Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:41

Fuad Əhmədlinin işi məhkəməyə gedir


Fuad Əhmədli

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Fuad Əhmədli ilə bağlı cinayət işinin materialları ilə tanış olduq. İndi işin məhkəməyə getməsini gözləyirik».

Bunu AzadlıqRadiosuna F.Əhmədlinin vəkili Əshabəli Mustafayev bildirib.

O qeyd edib ki, cinayət işi iki cilddən ibarətdir. Amma bunun çoxunun birbaşa cinayət işinə aidiyyəti yoxdur: «Bu iki cildin demək olar ki, birinin yarısı qanunlardan çıxarışlara həsr edilib. Qalan yarısı bizim məhkəmə qərarlarından verdiyimiz şikayətlərə, qaldırdığımız vəsatətlərə, axtarış zamanı Fuad Əhmədlinin evlərindən tapıldığı deyilən kitablara, disklərə aiddir. İkinci cildin yarısı şahid ifadələridir. Bunu deyə bilərəm ki, cinayət işinin materialları da şişirdilib, yəni, həcm çox görünsün deyə, yazıblar».

XATIRLATMA

Fuad Əhmədli ötən il avqustun 18-də saxlanıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Fuad Əhmədlinin ittihamları sonradan ağırlaşdırılıb. Əvvəlcə o, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham edilmişdi. Sonradan ittihamlar ağırlaşdırılıb və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verilib.

Cəbhəçi fəala verilmiş əvvəlki maddələrin birində iki, o birisində isə 3 ilədək həbs cəzası nəzərdə tutulurdu. Yeni ittihamların sanksiyasında isə 8 ilədək cəza var.

Müdafiə tərəfi ittihamları «əsassız» adlandırıb. AXCP isə bəyanat verərək bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib. Hazırda bu partiyanın 10-a yaxın üzvü həbsdədir.

Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG