Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 07:20

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov xuliqanlığa görə həbs edilən jurnalist, Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqovu yenidən məhkəməyə verib.

İcra başçısı jurnalistin böhtana görə də mühakimə olunmasını istəyir.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, icra başçısının təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətdə qeyd olunur ki, Ə.Sadıqovun məqalələrində və açıqlamalarında ona yönəlik böhtan məzmunlu ifadələrə yol verilib.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar' Əfqan Sadıqova azadlıq istəyir

İcra başçısı məhkəmədən tələb edib ki, jurnalist Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsinə əsasən məsuliyyətə cəlb edilsin.

Məhkəmə hazırlıq iclası martın 7-nə təyin edilib. Ancaq bu haqda məlumat vəkilə və jurnalistin ailəsinə martın 8-də çatıb. Onlar prosesə qatıla bilməyib.

E.Sadıqov xüsusi ittiham qaydasında şikayətin qanuni olmadığını, məhkəməyə etiraz təqdim edəcəklərini, işə ədalətli baxılarsa ittihamın rədd edilməli olduğunu ifadə edib.

Buna da bax: Jurnalistin son sözündən: 'Peşmanam. Ona görə ki...'

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Buna da bax:​ Cəlilabadda sahibi həbs olunan kimi sayt da yoxa çıxdı

Cəlilabad rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Əfqan Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Əfqan Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilib.

Hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloqqerin həbsdə olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG