Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:37

Gözdən yaş çıxaran Erdogan təbliğatı filmi - "İftarlık Gazoz"


Yüksel Aksunun çəkdiyi "İftarlik Gazoz" filmindən bir səhnə
Yüksel Aksunun çəkdiyi "İftarlik Gazoz" filmindən bir səhnə

"İstər-istəməz rejissora bir sual vermək gəlir adamın içindən, bu günki Türkiyə çoxmu idealdır və keçmiş istibdad rejimlər indikindən çoxmu fərqlənirdi, indiki Türkiyədə qanunsuz həbslər və müxaliflərə siyasi basqılar yoxdurmu?"

Rövşən Danyeri

“İftarlık Gazoz” və Murtaza Muradpur

Son dövrlər sosial şəbəkələrdə “İftarlık Gazoz” filminin qızğın müzakirələri gedib. Film haqqında demək olarki, heç tənqidi rəy gözə dəymir. Düzü bu bir az marağımı çəkdi, çünki çox az mövzulardan biridir ki, hamı heç bir qulp qoymadan bəyənirdi. Bəs doğurdanmı film tamamilə qüsursuzdur?

“İftarlık Gazoz” filmi Türkiyə istehsalı olub,Yüksel Aksu-nun rejissorluğunda ərsəyə gəlib. Qeyd edək ki, Yüksel Aksu bundan öncə "Dondurmalı Gaymak" filmi və "Leyla ile Mecnun" teleserialı ilə Türkiyədə tamaşaçı sevgisi qazanmış məşhur rejissorlardan biridir. "İftarlık Gazoz" filminə də rejissorun növəbəti uğuru kimi baxmaq olar. Filmdə baş rolları Cem YılmazBerat Efe Parlar oynayıb. Cem Yılmaz kimi Azərbaycanda və Türkiyədə çox tanınan və sevilən bir aktyorun təkcə adı filmin uğurlarına bir səbəbdir. Ümumilikdə Türkiyədə 1 milyona yaxın baxış olsa da, səhv etmirəmsə Azərbaycan kinoteatrlarında hələlik göstərilməyib.

Bu filmin statistik tərəfi. Keçək yaradıcı və senari hissəsinə.

"İftarlik Gazoz" filminin posteri.
"İftarlik Gazoz" filminin posteri.

Film Berat Efe Parların daha doğrusu Adəm adlı 5-ci sinif şagirdinin gəncliyə doğru uzanan hekayəsindən bəhs edir. Ağıllı və çalışqan Adəm limond satan Cibar Kemalın (Cem Yılmaz) yanında şəyird kimi işləməyə başlayır. Yeri gəlmişkən Cibar tərcümədə “böyüsə də uşaq qalan” mənasını verir. Cibar Kemal da adına tam yaraşan obrazdır. Adəm isə əksinə böyüdüyünü sübut etmək üçün yaşı az olmağına rəğmən yayın istisində limonad sata-sata bir tərəfdən də oruc tutmaq istəyir. Amma bir tərəfdən də yaşca özündən böyük Hasanın solçu (Yılmaz Bayraktar) fikirlərinə simpatiya bəsləyir. “İftarlık Gazoz” Adəmin bu dillema qarşısında qalmasını, onun Cibar Kemalla münasibətlərini yumor qarışıq yumşaq bir dillə tamaşaçıya çatdırır.

Buna da bax: "Satıcı" filmiylə Asghar Farhadi bizə deyir: 'İran cəmiyyətini tanıyın'

Türk siyasətini və indi Türkiyədə gedən siyasi prossesləri bilmədən filmə baxsaq əlbəttə gözlərimiz yaşlarla dolub boşalacaq. Şirin və məsum kəndlilər, onların tamamilə özlərinə yad bildikləri kommunistlər, cəmiyyətdəki dini gerilik, 1960-70-lər Türkiyəsinin diktaturaları, qanunsuz həbslər və s. Ancaq bu, gözdən yaş çıxaran filmin maliyyələşdiyi mənbəyə baxanada hər şey aydın olur. Belə ki, rejissor filmi çəkilməyə başladığı 2013-cü ildə Türkiyə Mədəniyyət Nazirliyindən 624 min liralıq yardım alıb. Rejissor Yüksel Aksu da bu dəstəyin qarşılığını verə bilmək üçün əlindən gələni edərkən bir yandan da Türkiyədəki indiki AKP hökümətinin piarını aparmağa çalışır.

İlk baxışdan bu film Adəmin hekayəsini danışır kimi görünsə də, əslində paralleldə Cibar Kemal və Hasanın həyatı da tamaşaçıya çatdırılır. Hasan kəndin ağasının oğlu olsa da, özü sosializmin tərəfindədir. Əslində, kənd ağası deyiləndə, türk filmlərində görməyə öyrəşdiyimiz qəddar, zalım obrazın əksinə kəndçinin yanında olan, onların dərdinə yanan bir ağa obrazı yaradılıb. Ancaq rejissorun öz dili ilə desək "əyalət şirinliyi"ni çatdırmaqla bərabər, arxa fonda heç hiss edilmədən Baş Nazir Erdogan-ın 2016-cı ilə hesabladığı Konstitusiya dəyişikliklərinə ideoloji dəstək verməyə çalışır. Belə ki filmin istehsalı bir neçə dəfə uzadılıb və 2013-cü ildə çəkilməyə başlayan film 2016-cı ildə axır ki göstərilməyə başlayıb.

Bəs gəlin görək filmdə piar adlandırdığımız səhnələr nələrdir. Məsələn, filmdə köhnə Türkiyədəki dəhşətlər təsirli şəkildə bir-bir göstərilir: Köhnə Türkiyəni çevrilişlərlə hakimiyyətə gəlmiş amansız diktatorlar idarə edir, bu diktatorlar insanları ölüm aclığı həddinə çatdıracaq qədər rəhmsizdir, insanlar kütləvi həbslərə atılır, döyülür, öldürülür. Köhnə Türkiyədə feodal qaydalar qalmaqda idi, kəndlər ağaların torpağı idi və kəndlilər ağalar üçün səhərdən axşama kimi çalışıb əvəzində qəpik-quruş alırlar. Köhnə Türkiyənin gəncləri kütləvi kommunizmə qurşanır və dindən uzaqlaşırdı. (Bu da var ki, film ilk çıxanda onu kommunist təbliğatı adlandıran tənqidçilər də tapılmışdı).

Yüksel Aksu-nun "İftarlık Gazoz" filminin treyleri.

“İftarlık Gazoz” filminin əvvəlində və sonunda Adəmin gənclik dövrü göstərilir. O, hərbçilərin çevrilişindən sonra həbsə atılır, dostları ilə həbsxanada daha yaxşı bir şərait yaradılması uğrunda ölüm orucuna başlayırlar. Limonad, limonad sayıqlayan Adəmin istəkləri qəbul olur, amma ölümdən də qurtula bilmir.

Buna da bax: "Atamın qanadları" filmi - "Türk fəhlələri necə ölürlər" sualına cavabdır...

Ümumiyyətlə Yüksel Aksu ənənəsinə sadiq qalaraq bu filmində də bütün polemikalar - din-ateizm, haram-halal, millətçilik-solçuluq xəfif yumora bələyərək təqdim edir. Məsələn, bu dialoqlar xüsusi diqqət çəkir:

Kəndçi qadınlardan biri Hasana deyir:

– Hasan sən o qədər universitet oxumusan, amma hələ də cahilsən.

– Niyə, niyə cahiləm?

– Çünki Allahını, Peyğəmbərini tanımırsan.

– Necə tanımıram, əslində Peyğəmbər də öz dövründə inqilabçı olub.

Yaxud da Hasanın kəndçilərə məsləhət verdiyi səhnə:

– Ağaya qarşı birləşməlisiniz, torpaq kəndçinindir. Həmkarlar İttifaqı yaradın.

Adəmin atası:

– Ağaya, atana deyək yaratsın.

Hasan:

– O ağadır istəyərmi ki, siz ittifaq yaradasınız.

Adəmin atası:

– Bilmirəm vallah, bizə nə lazım olsa, o yaradar. Adəmin də sünnət toyunu o, etmişdi.

Bu səhnələr qarşısında əlbəttə keçmişinə baxan vətəndaşlar bu günlərinə şükr edəcəklər. Ancaq istər-istəməz rejissora bir sual vermək gəlir adamın içindən, bu günki Türkiyə çoxmu idealdır və keçmiş istibdad rejimlər indikindən çoxmu fərqlənirdi, indiki Türkiyədə qanunsuz həbslər və müxaliflərə siyasi basqılar yoxdurmu?

Cem Yılmaz "İftarlik Gazoz" filmində.
Cem Yılmaz "İftarlik Gazoz" filmində.

Filmi izləyərək, deyə bilərik ki, rejissor Türkiyənin keçmişindəki insan haqqları üçün ölüm aclığına qədər gedən gənclərin acı xatirəsini təsvir etsə də, bu gənclərin idealları əksər türk insanları üçün yabançı, qondarma görünür, türk mentaliteti belə şeyəri həzm etmək istəmir. Ancaq bu filmə baxanda yadımıza istər-istəməz yaxın dövrdə Azərbaycanda haqq-ədalət naminə ölüm aclığına gedən gənclər, xüsusilə filmin ekranlara çıxdığı ərəfədə İran Azərbaycanında türkçülük və ana dilində təhsil almaq uğrunda tələblərinə görə həbsə düşmüş Murtaza Muradpur düşür. O, da haqsız yerə həbs müddətinin uzadılmasına etiraz edərək ölüm orucu tuturdu. Ancaq Murtaza Adəmin əksinə hökumətə də, ölümə də qalib gələ bildi və azərbaycanlılar üçün belə obrazlar heç vaxt yad və yabançı olmayıb.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG