Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

İlham Əliyev: 'Qələbələr tək hərb yolu ilə təmin edilmir'


İlham Əliyev

«Azərbaycanın Avropa dövlətləri ilə siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq münasibətləri formalaşıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, xalqımızın zəngin mədəniyyəti qitə dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafında əhəmiyyətli yer tutur».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin 5-ci qurultayına ünvanlanmış müraciətində belə yazılır.

Müraciətdə Azərbaycan-Avropa əlaqələrinə diqqət yönəldilir, Avropa ölkələr ilə birgə reallaşdırılan layihələrdən danışılır. «Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat infrastrukturunun yaradılmasında müstəsna rol oynayır. Ölkəmiz həm də mədəniyyətlərarası dialoqun, multikulturalizm və tolerantlığın təşviqinə, qlobal humanitar problemlərin həllinə sanballı töhfələr verir. Müasir Avropa mədəniyyətinə və dəyərlər sisteminə yeni çalarlar qatır», - prezident qeyd edir.

Ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulayıb ki, onun beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşıda duran ən mühüm ümummilli vəzifədir.

Prezident qeyd edib ki, müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. «Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər», - prezident müraciətində bildirib.

XATIRLATMA

Fevralın 27-də Niderlandın Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin 5-ci qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, qurultaya Avropanın 27 ölkəsindən 91 nümayəndə iştirak edib.

Qurultay iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsindən və 25 il öncə 600-dən çox insanın qətli, mindən də çox insanın əsr götürülməsi ilə nəticələnən Xocalı faciədən bəhs edilir.

Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində təsis olunub.

Təsis konfransında dünyanın 28 ölkəsindən 264 nümayəndə qatılıb. Konfransda Rusiya, Ukrayna, Belarus, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, Polşa, Estoniya və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri iştirak etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG