Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:51

Ölkədən buraxılmayan jurnalistin işi Avropa Məhkəməsində


Natiq Cavadli

Ölkədən çıxışına yasaq qoyulan jurnalist Natiq Cavadlının şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılacaq. Məhkəmədən jurnalistə göndərilən məktubda şikayətin icraata qəbul edildiyi bildirilir.

Jurnalistin vəkili Zibeydə Sadıqovanın bildirdiyinə görə, sözügedən işdə yerli məhkəmələr Natiq Cavadlının şikayətini qanuni araşdırmayıblar.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“2 ildir heç bir qanuni əsas olmadan onun ölkədən çıxışına qadağa tətbiq edilib. Bu qadağanın aradan qaldırılmasından ötrü ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişdik. Təəssüflər olsun ki, yerli məhkəmələr bu qanunsuz qadağanın ləğv olunması yönündə qərar vermədi”, deyən vəkil ölkədən çıxış qadağasının N.Cavadlının əməkdaşlıq etdiyi deyilən meydan.tv internet televiziyasının vəzifəli şəxsləri ilə bağlı Baş Prokurorluqda cinayət işi açılması ilə əlaqələndirilib.

Həmin cinayət işi üzrə prokurorluqda ifadəsi alındıqdan sonra jurnalistin ölkədən çıxışına yasaq tətbiq edilib.

Vəkil hansısa cinayət işi üzrə ifadəsi alınan şəxsə belə bir məhdudiyyətin tətbiqinin heç bir əsasının olmadığını deyir.

Buna da bax: Məhkəmə jurnalistin şikayətini təmin etmədi

Vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr N.Cavadlıya münasibətdə Avropa Konvensiyasının 4 saylı protokolunun 3-ci maddəsini (Hərəkət etmək azadlığı hüququ) pozublar. Bundan başqa, ölkə daxilində Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verildiyi bildirilir.

Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.

Meydan TV ilə əməkdaşlıq etdiyi söylənən daha bir neçə jurnalistin də ölkədən çıxışına yasaq qoyulduğu deyilir.

Buna da bax:​ Jurnalist Natiq Cavadlı dindirilib

Xatırlatma

Sözü gedən cinayət işinin 2015-ci ildə açıldığı bildirilir.

Ötən il Meydan TV-nin rəhbəri Emin Milli bu məsələlərlə bağlı bunları bildirmişdi:

«Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

E.Milli bildirib ki, Meydan TV direktoru olaraq qanunsuz fəaliyyətlə məşğul deyil. Bütün maliyyə hesabatları vaxtaşırı Meydan TV-nin fəaliyyət göstərdiyi ölkənin qurumlarına təqdim olunur.

Buna da bax: Ilham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı (Yenilənib)

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG