Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:00

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıb bir neçə saat saxlanan jurnalist Aytac Əhmədovanın şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılacaq.

Məhkəmədən jurnalistə göndərilən məktubda şikayətin icraata qəbul edildiyi bildirilir.

Jurnalistin vəkili Zibeydə Sadıqovanın bildirdiyinə görə, sözügedən işdə milli müdafiə vasitələri - prokurorluq və məhkəmələr A.Əhmədovanın şikayətini qanuni araşdırmayıblar:

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“Aytac Əhmədova heç bir qanuni əsas, ön xəbərdarlıq, çağırış olmadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Onu saatlarla idarədə saxlayıblar, sorğu-sual ediblər. Bu qanunsuz hərəkətə hüquqi qiymət verilməsi üçün ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişdik. Təəssüflər olsun ki, prokurorluq, yerli məhkəmələr jurnalistin hüquqlarının pozuntusuna qanuni hüquqi qiymət vermədi”.

Vəkil A.Əhmədovanın polisdə çək-çevir edilməsinin jurnalistin əməkdaşlıq etdiyi deyilən Meydan.tv internet televiziyasının vəzifəli şəxsləri ilə bağlı Baş Prokurorluqda cinayət işi açılması ilə əlaqəli olduğunu qeyd edib.

Vəkil jurnalistin hansısa aidiyyatı olmayan cinayət işi ilə bağlı sorğu-sual edilməsinin qanuni əsasının olmadığını bildirib.

Buna da bax: Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir

Vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr A.Əhmədovaya münasibətdə Avropa Konvensiyasının 3-ci maddəsini (İşgəncənin qadağan olunması) pozublar. Bundan başqa, ölkə daxilində Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (İfadə azadlığı) və 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verildiyi bildirilir.

Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.

Buna da bax:​ Xanım jurnalistlərin “Bandotdel”də gördükləri

Xatırlatma

Jurnalist A. Əhmədovanı 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 5 saat saxlamışdılar. O zaman jurnalisti yaşadığı mənzilə aparmış, kompüterini götürmüş, sorğu-sual edilmişdi.

A. Əhmədovanın saxlanması xaricdən yayımlanan Meydan TV ilə bağlı açılmış cinayət işi ilə izah edilmişdi.

Sözü gedən cinayət işinin 2015-ci ildə açıldığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG