Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 04:51

Yelləncək, süpürgəçi qadın və pişik


"Neynim e... Hərənin bir qisməti. Mənim də qismətim süpürgəçilikdi, yellənmək deyil ki bəziləri kimi! (Bunu elə ucadan dedi ki, sanki cavan qadına eşitdirirdi!)".

Kamran NƏZİRLİ

Yelləncək, süpürgəçi qadın və pişik

hekayə

Kamran Nəzirli
Kamran Nəzirli

Görəsən yelləncəkdə bir sirr varmı? Axı niyə bütün uşaqlar yellənməyi sevirlər? Cırıltısı da olsa, qorxmurlar, onu görən kimi cumub minmək, elə hey yellənmək istəyirlər. Bu sevgi hardan gəlir belə? Beşikdən, yoxsa nənnidən? Ya bəlkə elə hər şey fırlanır, ona görədi? Bax, o daş, o ağac, ora-bura qaçan ağ-qara pişiklər, o dayanacaqda duran avtomobillər...yellənirlər. Hər şey yellənir yelləncək kimi. Nə maraqlıdır! Dünən FB-də dostlar paylaşmışdılar ki, guya Kopernikdən qabaq yunanlar deyib ki, yer yellənir, fırlanmır. Adam lap məəttəl qalır, bilmirsən nəyə inanasan! Axı qədim şumerlər də yerin öz xəyali oxu ətrafında fırlanmasını demişdilər! Gah elə deyirlər, gah da belə! Hərdən fikirləşirsən ki, bütün ikiayaqlı canlılar yalançıdı, oğrudu, ya da ikiüzlü! (Gülür). Gah yellənirlər, gah da fırlanırlar! Hə də, kimi yellənir, kimi də fırlanır; təsəvvür elə ki, insanı gah yellədirsən, gah da fırladırsan. Yellədəndə yaxşı olur, fırladanda pis. Yer də bizim yelləncəyimizdi, biz onunla bərabər yellənirik, həm də fırlanırıq. O fırlananda insan da fırlanır, deməli, bizə problem yaradır. Uşaq vaxtı ona adi yelləncək kimi baxırsan, adi yelləncək. Bəlkə elə uşaqlar buna görə sevirlər yelləncəyi? Ah, uşaq olmaq nə yaxşı şeymiş! Adam yellənir, fırlanmır...

Bayaq yaşıl parkın düz ortasında iri qovaq ağacının altındakı yelləncəyin üstündə uzanan ağ pişik yerə tullananda yelləncək aram-aram yelləndi və cırıldadı. Cavan qadın düz on dəfə baxmışdı pişiyin uzanıb yatdığı yelləncəyə, nədənsə, hər dəfə iti addımlarla parkın başına fırlanıb yelləncəyin yanından ötəndə ona fikir verməmişdi. Öz aləmindəydi. Lakin pişik tullanıb gedəndən sonra cırıltı eşitdi və yelləncək onun diqqətini çəkdi. Sonra bütün düşüncələri yenə horralaşdı, çox qarışıq, qəribə şeylər girdi beyninə. Gah yelləncəyin sirrini bilmək istədi, gah Kopernikin kəşfini, gah da hər gün səhərdən axşamadək əyləndiyi FB-sini yadına saldı, onun ikiüzlü, oğru olduğunu, insanların başını hər cür əyləncələrə qatıb aldatdığını zənn elədi; ona elə gəlirdi ki, Mark dünyanı fırladıb, bizimlə zarafat edib, durğun hisslərimizə, düşüncələrimizə, qəlblərimizə bic bir nəzarət mexanizmi yaratmaqla fırlanan dünyanı bizə güldürmək istəyib. Bu vaxt necə oldusa, başına dolandığı parkdakı yelləncək könlünə düşdü. Hə, yelləncək. O bu yelləncəyi demək olar ki, hər gün görürdü, amma hər gün onun haqqında düşünmürdü. İndi kimsə ona pıçıldadı ki, yelləncəyə bax, yelləncəyi düşün, nəyinə gərəkdi Kopernik, şumerlər, ya da elə Mark...

Buna da bax: Müsiqi müəlliməsinin unuda bilmədiyim barmaqları

O, düşünə-düşünə gülürdü, ya da elə gülə-gülə düşünürdü. Ona təxminən otuz-otuz beş yaş vermək olardı. Gəncliyin bütün gözəllik və şuxluğu tərli üz-gözünə hopmuşdu. Əynində ağ zolaqları olan qara bahalı idman kostyumu, ayağında "Addidas" krassovkaları vardı. Başına ağ ləçək bağlamışdı, ləçəyin altından alnına çıxan saçları şabalıdı rəngə çalırdı. O, bütün xoşbəxt qadınlar kimi gülümsəyirdi, lakin bütün xoşbəxt qadınlar kimi düşünmürdü deyəsən. Yarım saat idi ki, parkda iti addımlarla gəzirdi, adəti üzrə səhər idmanına çıxmışdı. Nəhayət, başındakı qatmaqarışıq fikirlər hündür qovaq ağaclarının təpəsindən pırıldaşan quşlar kimi uçub getdi. Addımlarını yavaşıtdı, bir dövrə də vurub dincini almaq istədi, gəlib düz durdu uşaq yelləncəyinin qabağında. Belə idmandan sonra yellənmək yayın ən gözəl məşğuliyyətidir, düşündü. Və yelləncəyə oturdu, ayaqlarıyla yerdən təkan verib ətir saçan mehli havadan ləzzət ala-ala yavaş-yavaş yellənməyə başladı.

Qadının üz cizgiləri sübh günəşinin mülayim şüaları kimi oynayırdı; gərilir, açılır, gülümsəyir, qızarırdı. O, yellənirdi, elə bil beşikdəydi, onu yelləndirən isə xoşbəxt həyat eşqiydi. Qorxu ondan uzaq idi, qorxu belə xoşbəxtliyə girişə bilmir. Yelləncək isə öz xoşbəxt sahibinin səhər həyatının nəsimiylə birgə cırıldayırdı. Bayaq elə könlünə yellənmək düşəndə fikirləşdi ki, sakit və günəşli adi yay səhərinin bu günkü gəzinitisinə beləcə yellənməklə son qoysun."Əcəb yelləncəkdir! Uşaqlar üçün olsa da, böyüklər də yellənə bilər!".

Cavan qadın "cır-cır" havasıyla yellənirdi və görünür, bu hava da ona ləzzət verirdi. Ətrafda heç kim gözə dəymirdi. Bu cırıltının heç kəsə dəxli yox idi, heç arxadan qəfil peyda olan göy xalatlı süpürgəçi qadına da.

- Azzz, yelləncək uşaqlar üçündü!- süpürgəçi yaşlı qadın dilləndi.

Süpürgəçinin əynindəki nimdaş göy xalatın düymələri yox idi, yaxası açıq qalmışdı; xalatın altındakı qırmızı zolaqlı köynəyinin yamaqları görünürdü. Köynək o qədər dartılmışdı ki, düymələrarası uzun məsafələr onun çöp kimi nazik bədənini çöldə qoymuşdu. Arvadın burnunu sıxsaydılar canı çıxardı. O, əlindəki zibil vedrəsini yelləncəkdən bir qədər aralıda yerləşən oturacağın böyrünə qoydu, uzun taxta qulplu süpürgəsini bərk-bərk sinəsinə sıxdı (elə bil kimsə gəlib bu saat onun çörək ağacını əlindən alacaqdı!), bir anlıq susdu, yellənən qadına həqarətlə baxdı. Gördü ki, cavan qadının heç vecinə deyil, gözlərini yumub yellənməyindədir. Dili yenə dinc durmadı:

-Bunlara söz də kar eləmir! Azzzz... Sənnən deyiləm?

Cavan qadın yellənirdi. Yelləncək də cırıldayırdı. Sübhün sakitliyini pozan cırcır səsləri yellənən qadına elə bil layla çalırdı. Ağacların bu başından o başına uçuşan sərçələr də artıq civildəşməyə başlamışdılar. Sarıdimdiklər səhərə könül verib oxuyurdular. Süpürgəçi qadının səsi daha kobud çıxdı:

-Elə sizin kimilərdi də yelləncəkləri sındıran. O boyda arvaddı... Uşaqdı elə bil. Yer tapmadın?

-Yellənirəm də özümçün, sənə nə?- axır ki, cavan qadın dilləndi.

-Bə sındırsan kim cavab verəcək? Uşaqçündü axı!

-Qorxma, sınmaz. Möhkəmdi. Elə mən də uşaq kimiyəm də...

-Görürəm, görürəm...

Buna da bax: Görəsən o erməni snayperinin arvad-uşağı varmı?

Yellənən qadın öz aləmindəydi, ayaqlarını qabağa uzadıb cütləşdirmiş, dümdüz uzatmışdı. Əlləriylə yelləncəyin dəmir dirəklərindən tutmuş, gözlərini də yummuşdu. Süpürgəçi qadın daha heç nə demədi. Elə durduğu yerdəcə qarşı tərəfdəki oturacağın böyür-başını süpürməyə başladı. Bir qədər yan-yörəsini süpürəndən sonra yenə yelləncəyə baxdı, baxdı, çox baxdı, içinə hava əvəzinə “ah” çəkdi, gözlərini yellənən qadının ağ krassovkalarına, bədəninə kip oturmuş idman kostyumuna zillədi. Yenə “ah” çəkdi. “Əndamı yanmış, dünya heç vecinə deyil!”. Qadın süpürgəsini yenə başladı oyan-buyana fırlatmağa, süpürgəni durduğu yerdəcə yellədirdi, hərdən də gözucu yelləncəyə tərəf baxırdı. Baxışlarındakı həqarət ərimişdi deyəsən, dəli bir həsədlə əvəz olunmuşdu, nəsə demək istəyirdi o qadına. Dodaqları təpənirdi, amma ürəyində danışırdı. Hərdən olur, adam istəyəndə kiminləsə ürəyində danışır, ona suallar yağdırır, xəyalən onun əvəzinə cavablar da quraşdırır. Təxminən bax belə:

"Üz-gözünün tərinə bax bir! Səhərdən axşamadək yer süpürürəm, tərim çıxmır. Buna bax, heç işləməmiş tər tökür, hələ bir yellənir də."

"Yellənməkçün gərək tər tökəsən də!"

"Bə mən neynirəm?"

"Sən iynə olub sancılmısan ətəyimə!"

"Yəqin kitab oxuyansan, ona görə belə danışırsan?"

"Yox, kitab-zad oxumuram, kitab oxuyanlar görmürsən nə gündədi? Onlar hara, yelləncək hara?"

"Bə nə oxuyursan ki, belə dilotu yemisən?"

"Mən FB-də işləyirəm, hərədən bir şey öyrənirəm. Sən belə şeyləri bilməzsən".

"FB nədi, azzzz? O kompüter-zad deyil ki?"

"Ona oxşar bir şeydi..."

Birdən süpürgəçinin telefonu musiqi çaldı. Səs xalatının cibindən gəlirdi: "cancanadı-cancana, cancanadı cancana....". Arvad telefonu şəstlə qulağına apardı.

- Sabahın xeyir... Hə, burdayam. Həəəə... Neynirəm? Neynəyəcəm, qırılmışların zibillədiyi yeri süpürürəm! Yox e, təkəm, Şölə çıxmayıb işə! Deyir, gəlini doğub, raddomdadı. Neynim e... Hərənin bir qisməti. Mənim də qismətim süpürgəçilikdi, yellənmək deyil ki bəziləri kimi! (Bunu elə ucadan dedi ki, sanki cavan qadına eşitdirirdi!).

Süpürgəçi yenə şəstlə telefonu söndürüb yelləncəyə sarı çöndü. Görünür, nə ürəyində, nə də dilində daha ayrı söz tapmırdı deməyə. "Deyirsən, yəni mən yellənə bilmərəm?" bircə ağlına bu ürəksiz fikir gəldi, vəssalam. Qadın arabir süpürgəsini böyür-başında gəzdirir, guya ona həvalə edilmiş ərazinin təmizlik işlərini görürdü. O, əyilib zibil dolu vedrəsini qaldırdı, yaşıl rəngi oyulmuş oturacağın üstünə qoydu. Yenə başladı böyür-başını süpürməyə; gah dayanıb yelləncəyə baxır, gah “ah” çəkir, gah da başını aşağı salıb durduğu yerdəcə süpürgəsini tərpədirdi. Süpürgənin ağzı bəzən heç torpağa da dəymirdi, amma qıraqdan baxan elə bilərdi ki, qadın yer süpürür. Necə oldusa, yekə bir ağ pişik qəfildən oturacağın üstünə hoppandı və heykəl kimi yerində donub gözlərini hansısa nöqtəyə zillədi. Süpürgəçi diksindi.

Buna da bax: Kamran Nəzirli. Sahildə aləm dəymişdi bir-birinə

-Vıyyy! Bismillah! Çər dəymiş, qorxuzdun məni! Rədd ol!- deyə əlindəki süpürgəni qaldırdı ki, pişiyi vursun, heyvan ondan cəld tərpəndi, vedrənin üstündən tullanıb qaçanda vedrə aşdı, içindəki zir-zibil dağıldı. Qadın hirsləndi, pişiyin dalınca söydü:

-Əzabın artıq olsun! Səni görüm maşın vursun!

-Pişiyə qarğış eləmə! Yazıqdı, qarğışı tutar səni!- yellənən qadın yelləncəyi saxladı, getməyə hazırlaşdı. Süpürgəçi ona tərs-tərs baxdı.

Parkda və ona bitişik aralıq çığırlarda maşın yox idi. Tək-tük adamlar gözə dəyirdi. Süpürgəçinin qarğışını yellənən qadından başqa heç kim eşitmədi, təbii ki, pişik də eşitmədi. Amma heyvan bir azdan yenə göründü. Bu dəfə düz yelləncəyin dalında mil durub gözlərini cavan qadına, ya da harasa bir qədər uzağa zillədi. Pişiyin gözünə nəsə maraqlı bir şey dəymişdi deyəsən. Süpürgəçi pişiyi görmədi, əyilib zibilləri yığır, təzədən vedrəyə tökürdü. Arabir burnunun ucunda mızıldanırdı:

-Gör mənim günümə bax da! Gör də, sən allah! Biri yellənir, biri dağıdır! Axxxxxxx! Kül onda oldu başıma ki, oxumadım. Axxxx, Bəşir, Bəşir! Səni nə deyim helə, Bəşir! Niyə qoymadın oxuyum? Oxusaydım, mağıl indi....burda nə ölümüm vardı?! Yaxşı da səsim vardı! Mən də yellənərdim də, kimnən əskiyəm ki?

Yelləncəkdən aralanan cavan qadın gülə-gülə, nazlana-nazlana yaşıl kollar arasınca gedirdi. Qəribəydi ki, pişik də onun dalınca düşmüşdü. Süpürgəçi onların arxasınca tərs-tərs xeyli baxdı, bir neçə dəfə ah çəkəndən sonra süpürgəsini ağaca dayayıb yelləncəyə sarı yeridi. Sağa-sola boylandı, sonra oğrun-oğrun yuxarıya, yaxındakı hündürmərtəbəli binaların balkonlarına sarı baxdı; yelləncəyin dirəklərinin birləşdiyi dəmir çərçivənin qıraqlarını da unutmadı, istidən qupquru olmuş qara maşın yağının iyi dəydi burnuna, üç-gözünü əyib-eləmədi, əli ilə yelləncəyin dirəyinə toxundu, astadan tərpətdi, cırıldayırdı. Süpürgəçi bir anlıq tərəddüd elədi, sonra şıltaq gözəl arvadlar kimi işvəli-işvəli yelləncəyi özünə tərəf çəkib saxladı, ehtiyatla oturub yellənməyə başladı. Əvvəlcə üz-gözü əyildi, görünür, ya cırıltıdan, ya da asta yellənməkdən xoşu gəlmədi. Yelləncək yavaş-yavaş sürət götürdü. Süpürgəçi sağ ayağıyla təkan verdi, özünü daha bərkdən yellətməyə çalışdı. Deyəsən yavaş-yavaş xoşhallanırdı. "Nə yaxşı şeymiş yellənmək!" düşündü. O da cavan qadın kimi gözlərini yumdu. Ayaqlarını qaldırdı. Dümdüz bitişdirdi bir-birinə. Səhərin mehi onun tərləməmiş, lakin gündən qaralmış sifətini yalayırdı və o, bundan ləzzət almağa başladı.

Yelləncək daha bərkdən yelləndi. Qadın ayağıyla bir də təkan verdi. Bir də... bir də... hə...bir də... Elə bil kimsə arxadan onu itələyir, havaya qaldırıb endirirdi. Özündən asılı olmayaraq başladı qaqqıldamağa. Yelləncək o qədər sürət götürmüşdü ki, artıq cırıltı da kəsilmişdi, qadın xöşbəxtcəsinə gülürdü, şaqqanaq çəkirdi, qaqqıldayırdı, sonra yenə... Bü gülüşlərin ayrı tamı, ayrı ləzzəti vardı. Hə, hə, qadın gülüşlərinin ləzzəti hərəsi bir cürdü. Və birdən o ləzzətli gülüş səsləri dəhşətli çığırtı və vəngiltiylə kəsildi; necə oldusa, yelləncəyin dəmir dirəkləri qəflətən yerindən qopdu, süpürgəçi oturacaq qarışıq təkər kimi fırlanıb beş-altı metr aralıda yerləşən və üstündə bayaqkı zibil vedrəsi olan oturacağa çırpıldı. Çığırtıyla bərabər qorxunc bir vəngilti də qopdu. Bayaqkı pişik zibil vedrəsinin böyründən yerə sıçradı. Zərbə o qədər qüvvətli olmuşdu ki, pişiyi və vedrəni də yıxıtmışdı. Süpürgəçi qadın isə bir anlıq çığırıb arxası üstə yerə düşmüşdü.

Qadın istədi qalxsın, bacarmadı, ufuldadı, heysiz-heysiz inildəməyə başladı. Ağ pişik axsaya-axsaya, vəngildəyə-vəngildəyə oturacaqdan uzaqlaşmağa çalışırdı. Süpürgəçi hirsindən qəhərləndi, həqarətlə pişiyə baxdı. Ehmalca əlini tərpətdi, ətrafını aradı, çox da iri olmayan bir daş götürdü, böyrü üstə yavaşca çevrilib daşı pişiyin dalınca tulladı.

-Səni görüm...İgid öləsən! Vaşşşşş... Belim qırıldı!

Əlbəttə, daş pişiyə dəymədi. Pişik də heç qaçmadı, bir qədər uzaqlaşandan sonra kol dibində yerə çökdü və süpürgəçiyə baxa-baxa miyoldadı. Bu, miyoltu da deyildi - o, oxuyurdu, canavar kimi ulayırdı, at kimi fınxırır, inək kimi böyürürdü... sonra yenə oxuyurdu. Süpürgəçi qadının qarğışı bu dəfə daha sərt oldu, boğuq səslə: "Səni görüm yer oğurlasın!" pıçıldadı. Amma bilmək olmadı qarğışı kimə elədi - bir az öncə yelləncəkdən aralanan cavan qadına, yoxsa pişiyə...

2016.

Günün bütün mövzuları

XS
SM
MD
LG