Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:57

Martın 14-də Parisdə, Yelisey Sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Fransa dövlət başçısı François Hollande-nin görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparıldığı bildirilir.

Bundan sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.

«Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu» imzalanıb.

Habelə, Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan arasında kredit müqaviləsi də bağlanıb.

Bundan başqa, iki ölkə arasında dövlət xidmətlərinin göstərilməsi, innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahəsində də əməkdaşlıq sazişi imzalanıb.

Daha sonra dövlət başçıları mətbuata birgə bəyanatlar veriblər.

«STATUS-KVO DƏYİŞDİRİLMƏLİ VƏ MÜNAQİŞƏYƏ SON QOYULMALIDIR»

Prezident İlham Əliyev deyib ki, Fransa Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir.

Azərbaycan bu səyləri yüksək qiymətləndirir:«Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, Ermənistan qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meylli deyil».

İ.Əliyev vurğulayıb ki, tezliklə status-kvo dəyişdirilməli və münaqişəyə son qoyulmalıdır.

Prezident İlham Əliyev martın 12-də Fransaya gedib. O, bu gün, martın 14-də Fransa prezidenti François Hollande-dən başqa, Senatının rəhbəri və Milli Assambleyanın rəhbəri ilə də görüşüb. Martın 13-də isə Azərbaycan prezidenti İlham Əliyev bir sıra beynəlxalq şirkət rəhbərləri ilə bir araya gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG