Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 13:32

"Beləliklə bir gün, artıq dediyimiz kimi, bir gənc özünün dəliliyə vurdu, yəni özünü qəsəbədəki ruhi xəstələr kimi aparmağa başladı. Qışın ortasında o başını daz qırxdırdı, pencəyini astar tərəfə çevirib əyninə taxdı, sonra da sağ çəkməsini sol ayağına, sol çəkməsini isə sağ ayağına geyindi".

Vüqar Dəmirbəyli

HƏKİMİN OĞLU

Hekayə

(“Həkimin oğlu” hekayəsi 2007-ci ildə hekayələr toplusunda alman dilində çap olunub: Vougar Aslanov. Auf den Baumwollfeldern. Wostok Verlag, Berlin 2007)

Qəsəbədə həkimlər ən çox hörmət olunan və sevilən sənət sahibi idilər. Amma onların da içərisində sayılıb-seçilmişləri vardı və hamı çalışardı ki, məhz belə həkimlərə müraciət etsin. Bununla belə bir həkim də vardı ki, bütün ətrafda ən təcrübəli, təbabəti dərindən bilən bir adam kimi ad qazanmışdı.

Bu həkim artıq illər uzunu idi ki, qəsəbə əhlini müalicə edirdi. Ən təəccüblüsü isə burasındaydı ki, onun, elə bir texniki imkanları olmaya-olmaya, xəstələrə qoyduğu diaqnozu sonradan ən böyük şəhərlərdə, ən tanınmış xəstəxanalarda belə inkar edə bilmirdilər.

Bu həkim adətən xəstəni başqaları kimi uzun-uzadı müayinə etməzdi, amma o da əvvəlcə adamın ürəyinə qulaq asar, ciyərlərini dinləyər, dilinin və sifətinin rənginə diqqət edərdi. Bundan sonra isə diqqətlə xəstənin gözlərinə baxaraq, onun şikayətinə qulaq asar, axırda da ona necə müalicə oluna biləcəyini deyərdi. Onun nə vaxt öz diaqnozunu elan edəcəyini xəstənin yaxın adamları gərgin intizar içində gözləyər, bunu bir hökm kimi qəbul edərdilər. Həkimsə heç vaxt tələsməzdi, xəstənin müayinə edib qurtarandan sonra da uzun-uzadı heç nə danışmaz, sanki insanın xəstəliyini daha dərindən anlamaq istəyərdi. Xəstənin yaxınlarının ən çox qorxduğu isə o idi ki, birdən həkim heç nə deməyib eləcə qüssə ilə başını bulamaqla kifayətlənər. Bu o demək idi ki, həmin xəstəyə kömək etmək daha mümkün deyildir və o tezliklə öləcək. Amma bəziləri bu həkimə inanmaq istəmir və xəstəni başqa, böyük şəhərlərdəki tanınmış xəstəxanalara aparmağa davam edirdilər. Çox vaxt belə, xeyli pul tələb edən müalicə doğrudan da xəstənin halının yaxşılaşmasına səbəb olurdu. Bunu görəndə həmin xəstənin yaxın adamları şayiə yaymağa çalışırdılar ki, qəsəbədəki həkimin şöhrəti heç də həqiqətə uyğun deyil. Özünüz baxın, görün, onun ümidsiz hesab elədiyi xəstənin, o daha yaxşı həkimlərdən müalicə alıb evinə qayıdandan sonra, kefi necə durulub, heç xəstəlik daha yadına da düşmür. Amma bir az da keçmiş xəstənin halı yenə də pisləşirdi və adətən bu bədbəxti daha ona həyat vəd etmiş həkimlərin yanına aparmağa da imkan olmurdu: onlar tez bir vaxtda vəfat edirdilər. İllər boyu təkrar olunan bu cür hadisələr qəsəbənin ən məşhur həkiminin şöhrətini daha da artırır, insanların ona inamını getdikcə artırırdı.

Buna da bax: Azərbaycan ədəbiyyatı niyə Xəzər dənizinə bənzəyir...

Bu həkimin üç qızı vardı və onun ən böyük arzusu isə o idi ki, bir dəfə arvadı ona oğul doğsun. Doğrudan da dördüncü dəfə onun arvadı doğum evindən geriyə oğlan uşağı ilə qayıtdı. Həkimin sevinci yerə-göyə sığmırdı, təkcə o deyil, bütün qəsəbə buna sevinir və hamı onu təbrik etməyə tələsirdi. Həkim oğlunun doğulması şərəfinə böyük bir ziyafət təşkil edib, xeyli adam çağırdı.

Hamı deyirdi ki, həkimin oğlu atasına çox oxşayır və yəqin ki, o da gələcəkdə həkim olacaq. Amma uşaq nədənsə danışmır, çox ləng tərpənir və az hərəkət edirdi. Nəhayət bir gün, uşaq beş yaşına çatandan sonra, həkim başa düşdü ki, oğlu anadangəlmə ruhi xəstəliyə düçardır. Bu yəqin ki, onun həyatında ən böyük sarsıntı idi. Bu həkim heç vaxt ruhi xəstələrlə məşğul olmadığından indi oğluna necə kömək edəcəyini bilmirdi. Amma qohumlarının uzun illər boyu davam edən təkidlərinə baxmayaraq, o oğlunu ruhi xəstələr üçü ola xəstəxanaya müalicəyə də göndərmədi: kim bilir, bəlkə də o hesab edirdi ki, bu cür xəstələrə kömək etmək mümkün deyil.

Bu həkimi qəsəbədə müdrik və dünyanın gərdişindən baş çıxaran adam sayırdılar. Qəsəbədə keçən məclislərdə o, məşhur şairlərin şerlərindən misralar söylər, hikmət dolu kəlamları, keçmişdən, bu gündən elədiyi düşündürən söhbətləri ilə yığışanların könlünü feyzyab edərdi. Ona hamı diqqətlə qulaq asar, kişinin dedikləri sonradan bütün qəsəbədə yayılar, dillərə düşərdi.

Qəsəbənin ən yaxşı həkimi adamları müalicə etməkdə davam edər və çoxlarına doğrudan da kömək edərdi. Öz sağalmaz dərdini isə o başqalarından gizli tutmağa çalışar, bu barədə heç vaxt danışmazdı. Amma qəsəbə içərisində belə bir şayiə gəzərdi: guya həkim gecə-gündüz Allaha yalvarır ki, bu ağılsız varlığı tezliklə onun həyatından rədd etsin. Yəni ki, qəsəbə sakinlərinin dediyinə görə, həkim indi oğlunun ölümünü arzulayırdı. Amma buna baxmayaraq uşaq yaşamaqda davam edirdi və çox güman ki, yaxın vaxtda onun həyatını heç nə hədələmirdi də. Həkim öz oğlunu ev dustağına çevirdi. Qəsəbədəki başqa ruhi xəstələr küçələrdə sərbəst dolaşıb veylləndikləri halda, onun oğluna nadir hallarda həyəti tərk etməyə icazə verilər, uşaq da öz yeknəsəq həyatını hasar arxasında keçirərdi.

Qəsəbədəki ruhi xəstələrin həyatı, şübhəsiz ki, onun digər sakinlərinin həyatından fərqlənər və özünəməxsus bir tərzdə keçərdi. Onlar, bayaq dediyimiz kimi, vaxtlarının çoxunu küçələrdə avara-sərgərdan gəzməklə keçirər, adamların çox olduğu yerlərdə yığışardılar. Bununla belə, sanki başqaları ilə öz aralarında məsafə saxlamağa çalışar, onlara çox da qaynayıb qarışmazdılar. Ruhi xəstələrə qəsəbədə heç də pis yanaşmazdılar: qəsəbə sakinlərinin əqidəsinə görə, Qəsəbə sakinlərinin düşündüyü kimi, Allahın özü tərəfindən nöqsanlı yaradılan bir insanı incitmək, ona istehza etmək ləyaqətsiz bir hərəkət, hətta günah sayılardı. Amma qəsəbə əhli o biri yandan əmin idi ki, bu nöqsanın əvəzində Yaradan bu adamlara nəsə qeyri-adi bir qabiliyyət verir. Buna görə də kim ürəyində nə niyyət tuturdusa, onun yerinə yetəcəyi təqdirdə “dəlilərə” nəzir verəcəyini vəd edirdi. Yaxud da, “dəlilərə” pul verən adam inanardı ki, bununla günahını qismən də olsa yuyur. Bunu da qeyd etmək lazımdır ki, ruhi xəstələr hər cür mükəlləfiyyətlərdən, qəsəbəni idarə edənlərin yerdə qalan əhaliyə gördürdüyü məcburi işlərdən azad idilər. Əgər onlardan kimsə qətl belə törətsəydi, onu heç kim cəzalandırmaz, sadəcə bir neçə kilometr aralıdakı şəhərdə yerləşən xəstəxanaya müalicəyə göndərərdilər. Onlar heç çörək pulu qazanmaq haqqında da fikirləşməzdilər. Nəzir-niyazdan başqa bu adamlara, hansı yeməkxananın qapısından içəri girsəydilər, pulsuz yemək, ya da çay verərdilər.

Beləliklə, gördüyümüz kimi, qəsəbədəki “dəlilər” xeyli imtiyazlara və azadlıqlara malik idilər. Yerdə qalan qəsəbə sakinlərininsə həyatının həm yerinə yetirilməsi az qala mümkün olmayan ağır əxlaq tələblərinin, həm də hakimiyyətdəkilərin etdiyi təzyiqin ucbatından olduqca ağır olduğunu desək, yəqin ki, yanılmarıq. Buna görə də heç təəccüblü deyildi ki, bəziləri belə zarafat edərdilər: yaxşısı budur ki, özünü dəliliyə vurasan və bütün dərd-sərini də sağlam adamların boynuna qoyasan.

Amma zarafat bir yana qalsın, bir dəfə doğrudan da qəsəbə sakinlərindən biri gözlənilmədən özünü ruhi xəstə kimi aparmağa başladı. Belə şeylər burada hər saat olmazdı və adətən sonradan ağlını itirən adamı həmin bir az aralıda olan şəhərdəki xəstəxanaya müalicəyə göndərərdilər, oradansa onlar, demək olar ki, bir daha geriyə qayıtmazdılar. Bunun da səbəbi birinci növbədə onda idi ki, şəhərcik sakinləri üçün sonradan ağlını itirmiş adamı ruhi xəstə kimi qəbul etmək çətin idi, onun qohumları isə həmin adamın bu vəziyyətdə geriyə qayıtmasındansa həmişəlik xəstəxanada qalmasını daha müqabil sayırdılar.

Bir sözlə, ruhi xəstəxanalar üçün olan xəstəxanaya düşmüş adam ya müalicə olunub geri qayıtmalı, ya da ki, həmişəlik xəstəxananın divarları arxasında qalmalı idi. Bu xəstəxana isə oraya düşənləri onsuz da xoşluqla geriyə buraxmaq istəmirdi. Amma belələrini xəstəxanaya göndərməzdən əvvəl, bəzən onları sınağa da çəkərdilər: bu adamın həqiqətən də xəstə olub-olmadığını yoxlamaq üçün. Belə bir imkan hamıya verilməzdi, ancaq o kəsi belə imtahana çəkərdilər ki, o özünü “dəli” kimi aparsın. Bunda məqsəd həm də onu digər xəstələr kimi qəsəbədə saxlamağın mümkünlüyünü yoxlamaq idi.

Buna da bax: 'Mavi gözlü qız': Almaniyadan azərbaycanlı yazarın hekayəsi

Anadangəlmə ruhi xəstələri adətən xəstəxanaya göndərməzdilər, əgər onlar özlərini qəsəbə sakinlərinin istədiyi kimi sakit, sözəbaxan aparıb, təcavüzkar hərəkətlər etməzdilərsə. Xəstələrin çoxu adətən sakit, sözəbaxan idilər, əgər bəzən onlardan kimsə əndazədən çıxmaq istəyərdisə, xəstəxana göndərilməklə hədələyən kimi o dərhal özünü yığışdırardı.

Belə çıxır ki, qəsəbədəki ruhi xəstələrə bir çox məsələlərdə güzəşt edilsə də, onlara qarşı müəyyən tələblər də vardı. Əgər istəsəydin ki, səni də ruhi xəstə kimi qəbul etsinlər, onda gərək görkəmin o biri “dəlilər” kimi olaydı, özün də onlar nə etsəydi, ondan etməliydin. Onlar isə çimmək nədi bilməzdilər, hamama getməzdilər, üz-gözlərini qırxmazdılar, ta bəlkə bir Allah bəndəsi yenə bir-iki manatından keçib onları ya hamama, ya dəlləyə aparaydı. Özlərini aparmaqda da “dəlilər” tam sərbəst idilər, nə istəsəydilər, onu da edərdilər: bir kimsə onlara bir söz deməzdi. Qəsəbədə dolaşan ruhi xəstələrin içərisində elə bir qayda da vardı: onlar bəzən camaatın gur olduğu yerdə paltarlarını yandırardılar.

Beləliklə bir gün, artıq dediyimiz kimi, bir gənc özünün dəliliyə vurdu, yəni özünü qəsəbədəki ruhi xəstələr kimi aparmağa başladı. Qışın ortasında o başını daz qırxdırdı, pencəyini astar tərəfə çevirib əyninə taxdı, sonra da sağ çəkməsini sol ayağına, sol çəkməsini isə sağ ayağına geyindi. Amma bütün bunlar hələ qətiyyən bəs eləmirdi ki, başqaları onun ruhi xəstəlikdən əziyyət çəkdiyinə və onlar kimi olmadığına inansınlar. Həmin günə qədər isə bu gənc qəsəbənin adi sakinlərindən biri idi, tikintidə gözətçi işləyirdi, özünün də iyirmi beşi yenicə tamama olmuşdu. Onun ruhi xəstə olub-olmadığını yoxlamaq üçün qəsəbədə yaşayanlar həmin gənci sınaqdan keçirmək qərarına gəldilər. Bu gənc adamların çox olduğu yerdə paltarını çıxarıb yandırmalı, sonra da burada yaşayanların ən çox toplaşdığı yerlərdən olan qəsəbə parkında ağaclardan birini islatmalı idi (başqasını buna görə həbs edə bilərdilər). Bundan sonra isə gənc ona ətrafına yığışanların verəcəyi bütün göstərişləri yerinə yetirməli idi, özü də səmirsiz-səmirsiz.

Dünənki gözətçi əvvəlki sınaqdan çıxdı, özü də heç təfavütünü də pozmadan paltarını yandırdı. Ona yeni paltar verəndən sonra başqalarının əhatəsində parka yollanıb orada ikinci sınaqdan da çıxdı. Sonra da ona nə dedilərsə dinməz-söyləməz yerinə yetirdi. Amma birdən kiminsə ona dediyi söz gənci çox qeyzləndirdi; indi onun qığılcım saçan gözlərində həqiqətən bir çılğınlıq, bir divanəlik vardı. Bundan sonra da gənc bərkdən qışqıraraq ətrafına yığışmış kütlənin üzərinə hücum çəkdi. Baxmayaraq ki, istəsə də boş əllə o ətrafdakılara bir xətər yetirə bilməzdi, qəsəbə sakinləri qaçıb dağılışdılar və sınaqlarını dayandırmaq qərarına gəldilər. Yox, beləsi burada heç kimə lazım deyildi. Bir də ki, qəsəbənin sözəbaxan, ağıllı “dəlilərinin” arasında belə təcavüzkar birisinin peyda olması çox arzuolunmaz idi və belə birisi burada hamı üçün təhlükə yarada bilərdi. Buna görə də qəsəbə əhli qərara aldı ki, bu gənci həmin dediyimiz ruhi xəstələr üçün olan xəstəxanaya göndərsin.

Onu da qeyd edək ki, bu yanlarda ruhi xəstələrin xəstəxanada müalicə oluna bilməsinə heç kim inanmırdı. Buradakılar inanırdılar ki, insanı ağıldan məhrum edən Allah-Taala özüdür və əgər kimsə qəlb həkimi olmaq istəyirdisə, bununla Yaradanın işinə qarışmış olurdu. Belə adamı da burada heç kim doğru yolun yolçusu saymırdı: beləsi ya elə əvvəldən özü xəstə olur, ya da ruhi xəstələrlə uzun illər boyu oturub durandan sonra hökmən özü də bu xəstəliyə tutulur. Amma buna baxmayaraq, qəsəbə əhli yenə də “dəlixanaların” və əcaib işlə məşğul olan həkimlərin olmasını qəbul edirdi: hər yerdə var, bizdə niyə olmasın.

“Dəli həkimi” olmaq istəyənlər də, haqq üçünə, az idi, bunu seçənlər də çox vaxt ya savadsız gənclər olurdu, ya da daha sanballı həkim peşələrində uğursuzluğa düçar olanlar. Heç işləyəndə də onlar nəsə öyrənmək, bu peşənin sirlərinə vaqif olmaq haqqında düşünmürdülər. Heç onlardan bunu gözləyən də yox idi. Bu “dəli həkimlərinin” işi-gücü xəstələrin qohumlarına təskinlik vermək, onlarla bir yerdə Allaha yalvarmaq idi ki, bu bədbəxtlərə kömək etsin. Amma əllərinə həmin haqqında danışdığımız gözətçi işləyən gənc kimi ipə-sata yatmayan birisi düşəndə, onunla nə edəcəklərini yaxşı bilirdilər. Belə olanda bir sakitləşdirici iynə vurmaqla həmin adamı tez yola gətirərdilər. Qəsəbədə gəzən söz-söhbətə görə həmin gözətçi oğlanı da xəstəxanada beləcə sakitləşdirəndən sonra onun üzünə qapını həmişə bağlamışdılar.

Yaxşı, bəs haqqında danışdığımız həkimin oğlunun axırı necə oldu? Dediyimiz kimi, həkim onu ev dustağı etmişdi və heç yana buraxmırdı. Amma bir dəfə bir dələduz onu görmək üçün həkimin evinə getməyi qərara aldı. Sonradan danışdığına görə, kişinin fikri ancaq öz vədini yerinə yetirmək imiş; guya ki, həkim oğlunun cəddinə nəzir deyibmiş, arzusu yerinə yetəndən sonra da onu mükafatlandırmaq istəyirmiş. Amma onun bu hərəkəti həkimin çox böyük qəzəbinə səbəb olmuşdu və kişi bu dələduzun nə üçün gəldiyini biləndən sonra onu söyüb-yamanlayaraq həyətindən qovmuşdu. Həmin adam, dediyinə görə, bunu heç gözləmirmiş və həkimin belə qəzəblənməyi onu çaş-baş salıbmış. Burası da var ki, həmin vaxta qədər həkimin oğlunun cəddinə nəzir demək heç kimin ağlına gəlməmişdi. Tək bu dələduz belə bir fikrə düşmüş və sonra özü də bundan çox güman ki, peşman olmuşdu. Bu hadisə haqqında xəbər qəsəbədə yayılmış və onun sakinlərini çox təəccübləndirmişdi: hər halda o vaxta qədər hələ heç kim həkimin qəzəbləndiyini görməmişdi. Çoxları bunda həmin dələduzu günahlandırırdılar: nədi, onun başına qəsəbədə ”dəlimi” qəhətiymiş, gərək həkimin oğlunamı nəzir deyəydi? Amma o adam deyəndə ki, həkimin oğlunda olan cədd qəsəbədəki dəlilərin heç birində yoxdur, həkim də bundan yana onu gizlədir, hamı dərindən köks ötürdü: doğrudan da beləsinə nəzir deməklə daha çox şeyə nail olmaq olardı. Həmin dələduz da işi belə görüb demişdi ki, gəlin ürəyimizdə bir niyyət tutanda həkimin oğluna nəzir deyək, amma niyyət baş tutanda onu başqa “dəlilərə” verək. Göydən Allah da baxın görür ki, həkimin oğluna nəziri vermək mümkün deyil. Amma gərək həkimin oğluna bir nəzir deyəndə bunu heç kimə deməyək ki, gedib atasının da qulağına çatmasın. Yəqin ki, qəsəbə sakinləri bu razılaşmaya həqiqətən də ciddi əmələ edirdilər, çünki həkimi bundan sonra da daha heç kim qəzəblənmiş görmədi.

Buna da bax: Doktor Hüseynovun qrup terapiyasında yaşananlar

Taleyin hökmü ilə mən xeyli müddət qəsəbədən kənarda yaşamalı oldum və geriyə ancaq uzun illərdən sonra döndüm. Uzun və yorucu yoldan sonra gecəni dincəlib, həmyerlilərim ilə görüşmək və burada olmadığım müddətdə baş vermiş dəyişikliklər haqqında öyrənmək üçün səhər tezdən parka getdim. Səhərlər orada ancaq qocalara rast gəlmək olardı; onlar taxta skamyalarda əyləşib, qəsəbədə və dünyada baş verənləri müzakirə edər, sakitcə ömürlərinin sonunu gözləyirdilər. Qəsəbə sakinləri üçün yeganə istirahət yeri olan, hər tərəfdən alçaq kərpic divar ilə əhatə olunmuş park o qədər də kiçik deyildi. Burada hündür ağaclar bitmişdi, tir atmaq üçün taxtadan daxma, bilyard masaları və stolüstü oyunlar üçün masalar qoyulmuşdu. Burada həm də bir neçə çayxana da var idi.

İşdən dönən qəsəbə sakinləri axşamlar bütün skamyaları zəbt edərdi. Çayxanalar da bu vaxtlar dolar, masaüstü oyunları oynayanların səs-küyü bütün parkı başına götürərdi. Bu oyunlar bəzən gecə saatlarına qədər çəkərdi, demək olar ki, çayxanalar da elə bu vaxta kimi açıq olardı.

İndi illər keçəndən sonra bu parka bir də yolum düşəndə orada bir skamyada oturmuş dörd-beş qocadan başqa heç kimi görmədim. Köşkdən təzəcə aldıqları qəzeti ortada oturmuş, saçları tökülmüş, xırda şüşəli eynək taxmış arıq bir qoca əlində tutmuşdu, hamısı da ondakı yazıları maraqla gözdən keçirməkdə idilər. Qəsəbədə, demək olar ki, hamı bir-birini tanıyardı, buna görə də burada kənar adamın görünməsi geniş maraq oyandırardı. Buna görə də qocalar qəzeti bir kənara qoyub diqqətlə məni seyr etməyə başladılar.

- Bu kimdir? - deyə qocalardan biri məni zənn ilə süzüb ucadan soruşdu.

O birilər də məni daha da diqqətlə nəzərdən keçirməyə başladılar; yəqin ki, məni əvvəllər qəsəbədə görüb-görmədiklərini bilmək istəyirdilər.

- O yəqin gəlmədir, - deyə qocalardan biri bildirdi.

Elə o birilər bu deyiləni təsdiq etmək istəyirdilər ki, birdən əlində qəzet olan qoca dilləndi:

- O, atın vurub öldürdüyü dəmirçinin oğludur.

O biri qocalar bunu eşidəndə indiyə kimi məni tanımadıqlarına və qəsəbədə görmədiklərinə təəccübləndilər. Amma atama rəhmət oxumağı da unutmadılar; atamı doğrudan da neçə il qabaq, hələ mən yeniyetmə olanda, nallamaq istədiyi at vurub öldürmüşdü.

Elə həmin gün mən bu qocalardan eşitdim ki, qəsəbəmizin ən hörmətli həkimi vəfat edib. Qəfildən eşitdiyim bu xəbərdən sarsılmışdım, baxmayaraq ki, həkimlə heç yaxından tanış deyildim və çoxdan onu görməmişdim. Həkimin adını eşidəndə gözümün qabağında onun sakit, təmkinli sifəti canlanır, bir neçə dəfə, xəstələnərkən baş çəkdiyim otağı yadıma düşürdü. Hər dəfə o mənə sirli-sehrli təsir bağışlayırdı ki, bu təsirdən bəzən günlərlə qurtara bilmirdim. Amma həmişə də, onun dediyi müalicəyə əməl edərək, tez bir vaxtda sağalırdım. İndi qəsəbəni bu adamsız təsəvvür etmək nə qədər çətin idi; o illərə qəsəbə sakinlərinin ümidi olmuşdu.

Qocalardan mənə həkimin evini tapmaqda kömək etməyi xahiş etdim. Bunu eşidəndə onlardan biri yavaşca yerindən qalxdı və yolunun həmin istiqamətə olduğunu bildirdi. Sonra məlum oldu ki, mərhum həkim elə onun qonşusu imiş. Bütün yolu bu qocanın həkimlə bağlı xatirələrinə qulaq asmalı oldum. Mən özümsə demək olar ki, danışmır, sadəcə qocanın dediklərini təqdir edirmiş kimi hərdənbir başımı tərpədirdim. Yolumuz uzun çəkdi; qoca yavaş yeriyir, üstəlik bir az da axsayırdı, aradabir də dayanıb dalbadal bərkdən öskürür, boğazını təmizləyirdi. Nəhayət biz əvvəllər həkimin yaşadığı küçəyə - bu əslində dalan idi – çatanda, qoca, sanki növbəti dəfə parkdan evinə olan yolu qət etdiyinə sevinirmiş kimi dərindən nəfəs aldı. Sonra da:

- Bax o qabaqdakı göy rəngli darvaza mənimkidir, qırmızı darvaza isə həkimin, - deyə əli ilə qarşını göstərdi və mənimlə xudafizləşmək istədi.

- Bəlkə siz də mənimlə gedəsiniz. Mən həkimin ailəsindən heç kimi tanımıram, - deyə xahiş etdim.

- Siz onun ailəsinə başsağlığımı vermək istəyirsiniz? – qoca soruşdu.

- Hə... Amma mən belə başa düşdüm ki, həkimin yası çoxdan çıxıb. Ona görə bilmirəm oraya indi nə adla gedim.

Qocanı çox da dilə tutmaq lazım gəlmədi və o mənimlə mərhum həkimin evinə getməyə razılıq verdi. Biz qocanın göstərdiyi həmin qırmızı rəngli dəmir darvazaya üz tutduq. Küçə bomboş idi, yalnız həmin darvazaya yaxın yerdə bir adam qaraltısı gözə dəyirdi. Biz oraya çatanda isə qoca nənə həmin adamı göstərib dedi ki, bu həkimin oğludur. O da atası kimi hündür idi, amma ondan bir az daha cüssəli görünürdü. Əynində bir az qırışmış pijama vardı, özü də küçənin ortasındaca dayanıb bizi seyr edirdi. Qoca ona yaxınlaşıb əl-zad vermədən, evdə adam olub-olmadığını soruşdu. Mərhumun oğlu heç nə demədən sakitcə nəzərlərini ata evinə tərəf yönəltdi; mən bu nəzərlərdə sanki böyük ağrı-acı, dərin həsrət və kədər gördüm. Mən ona yaxınlaşıb əl vermək, atasının ölümünə görə baş sağlığı vermək istədim. Amma əlim havadan asılı qaldı; belə çıxırdı ki, bu gənc mənim salamıma cavab vermək istəmirdi. Mən ondan boyda xeyli alçaq olduğumdan həkimin oğlu öz dərin və susqun nəzərlərini mənə yuxarıdan aşağıya yönəltmişdi.

Mən özümü az qala itirəcəkdim və düşdüyüm bu vəziyyətdən necə çıxacağımı bilmirdim. Bizim qəsəbədə sənə doğru uzanmış əli sıxmaqdan imtina etmək – əgər bunun ciddi bir səbəbi yox idisə – ayıb sayılırdı. Amma yenə də ruhi xəstəlikdən əziyyət çəkən adamı heç kim buna görə danlamaq fikrinə düşməzdi.

Məni müşayiət edən qoca bu səhnəyə fikir vermədən dirsəyimdən yapışıb məni yüngülcə mərhumu evinə tərəf itələdi və bununla da məni bu düşdüyüm vəziyyətdən qurtardı. Biz həkimin oğlunu küçədə qoyub həyətə girəndə qarşımıza gənc bir qadın çıxdı; o xalatda idi, yaxşı daranmamış saçları arıq çiyinlərinə dağılmışdı. Gənc qadın qonşusunu salamlayandan sonra mənə baxdı: yəqin mənim kim olduğumu və onlara nə məqsədlə təşrif gətirdiyimi bilmək istəyirdi. Qoca cavabında dedi ki, mən onun atasının xatirəsi qarşısında öz borcumu yerinə yetirməyə gəlmişəm. Həkimin qızı bunu eşidəndə mənə baxıb yüngülcə gülümsədi və bizi içəriyə dəvət etdi. Evə girməmişdən qabaq mən həyət-bacaya nəzər saldım; həyət böyük deyildi, ortasında isə tək bir tut ağacı vardı. Evin özü isə böyük idi, amma köhnə kimi görünürdü və çoxdan təmir görmədiyi hiss olunurdu. Hətta iki-üç pəncərədə şüşə belə çatışmırdı. Ot basmış, bellənməmiş bağçada da bir neçə ağac gözə dəyirdi; torpaqda hələ də gözə çarpan nazik, qırıq-qırıq cığır izləri burada nə vaxtsa dirrik olduğundan xəbər verirdi.

Qocanın arxasınca içəriyə girəndə özümü kiçik bir otaqda gördüm; bu otaq həm də evin kandarı rolunu oynayırdı. Burada birinci gözə dəyən yenə də dağınıqlıq, səliqəsizlik idi. Bir küncdə, kiçik kürsünün üstündə üç-dörd yaşında bir uşaq oturmuşdu və içəri girənlərə fikir vermədən qarşısında döşəməyə səpələnmiş oyuncaqlar ilə oynamaqda davam edirdi.

- Bu onun nəvəsidir, - qoca mənə tərəf dönüb dedi. – Böyük qızının oğlu.

Mən başa düşdüm ki, söhbət bizi qarşılayan gənc qadından gedir. Qoca dedi ki, həkimin iki başqa qızı da köçüb, amma qəsəbədən kənara, ona görə də buralarda tez-tez görünmürlər.

Həkimin böyük qızı bizə köhnə örtüyü olan masanın arxasında yer göstərib, özü yandakı mətbəxə keçdi. Bir az keçməmiş isə güllü məcməyidə bizə armudu stəkanlarda çay və gül mürəbbəsi gətirdi. Elə bu vaxt otaqda həkimin oğlu da peyda oldu. O qapını birdən-birə yox, çox yavaş-yavaş açdı; sanki içəri girib-girməməsini götür-qoy edirdi. Sonra da bizə tərəf bir neçə addım atıb, oturduğumuz masanın yanında dayandı. Bir neçə dəfə gah qocaya, gah da mənə nəzər salsa da, bir söz belə danışmadı və beləcə dayanıb durdu. Qoca mənə yenə də ev sahibi ilə bağlı xatirələrini danışmaqda ikən birdən onu saxlayıb həkimin oğlunun nitqdən məhrum olub-olmadığını soruşmuşdum: hər halda bayaqdan ondan bir kəlmə də söz eşitməmişdim. Sualıma bələdçim belə cavab verdi:

- O danışa bilir, amma çox az danışır, ancaq kefi istəyəndə.

Bu gənc bununla məni daha da təəccübləndirdi. İndiyə kimi gördüyüm ruhi xəstələr həmişə əksinə həm də çox danışmaqları ilə fərqlənirdilər.

Mən həkimin oğluna bir də nəzər salmaq istəyirdim ki, içəriyə yaşlı, amma gümrah bir qadın girdi, hamımızla salamlaşıb masanın arxasına oturdu. Sonrakı söhbətdən isə mən bu əhli qadının qocanın arvadı olduğunu bildim. Qəsəbədə kimsə öz həyat yoldaşını qonaqlara və naməhrəm kişilərə təqdim etməzdi. Amma uzun müddət burada yaşamış bir adam kimi bu qoca ilə qarının arasındakı münasibəti başa düşmək mənim üçün o qədər də çətin deyildi.

Burası da vardı ki, ruhi xəstələr müəyyən hörmətə və imtiyazlara malik olsalar da, bütün başqa canlılar kimi onların da düşmənləri yox deyildi. Küçədə rastlarına çıxan uşaqlar ruhi xəstələrin müdafiəsizliyini və cavab vermək imkanı olmadığını hiss edəndə, onları daşa basar, ya da ki təhqir edib alçaldar, başlarına yüz oyun açardılar. Belə hallarda onlar çox vaxt qaçmaqla, ya da yoldan keçən birisinin köməyinə sığınmaqla canlarını qurtarmağa çalışardılar.

Amma bəzi böyüklər də bu ruhi xəstələrə xüsusi münasibət bəsləyərdilər. Onlar bu bədbəxtlərə necə acıdıqlarını bərkdən bildirər, allahdan onlara rəhm etməsini rica edər, həm də bu dərbədər həyat keçirən insanlara necə yaşamağı öyrətməyə çalışardılar. Əgər ruhi xəstələri uşaqlardan qoruyan həmişə tapılardısa, “dəlilərin tərbiyəsi” ilə məşğul olan böyüklərə mane olmağı heç kim düşünməzdi.

Həkimin oğlu bayaqdan sakit görünürdüsə, qocanın arvadı içəri girən kimi mən onun halının dəyişdiyini, narahat olmağa başladığını və üz-gözünü turşutduğunu sezdim. Amma qarı ona mehribanlıqla baxırdı və gülümsəyib ondan niyə bir yerdə dayandığını soruşdu. Həkimin oğlu ona cavab vermədi. Sonra qarı onun niyə üçünü qırxmadığını soruşdu. Gəncdən yenə heç bir cavab çıxmadı. Bundan sonra qocanın arvadı gəncə dedi ki, onu kimi hörmətli bir adamın oğluna qonaqları yataq libasında qarşılamaq yaraşmaz. Sonra da gəncə məsləhət gördü ki, yaxşısı budur, gedib bacısına kömək eləsin. Həkimin oğlu isə əvvəlki kimi yerində dayanmışdı və heç yerə tərpənmək fikrində deyildi. Qarı isə işi belə görəndə, gəncə daha burada dayanmamağı, həyətə gedib qonaqlar gedənə kimi bir işlə məşğul olmağı tapşırdı. Amma gənc yenə də yerindən tərpənmədi. Qarı isə bu dəfə ona bərkdən qışqırdı:

- Eşitmirsən, nə deyirəm? Get həyətə, orda bir işin qulpundan yapış!

Həkimin oğlu bu dəfə deyəsən, bizləri tərk etmək qərarına gəldi və axır ki, yerindən dəbərdi. Amma bayıra çıxmamış qarıya bir nəzər salmağı da unutmadı. O qarıya baxsa da, mən bu baxışdakı bütün dərinliyi sezə bildim. Onda nə qədər qınaq vardı! Amma yox, o qocanın arvadını günahlandırmırdı. Gəncin baxışında kədərlə qarışıq bir təəssüf var idi: insan qəlbində bu qədər naqisliyin yer tapa bilməsiylə bağlı təəssüf. Sanki bu baxışıyla gənc demək istəyirdi ki, ona qarşı necə yanlış, ikrahdoğurucu bir hərəkət etdiyini qarı özü başa düşməlidir. Bir də ki, qarının öz “ağlını” nümayiş etdirmək istədiyi adamların fikri onun üçün əhəmiyyətsizdir. Sonra da gənc dönüb gəldiyi kimi də asta addımlarla qapıya tərəf yönəldi və otağı tərk etdi. Qoca isə onun arxasınca baxa-baxa Yaradanın işlərinə təəccüb etdiyini dedi:

- O cür gözəl, nəcib insana tək bir oğul verəsən, o da belə ağılsız ola...

Mənsə heç nə demədən çayımı içir və aradabir də dadlı mürəbbədən qaşıq dolusu ağzıma aparırdım.

Hər ikimiz, ev sahibləri ilə vidalaşıb həyətə çıxanda gözlərimlə istər-istəməz həkimin oğlunu axtardım. Amma o heç yerdə gözə dəymirdi. Ola bilsin o, haradasa gizlənib bizim ardımızca nəhayət o qarının da nə vaxt atasının evini tərk edib gedəcəyini gözləyirdi.

Bakı, 1998-1999

Günün bütün mövzuları

XS
SM
MD
LG