Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

'Respublikanski'nin keçmiş baş həkiminin oğluna 7 il həbs verildi


Foto illüstrasiya

Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimi Yüzasif Kərimovun oğlu Rəhim Kərimova 7 il həbs cəzası verilib. Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

30 yaşlı Rəhim Kərimov Azərbaycan Diplomatiya Akademiyasının (ADA) tələbəsi Rüfət Allahverdiyevin ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilir. 19 yaşlı R.Allahverdiyev Bakı Hərbi Məhkəməsinin hakimi, həbsdə olan MTN-çilərin, o cümlədən general Akif Çovdarovun işinə baxan Elbəyi Allahverdiyevin oğludur.

İttihama görə, R.Kərimov hadisəni törədərkən narkotik maddənin təsiri altında sərxoş olub, qəzadan sonra mərhum R.Allahverdiyevi yaralı vəziyyətdə qoyub qaçıb.

R.Kərimov isə narkotikdən istifadə etməsi, yaralını qoyub hadisə yerindən qaçması haqda suçlamaları qəbul etmir. Deyir ki, təcili tibbi yardım gələnə qədər gözləyib. Qəza haqda «102» xidmətinə də şəxsən özü məlumat verib.

Buna da bax-'Respublikanski'nin keçmiş baş həkiminin oğluna 10 il həbs istənildi

Məhkəmədə zərərçəkmiş Allahverdiyevlər R.Kərimova qarşı 149 minlik mülki iddia qaldırmışdılar.

Mülki iddiada göstərilib ki, 149 minin 49 mini maddi (qəzadan sonra xəstəxanada çəkilən xərclər və s.), 100 mini isə mənəvi ziyana görə tələb olunur.

Amma məhkəmə mülki iddianı təmin etməyib.

Hadisə mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonu, Bülbül prospektində baş verib. «Mercedes» markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Rəhim Kərimova CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib.

Yüzasif Allahverdiyev həm də Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG