Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 21:06

Sevinc Elsəvər: 'Bu nə qəribə kişi həmrəyliyiydi'


Belaruslu rəssam Vera Hotsinanın əsəri.

"Tofiq Əsməri küçədə, qardaşı Raufun onu Tofiqlə ilk dəfə gördüyü həmin o yerdə vurmuşdu. Əlində dönər bıçağı ilə gəlmişdi. Əsmər həkimə gedirdi. Deyəsən hamilə qalmışdı. Şübhələrinin dəqiqliyini yoxlamadan hələ heç kimə bir kəlmə deməmişdi".

Sevinc Elsevər

Dönər bıçağı

Yazıçı Sevinc Elsevər.
Yazıçı Sevinc Elsevər.

Tək qalanda adını vicdan əzabı qoyduğu qəribə hiss çökürdü Əsmərin üstünə. Amma qırılan qürurunun ağrısı o qədər çox idi ki, vicdanının verdiyi ağrı hissinə üstün gəlirdi. Özü ilə bacarmırdı. Tofiqdən aldığı təhdid, hədə də onu gah acığa, gah da qorxuya salırdı. Tofiq onu öldürüb türməyə girəcəyi ilə hədələyirdi. Gah atası evinə zəng eləyir, gah ortaq tanışlarından Əsmərə söz çatdırırdı. Amma Əsmər dirənib durmuşdu. Dediyi sözdən bir addım da geri çəkilmirdi. Ər evindən pılını-pıltını yığıb ata evinə gəldiyi gün qardaşının arvadının qulağına nə pıçıldamışdısa, həmin sözünün üstündə də durmuşdu. Tofiq həmin gündən adam içinə çıxa bilmirdi. Hirsindən zəncir çeynəyir, and içir, aman eləyirdi, yenə xeyri yox idi. Adamların şübhəli baxışlarından, kürəyinin arxasında “xıs-xıs” gülməklərindən yaxa qurtara bilmirdi. Artıq universitetin yeməkxanasında da , məhlələrində yoldaşları da ondan uzaq durmağa başlamışdılar. Tofiq demək olar ki, tək qalmışdı. Nə danışmağa, nə dərdləşməyə kimi-kimsəsi qalmamışdı. Doğma qardaşı da onunla yuxarıdan aşağı danışır, gözümçıxdıya salırdı.

Əsmər əlində çamadanı ata evinin qapısına dayananda qapını qardaşının arvadı açmışdı. Qardaşı arvadı Xumarla onunku heç tutmurdu. Evlərinə gəlin gələn gündən Xumarın danlağı Əsmərin ömrünü –gününü göy əskiyə bükmüşdü. Anası öləndən sonra atası evlənməmişdi, uşaqları ögey ana əlindən “zülüm görməsinlər” deyə evinin qapısından başqa bir qadın salmamışdı. Anası öləndə Əsmər cəmi 15 yaşında idi. Onda o, başını iki əlləri ilə tutub ağlayan atasına yaxınlaşmış, gözünün suyunu axıda-axıda “İndi mənim də ögey anam olacaq, ay ata? ” –deyə soruşmuşdu. Hələ balaca olanda televizorda “Göyçək Fatma” adlı bir cizgi filminə baxmışdı. Orda görmüşdü ögey ana Göyçək Fatmanın başına nə oyunlar açır. Anası dünyadan köçən kimi Əsmərin ürəyini ögey ana qorxusu bürümüşdü. Onda atası 15 yaşlı qızını köksünə sıxıb heç vaxt evlənməyəcəyinə, Əsmərə ögey ana gətirməyəcəyinə dair söz vermişdi. Qardaşı Rauf əsgərlikdə idi. Dəfndən bir gün sonra gəlmiş, on gün qalıb anası üçün bol-bol göz yaşı axıtmışdı, sonra yenidən əsgərliyə qayıtmışdı.

Buna da bax: Burda tumsatan Sayalı oturardı

Əsmərə ögey ananı atası yox, qardaşı gətirdi. Qardaşı arvadı Xumar elə deyingən, vasvası, qəddar bir qadın çıxdı ki, Əsmər Göyçək Fatmanın anasına “şükür” dedi. Zalım çıxan qaynanalar, baldızlar qızların uşaqlıqdan bəri ürəklərinə saldığı “ögey ana” kabusuna oxşayırdı. Əsmərgildə əksinə olmuşdu.

Qızın oxuduğu universiteti də yarımçıq atıb ərə getməsinə səbəb qardaşı arvadı Xumar oldu. Neçə dəfə ağzını açıb qardaşına şikayətlənmək istəmişdi, amma hər dəfə qardaşı arvadıyla söhbət eləmək əvəzinə, dava salmışdı. Hər davadan sonra da Xumar Əsməri günahlandırmış, onu “ailə dağıdan baldız” kimi ittiham eləmişdi.

Əsmər Xumardan qurtuluş yolunu ərə getməkdə görmüşdü. Universitetlərinin bufetində dönər satan Tofiq ona göz verib işıq vermirdi. Harda gördü söz atırdı, gah başqa qrupun qızlarından söz göndərirdi, gah dalınca düşürdü. Qruplarında oxuyan oğlanların da hamısı Tofiqlə yaxın dost idilər. Tofiq tələbələrə nisyə dönər paylaya-paylaya hamısının hörmətini qazanmışdı. Əsmərə Tofiqin nişanlısı kimi davranırdılar. Kim Əsmərin adını çəksə, ağzından vurub deyirdilər: “O qız sənlik deyil. Tofiqin istədiyidi. Yoxsa dönər bıçağını soxar bir yerinə...”

Əsmər özü istəməyə-istəməyə dönüb olmuşdu Tofiqinki. Bu nə qəribə kişi həmrəyliyidi, o, başa düşə bilmirdi. Niyə bunlar hamısı cəm olub Əsməri Tofiqə vermək istəyirlər? O, bu barədə düşünür, hirslənir, atılıb-düşürdü. Qrupdakı qızlar belə Əsmərə söz atırdılar. Əsmər səhərdən –axşama qədər ac qalsa, acığından bufetə girmirdi ki, Tofiqlə üz-üzə gəlməsin. Amma yenə də Tofiqi zorla ona yamaq edirdilər.

Bir dəfə də Tofiq üzə salıb Əsmərin dalınca ta məhlələrinə qədər gəldi. Əsmər səsini başına atıb qışqıra da bilmirdi ki, diqqət çəkməsin. Görənlərə bu oğlanla arasında bir şey olmadığını sübut eləyə bilməyəcəyini bilirdi. Başını aşağı salıb addımlarını yeyinlətməyə çalışırdı, amma nə qədər tez yerisə də, Tofiq ona çatırdı. Böyründə gedə-gedə üyüdüb tökürdü. Qardaşı Rauf onları bir yerdə görəndə isə, Əsmərə heç ağzını açmağa da icazə vermədi. Üstünə qışqırdı ki, evə getsin. Özü isəTofiqlə küncə çəkildi.

Buna da bax: Sevinc Elsevər. Allahdan pul istəməyə utanıram

Rauf evə qayıdanda atasına Əsmərin istədiyi oğlanı tanıdığını, yaxşı, sözünün üstündə dayanan, qorxmaz bir oğlan olduğunu, yaxın günlərdə Əsmərə elçi göndərəcəyini danışırdı. Əsmərin gözləri kəlləsinə çıxmışdı. Onun yerinə taleyini həll edirdilər.

Əsmər qurbanlıq quzu kimi səssiz-səmirsiz Tofiqin qoluna girib getdi. Onu hər tərəfdən sıxışdırmışdılar. Qardaşının arvadı, qardaşı, atası, qruplarında oxuyan qızlar, oğlanlar, əli bıçaqlı dönərçi Tofiq.

Tofiqi dəfələrlə başqa qadınlarla tutmuşdu. Gah telefonunda yazışmalara rast gəlirdi, gah müxtəlif qadın şəkillərinə. Tez-tez onun qulağına çatdırırdılar ki, ərini filan yerdə, bəhmən yerdə qızla görüblər. Amma Tofiqi öz yataqlarında başqa bir qadınla bərabər görəndən sonra Əsmər tab eləyə bilməmişdi. Əşyalarını yığıb əzazil Xumarın yanına qayıtmışdı. Xumar ona ağıl, öyüd-nəsihət verəndə, “ərindi, ər adamı döyər də, söyər də, lap gəzər də” deyəndə, Əsmər elə bir bəhanə gətirmişdi, Xumarın belə gözü kəlləsinə çıxmış, ta deməyə söz tapmamışdı. “Tofiqi kişi ilə tutdum! Dünya-aləm dağıla qayıtmayacam! Ondan iyrənirəm!”- Əsmər demişdi.

Əsmər Tofiqdən iyrənməyinə iyrənirdi. Tofiq heç xəyanət etməsəydi də, Əsmər ondan iyrənirdi. Onun hər axşam evə gətirdiyi yağlı, yanmış ət iyi verən xalatlarından da iyrənirdi. Daha qızarmış ət qoxusu da Əsmərin ürəyini bulandırırdı. Tofiqin yağlı boynu, tər iyindən yaxın düşmək mümkün olmayan pal-paltarları onun ətini çimçəşdirirdi. Sadəcə ayrı əlacı yox idi, dözürdü.

Bilirdi ki, evdəkilərə desə ki, Tofiqi başqa bir qadınla tutdum, onu yenə də ər evinə qayıtması üçün zorlayacaqlar. Adi xəyanət “iyrənirəm” deyə bilmək üçün ciddi bir əsas olmayacaqdı. Ona görə də Əsmər məsələni lap kökündən həll eləmək istəmişdi. İllərdi Tofiqdən gördüyü zülmün, təhqirlərin acığını çıxmaq üçün şər atmışdı. Bilirdi ki, o cür kişilərə cəmiyyətdə münasibət necədi. Bilirdi ki, bu söhbətdən sonra nə atası, nə qardaşı Əsməri Tofiqin yanına qayıtmağa məcbur etməyəcək.

Bir yandan da Əsmərin qüruru xəyanəti qaldıra bilmirdi. Bu yalan özünün də xoşuna gəlirdi. Ona elə gəlirdi ki,Tofiqin ona başqa bir qadınla xəyanət etdiyini başqaları - lap elə Xumar biləndə ürəyində sevinəcək; axı onun qadınlıq qüruru da var idi. Və o qürur ayaqlar altına düşmüşdü, Tofiqi sevməsə də, qüruru onu incidirdi. İndi Əsmərin qüruru köksündə bir yara kimi idi. Hərdən uydurduğu böhtana özü də inanırdı. Rəqibinin bir qadın olmağı, o qadınla yarışmağı, özünü onunla müqayisə etməyi onu incidirdi. Düşünəndə ki, ərinin qucağında gördüyü qadın yox, doğrudan da kişi olsaydı necə hiss edərdi?! Bunu təsəvvür belə edə bilmirdi. Amma özü də bir şeyin fərqində idi: qəlbinin dərinliklərində arzulayardı ki, Tofiqin onların yataqlarına saldığı adam qadın yox, kişi olaydı. Əsmər bütün bunları özündən də gizli düşünürdü.

Əsmər Tofiqin hədələrindən qorxurdu. Amma bilirdi ki, sözünü dansa, ərinin evinə qayıtsa, günü daha betər olacaq. Atasının, qardaşının gözünə Tofiqin xəyanət eləməyi görünməyəcək. Atasının, qardaşının, hətta evdəki gəlinlərinin fikrincə kişi gəzər. Amma arvadını atmamaq şərtilə. Kişinin xəyanəti xəyanət sayılmırdı, əyləncə, “ağzının dadını dəyişmək” sayılırdı. Əsmər təki xoruzum xoruz olsun, özgə qapılarda banlasın deyən gəlinlərinin ağzından elə vurmuşdu ki, qırxdilli Xumar belə bir kəlmə söz tapmamışdı deməyə.

Tofiq Əsməri küçədə, qardaşı Raufun onu Tofiqlə ilk dəfə gördüyü həmin o yerdə vurmuşdu. Əlində dönər bıçağı ilə gəlmişdi. Əsmər həkimə gedirdi. Deyəsən hamilə qalmışdı. Şübhələrinin dəqiqliyini yoxlamadan hələ heç kimə bir kəlmə deməmişdi. Tofiq maşınından düşüb onun burnunun qabağında elə qəfil bitdi ki, Əsmər elə sandı günün-günorta çağı bu əli bıçaqlı adam yerin təkindəki cəhənnəmdən çıxdı. Tofiq Əsmərə danışmağa, bir kəlmə söz deməyə də imkan vermədən dönər bıçağını qızın böyrünə soxdu. Heyvan yağıyla qarışmış insan qanıTofiqin ayaqqabılarına damladı. O bıçaqda Tofiqin balasının da qanı vardı.

Əsmərmavi səmaya, ağ-ağ buludlara, parlayan günəşə son dəfə baxdı... Ona elə gəldi ki, dünya təkcə onun üçün fırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG