Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:12

Kredit Allahşükür və Cavanşir Paşazadələrin ailə üzvlərinə verilib


Allahşükür Paşazadə.

Kredit klinikanın aid olduğu "Aygün C" MMC-nin təsisçilərinə - Allahşükür və Cavanşir Paşazadələrin ailə üzvlərinə verilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və qardaşı - deputat Cavanşir Paşazadənin ailə üzvlərinin keçmiş biznes ortağı Müğdət Həşimovun vəkili Elçin Sadıqov ona bəraət tələb edir. Vəkil deyir ki, ilyarımdır həbsdə olan Müğdət Həşimovun heç bir günahı yoxdur, onu şərləyib həbs elətdiriblər.

Elçin Sadıqov bu haqda fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə çıxışında danışıb.

Buna da bax:​ Paşazadələrin şərikinə 11 il cəza istənildi

Ötən məhkəmə iclasında prokuror Müğdət Həşimovun günahının sübuta yetirildiyini deyərək, ona 11 il həbs cəzası istəmişdi. Həşimov Paşazadələrlə şərik olduğu "Medi Sina" klinikasına avadanlıq alınarkən, dələduzluqda - köhnə avadanlığı yenisi qiymətinə göstərməkdə günahlandırılır.

Paşazadələrə verilən 693 min...

Elçin Sadıqov prokurorun çıxışından təəccübləndiyini bildirib: "Axı Müğdət Həşimovun şərləndiyi açıq-aşkar ortadadır. 2015-ci il iyunun 4-də - cinayət işi başlanmasına dair qərarda da yazılıb ki, avadanlıq alınmasına 693 min manat kredit götürülüb, 40 min manat da Müğdət Həşimov öz cibindən qoyub. Müğdət Həşimovun Ramazan Zeynalovdan 70 min manat alması haqda ittihamda yazılanlara gəlincə, hüquqlarını müdafiə etdiyim şəxs bunu inkar eləmir. O pul borc alınıb. Ancaq klinikanın fəaliyyəti dayandırıldığından, pulu ödəyə bilməyib".

Buna da bax: 'Paşazadələrin mənə elədiklərini ermənilər eləməzdi...'

Paşazadələrin yaxın adamı olan və "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalov "Medi Sina"nın direktorudur. O bu cinayət işində zərərçəkən kimi tanınıb. Halbuki vəkil Elçin Sadıqovun sözlərinə görə, müqavilə Paşazadə qardaşlarının ailə üzvləri ilə Müğdət Həşimov arasında bağlanıb.

Vəkil deyir ki, bankdan götürülmüş kredit klinikanın aid olduğu "Aygün C" MMC-nin təsisçilərinə - Allahşükür və Cavanşir Paşazadələrin ailə üzvlərinə verilib: "Bankdan MMC-yə ayrılan 693 min manat kredit təsisçilər - Paşazadə Pakizə Qənbər qızı, Əliyev Atiq İlyas oğlu, Əliyeva Kamilə Cavanşir qızı və Paşazadə Məhəmməd Allahşükür oğlunun adına 173 min manat olmaqla verilib. Yəni, MMC-nin hesabından pulu Həşimov götürməyib. Ona görə də MMC Həşimova qarşı heç bir halda zərərçəkmiş tərəf və mülki iddiaçı kimi tanına bilməz".

Adları çəkilənlər Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkənidir.

Buna da bax:​ «Allaşükür Paşazadənin qardaşı ilə bir yerdə gəldilər, dedilər bu ərazilər bizimdir...»

Vəkil bəraət istəyir

Klinikanın şərikləri ilə Həşimov arasında imzalanan birgə fəaliyyət haqqında müqavilədə göstərilir ki, Həşimov yalnız bankdan götürülən krediti klinikanın gəlirlərindən ödəməlidir: "Həşimov klinikadan çıxarılanadək bu öhdəliyini yerinə yetirib. Ramazan Zeynalov tərəfindən qaldırılmış iddiadan da görünür ki, müqaviləni də birtərəfli şəkildə o pozub".

Müdafiəçi deyir ki, Müğdət Həşimovu deputat Cavanşir Paşazadə və Ramazan Zeynalov hədələyib: "Cavanşir Paşazadə Həşimovu məcbur edib ki, 2018-ci ilədək öhdəliyi olan pulu banka təcili ödəsin. Əks halda, onu həbs etdirəcək. Bu məbləği də deyilən müddətdə ödəmək mümkün olmayıb".

Buna da bax:​ Paşazadələrlə şərikliyin sonu

Elçin Sadıqov prokurorun çıxışında Müğdət Həşimovun işindəki yüngülləşdirici halların, o cümlədən səhhətindəki problemlərin nəzərə alınmamasından da gileylənib. Müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyən vəkil çıxışının sonunda bir xahişini də dilə gətirib: "Xahiş edirəm, bəraət hökmü çıxarmasanız belə, yaşını, səhhətini nəzərə alıb, həbslə bağlı olmayan cəza verəsiniz".

Dövlət ittihamçısı Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Martın 2-dəki növbəti məhkəmə iclasında Müğdət Həşimov son sözünü söyləyəcək.

Buna da bax:​ Şeyxin qızı torpaq sahəsini zəbt etməkdə ittiham olunur

Xatırlatma

Müğdət Həşimov 2015-ci ilin avqustunda Paşazadələrlə şərikli klinikadan (“Medi Sina”dan) 193 min manatlıq avadanlığın çatışmaması üzündən, suçlanaraq həbs edilib. Ona CM-in 178-ci (dələduzluq), 179-cu (mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələriylə ittiham verilib.

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada «Birgə fəaliyyət haqqında» müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər «Bank VTB»dən 700 min manat götürüb Müğdət Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli, kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölüşdürülməliymiş.

Müğdət Həşimov məhkəmədə günahsızlığını, Paşazadələrin sifarişi ilə həbs olunduğunu iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG