Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Ət, toyuq, yağ, süd bahalaşıb, çörəyin çəkisi azalıb...


İlham Əliyev Ağdamda.
İlham Əliyev Ağdamda.

Qarabağ problemi ətrafındakı durum, 2015-ci il devalvasiyasının ildönümü, ölkədəki iqtisadi-siyasi mənzərə və qiymətlərin bahalaşmaqda davam etməsi bu gün medianın aparıcı mövzusudur...

ƏRAZİ BÜTÖVLÜYÜ

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz» sərlövhəli məqalədə Qarabağ problemi və ölkənin iqtisadi durumu dəyərləndirilir.

Müəllif yazır ki, prezident İlham Əliyev ölkəni inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdan ötrü ardıcıl tədbirlər həyata keçirir. Dünyanı iflic edən qlobal maliyyə böhranı şəraitində həyata keçirilən islahatlar bu məqsədin reallaşmasına hesablanıb.

Yazıda 2016-cı ilin dekabrında prezidentin təsdiq etdiyi «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri» belə addımlardan biri kimi qiymətləndirilir: «Prezident İlham Əliyev Azərbaycanın hazırkı durumu ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında hazırlanmasını təmin etmişdir».

Müəllif Qarabağ probleminə münasibətdə isə dövlət başçısı İlham Əliyevin «Əl-Cəzirə» televiziyasına müsahibəsi üzərində durur. Yazıda prezidentin həmin müsahibədə səsləndirdiyi fikirlərdən belə bir sitat da gətirilir: «Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq».

Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

DEVALVASİYANIN 2 İLİ VƏ YA BATAQLIQ

Azadliq.info saytında dərc edilən «Devalvasiyanın ikinci ildönümü» sərlövhəli məqalədə 2015-ci il fevralın 21-də baş verən devalvasiya xatırladılır.

Yazıda deyilir ki, həmin devalvasiyada 1 dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlmişdi. Həmin il dekabrın 21-də baş verən ikinci devalvasiya nəticəsində isə 1 dollar 1 manat 55 qəpiyə çatmışdı.

Müəllif qeyd edir ki, Azərbaycan xalqı istər bu böhrana qədər, istərsə də ondan sonra xoşbəxtlik içində yaşamayıb: «Yəni, neft pullarının gəlhagəl vaxtında da, büdcənin indikindən 3 dəfə artıq olduğu dövrdə də ölkə vətəndaşı bir qarın çörək uğrunda mübarizə aparıb».

Müəllif yazır ki, «analoqsuz inkişaf»ın fontan vurduğu dövrdə də vətəndaş 150-200 manatın ümidinə buraxılıb. O zaman da talançılıqdan, yalançılıqdan əziyyət çəkib. Neftin qiymətinin kəskin düşməsi ilə yaranan devalvasiyadan sonra isə vəziyyət bir qədər də pisləşib.

Yazıda vurğulanır ki, hökumət ölkənin sərvətlərini dağıtmaqda davam edir: «Avropa Oyunlarına milyardlarla dollar xərclədi və büdcəyə ağır zərbə vuruldu. Ardınca «Formula-1» yarışı keçirildi, futbol üzrə Avropa Çempionatına sponsorluq edildi».

Yazıda qeyd edilir ki, indi iqtisadi göstəricilərə görə Azərbaycan qonşu Ermənistan və Gürcüstandan da geri qalır.

Müəllif yazır ki, ötən il keçirilən referendumdan sonra isə həm intiharlar, həm də siyasi həbslər artıb: ««MTN işi», «Nardaran işi» məhkəmələri göstərdi ki, mövcud sistemlə ancaq bataqlığa getmək olar. Qanunların işləmədiyi, korrupsiyanın hökm sürdüyü, monopoliyanın meydan suladığı ölkədə heç bir islahatdan söhbət gedə bilməz».

İlham Əliyev çörək sexində.
İlham Əliyev çörək sexində.

QİYMƏTLƏR ARTIR

«Exo» qəzetində «Azərbaycana sovet dövrünün iqtisadi idarəetmə sisteminə dönməyi təklif ediblər» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə iqtisadi liberallaşma baş tutmayıb. Ekspert Nəriman Ağayev qəzetə mövzu ilə bağlı bunları deyib: «Bu ilin sonuna qədər ərzaq məhsullarının bahalaşması davam edəcək, daha sonra bəzi malların qiyməti enəcək. Konkret hansı malların bahalaşacağını demək çətindir. Amma orta hesabla bahalaşma 10 faiz təşkil edəcək».

Ekspert qeyd edib ki, fevral ayının əvvəlində Azərbaycanda dollar ucuzlaşsa da, bu, qiymətlərin aşağı düşməsi ilə nəticələnməyib. N.Ağayevə görə, bunun səbəbləri var: «İnhisar qiymətlərin enməsinə imkan vermir. Bu gün Azərbaycanda rəsmən liberal iqtisadiyyat mövcuddur, bu səbəbdən dövlət qiymətə müdaxilə etmir. Amma gerçəkdə belə deyil».

N.Ağayev hesab edir ki, bundan sonra dollar dəyər qazandıqca, qiymətlər də yüksələcək: «İndi isə bahalaşma davam edəcək. Çörək və ya çörək məmulatları bahalaşmayıb. Amma çəkiləri azalıb, bununla belə bu sahədə də qiymət artımı dalğası olacaq».

N.Ağayev vurğulayır ki, ay ərzində ətin, yağın, süd məhsullarının, meyvə və bostan bitkilərinin qiymətləri bahalaşıb. Son günlər paytaxtda mal əti 11-12 manata satılır.

Toyuq ferması.
Toyuq ferması.

HÖKUMƏT SƏSSİZDİR

«Novoye Vremya» qəzetində «Qiymət özbaşınalığı davam edir, hökumətin reaksiyasını gözləyirik» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə qiymətlər artır, media həyəcan təbili çalır. Amma bəzi rəsmilər qiymət artımı ilə bağlı həyəcana əsas olmadığını deyir.

Yazıda qeyd edilir ki, artıq 1 kiloqram toyuq əti 3 manat 50 qəpikdən 4 manat 60 qəpiyə yüksəlib: «Satıcılar da təsdiq edirlər ki, toyuq əti 1 manatdan çox bahalanıb. Onların sözlərinə görə, mağazalar toyuq məhsullarını qiymətləri özləri müəyyən edən firmalardan alırlar».

Ancaq yazıda Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevdən də belə bir sitat gətirilir: «Heç bir firma toyuq məhsulları ilə bağlı qiymətləri qaldırmayıb, əgər belə fakt varsa, deməli, mağazalar qiymətləri özləri süni şəkildə qaldırıblar».

Müəllif yazır ki, bu qiymət artımı oyununda əziyyət çəkən xalqdır. Hətta neft bir qədər bahalaşsa da, yenə də qiymətlər düşmür.

Yazıda vurğulanır ki, dərmanlar da bir ucdan bahalaşır: «Bu dərmandır, insan həyatı birbaşa ondan asılıdır. Nazirlər Kabineti buna reaksiya verməlidir».

Müəllifə görə, indi Nazirlər Kabineti baş verənlərə ya çevik münasibət bildirməli, ya da istefa verməlidir.

XS
SM
MD
LG