Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 07:20

«Bir həftədir əlimizdə pul gəzirik, uşağın təhsil haqqı üçün xaricə pul köçürə bilmirik», –Bakı sakini Samirə Məmmədli AzadlıqRadiosuna deyir. O, artıq dördüncü gündür ki, Budapeştdə təhsil alan oğluna 1500 avro göndərməyə çalışır. Deyir ki, hər dəfə təhsil haqqını maneəsiz köçürüblər, sadəcə, onlardan hesab-faktura tələb olunub.

S.Məmmədli artıq bir neçə banka baş çəkib: «Bizdən gah universitetlə müqavilənin imzalı möhürlü əslini istəyirlər, gah 21 yaşlı adamın yaş kağızını tələb edirlər ki, doğrudanmı, valideynik, ya yox. Axırda da deyirlər ki, 500 avrodan artıq köçürə bilməzsiniz bir dəfəyə. Təhsil haqqı 1500 avrodursa, necə 500 avro köçürə bilərik? Universitetlə müqavilə nəyə lazımdır? Oradan göndərilmiş hesab-faktura əsasında köçürürük də pulu».

«4 İL ƏVVƏL BAĞLANMIŞ MÜQAVİLƏNİ TƏLƏB EDİRLƏR»

Müsahibimiz deyir ki, onların hesabı Beynəlxalq Bankdadır, hər zaman da burdan köçürüblər, ancaq indi onlardan 4 il öncə bağlanmış müqaviləni tələb edirlər: «Müqaviləni tapa bilmirik, əslində, heç vaxt bizə lazım olmadığından başısoyuq yanaşmışıq bu sənədə. Bankda deyirəm ki, axı, hər zaman sizdən bu hesaba pul köçürmüşəm, dəyişən bir şey yoxdur, yenə də eləmirlər».

Buna da bax-İndi gündə ancaq min, ayda 10 min dollar köçürmək olar [video]

S.Məmmədlinin sözlərinə görə, 7-8 bank gəzsələr də, hamısı müqavilə tələb edib, nəhayətində universitetlə müqaviləni tapıblar, amma indi sonuncu müraciət etdikləri bank sənədləri Mərkəzi Banka göndərib ki, təsdiqlənsin.

YENİ QAYDALAR SƏNƏD TƏLƏB EDİR, AMMA...

Ötən ilin noyabrından xaricə pul köçürülməsi ilə bağlı şərtlər sərtləşdirilib. Yeni qaydalara görə, hüquqi şəxslər yalnız əsaslandırırlarsa, xarici valyutada pulköçürmə gerçəkləşdirə bilərlər. Fiziki şəxslərinsə haraya və nə üçün pul göndərdiklərini əsaslandıra bilməzlərsə, aylıq 10 min dolları aşmamaqla, gündə maksimum min dollar köçürməsinə icazə verilir.

Fiziki şəxslərin xaricə pul köçürülməsi üçün konkret hansı əsaslandırma tələb olunur?

AzadlıqRadiosunun əməkdaşı müştəri kimi bir neçə banka müraciət edib, xaricə limiti aşan məbləğdə pul köçürmək istədiyini bildirib və hansı sənədlərin gərəkdiyini aydınlaşdırmağa çalışıb. Müraciət edilən bəzi banklardan «hesab-faktura olarsa, kifayətdir», - deyiblər. Bəziləri təhsil müəssisəsi ilə müqavilə də tələb edib. «Bank Respublika»da bildiriblər ki, hesab-faktura təqdim edilməlidir. Onu da əlavə ediblər ki, hesab-faktura olarsa, 50 min dollara qədər vəsaiti xarici hesaba köçürmək mümkündür.

Dollar

Dollar

«YAXIN QOHUM BİRDƏFƏYƏ 10 MİN KÖÇÜRƏ BİLƏR»

Adının çəkilməsini istəməyən bir bank əməkdaşının sözlərinə görə, yeni qaydalardan sonra artıq şəxs öz hesabından xaricdəki hesabına pul göndərə bilməz: «Artıq öz hesabına pulköçürmə yoxdur, bunu kimsə limit çərçivəsində edə bilər, yəni günə 1000 dollar, ayda 10 min dolları aşmamaq şərtilə. Ancaq birinci dərəcəli qohumların, yəni ər, ya arvad, bacı-qardaş, oğul-qız və ya nənə-babanın hərəsinin 10 min dollar olmaqla birdəfəlik pul göndərməsi mümkündür. Bizdə olub ki, birinci dərəcəli iki qohum tərəfindən 20 min dollar bir gündə bir adamın xarici hesabına köçürülüb».

«ƏSAS HESAB-FAKTURADIR»

Müsahibimiz deyir ki, əgər pulun xaricə köçürülmə təyinatı barədə hesab-faktura varsa, məbləğin əhəmiyyəti yoxdur, bank bu köçürmə əməliyyatını aparır: «Tutalım, xaricdə əməliyyat üçün pul köçürüləcək. O zaman xəstəxanadan hesab-faktura tələb olunur, bu, 100 min olsa belə, köçürülür. Ancaq hesab-fakturada göstərilən məbləğdən artıq köçürməyə ixtiyarımız yoxdur».

Onun sözlərinə görə, əgər məbləğ kiçikdirsə, o zaman onlayn hesab-faktura formasını da qəbul edirlər, ancaq köçürüləcək məbləğ böyük olduqda, xaricdəki müəssisədən alınmış hesab-faktura tələb olunur.

Bank əməkdaşı onu da vurğulayır ki, müştərinin pulköçürmə əməliyyatı şübhə doğurarsa, bu zaman Mərkəzi Banka həmin şəxsin sənədlərinin yoxlanması ilə bağlı müraciət edirlər.

Bank

Bank

«ƏSASLANDIRMA» VARSA...

Beynəlxalq Bankdan AzadlıqRadiosuna verilən məlumata görə, «əsaslandırma» varsa, müştəri çətinliklə üzləşmir. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli deyir ki, xaricə pul köçürmələr ötən ilin noyabrında Mərkəzi Bankın təsdiqlədiyi «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»na əsasən tənzimlənir: «Bu qaydalara görə, belə ödənişlər bank hesabları üzrə aparılır və köçürmə zamanı təsdiqedici sənəd kimi tərəflər arasında bağlanmış müqavilə, ödənişin təyinatını, məbləğini təsdiqləyən hesab-faktura və ya elektron kommersiya bildirişi banka təqdim olunur».

Y.Cəfərli deyir ki, xaricdə ev-alqı satqısı da mümkündür, bundan ötrü daşınmaz əmlakın yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun «mülkiyyət və başqa hüquqlarla bağlı ödənişlər üzrə köçürmələr də bu qaydalar əsasında tənzimlənir və müvafiq təsdiqedici sənədlər əsasında gerçəkləşdirilir».

Qaydalarda «təsdiqedici sənədlər» dedikdə, nə nəzərdə tutulur? Mərkəzi Bank, hələ ki, AzadlıqRadiosunun bu sualını cavablandırmayıb.

«SƏNƏDLƏR KONKRET GÖSTƏRİLMƏLİDİR»

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da fiziki şəxslərin bəzi bank köçürmələri ilə bağlı çətinliklə üzləşdiyini təsdiqləyir. Onun sözlərinə görə, qaydalar daha konkret olmalıdır ki, bank əməliyyatçısı nə müştərini get-gələ salsın, nə də müştəri vaxt itkisi ilə üzləşsin: «Bu qaydalar SSRİ üsulundadır. O vaxt SSRİ dövründə də valyuta rejimi belə tənzimlənirdi, ancaq indi ölkədə bir bank yox, onlarla bank var».

Ə.Həsənov ölkədən valyuta daşınmasının qanuni yollarla aparılmasını alqışlanası hal sayır, ancaq vurğulayır ki, bu, vətəndaşa süni əngəllər yaradılması hesabına olmamalıdır. Ekspertin fikrincə, gərəkən sənədlər konkret göstərilməlidir, ümumu sözlərlə yox: «Hər bank özünə görə sənəd tələb edə bilməz, biri hesab-faktura ilə kifayətlənir, digəri müqavilə tələb edir. Hansı əməliyyata hansı sənədin tələbi bütün banklarda eyni olmalıdır ki, müştəri də bankları gəzməli olmasın».

Günün bütün mövzuları

XS
SM
MD
LG