İlanudanın ağı-qarası, varlısı-yoxsulu, alimi-cahili, aşağısı-yuxarısı olmur.

“Ağ” ilan udan da, “qara” ilan udan da qabıqlarında eyni olmasalar da, xasiyyətlərində eyni olurlar. “İlanın nə ağı, nə qarası…”

Bizdən asılılar qarşsında

Oxlov udub dümdüz oluruq. Guya əyilməzik, sarsılmazıq.

Başımız göylərdə olur, ayağımız yerlərdə.

Gözümüz ayağımızın altını görmür.

“Vüqarlı”, “qürurlu”, “əlçatmaz”, “ünyetməz” oluruq.

“Hələm-hələm” bizi “görmək” olmur… “Lütf” edirik, bizi “görürlər” – “hörmətkeşlərimiz”.

Həmişə dik yeriyirik, üzümüzə dikələnlərə ayaqlarımız cavab verir.

İlan udanda kölgə gəzirdik, oxlov udanda “günə çıxırıq”, “gün görürük”.

İlanudanlar kölgəmizə qaçırlar, daldada kölgəmizi qılınclasalar da.

Ağır oturub batman gəlirik, udduğumuz taxta oxlov kimi çəkimiz olmasa da.

Qarnıyoğun taxtabaşıq, amma başımıza and içərlər, yolumuzda baş qoyarlar.

Taxta kimi qupquruyuq, ürəksizik, amma neçə-neçə “ürəkli oğlanları” qabağımızda quruduruq.

Nida işarəsi kimi dayanırıq – qarşımızda Sual işarəsinə oxşayırlar.

İlan kimi dil çıxarırlar, əl-ayağa dolaşırlar, quyruğumuza dönürlər.

Ancaq

Daim oxlov udub gəzə bilməzsən, kimdən asılısansa, qarşısında ilan udub dayanmalısan.

Oxlovudmuşun qabağına oxlov udub çıxa bilməzsən, yoxsa oxlovunu sındırıb qoltuğuna verərlər.

Oxlovunu saxlamaq üçün ilanını yanında gəzdirməlisən.

Oxlovudmuşların yanında ilanudan olmasan, səni yol kimi elə tapdalayarlar ki, “özün öz yolun” olarsan. Səni yuxa kimi elə yayarlar ki, bu üzündən baxanda o biri üzün görünər.

İlanudanların yanında, yəni, səndən asılı olanların yanında da oxlovudan olmasan, səni qurbağa kimi diri-diri udarlar. Səni elə çalarlar ki, panzəhrin tapılmaz.

Nə zaman Oxlov, nə zaman İlan udmaq lazım gəldiyini bilmirsənsə, bu cəmiyyətdə yaşaya bilməzsən.

7.01.2009

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG