Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

"Satıcı" filmiylə Asghar Farhadi bizə deyir: 'İran cəmiyyətini tanıyın'


"Satıcı" filmindən bir səhnə.
"Satıcı" filmindən bir səhnə.

"Bir hadisəyə müxtəlif yönlərdən baxışla rejissor Asghar Farhadi İran cəmiyyəti, onun qayda və qanunları, əxlaq və ədalət anlayışı haqda müthiş məlumat yükü çatdıra bilir".

İran kinosunun dünyaca məşhur rejissorlarından biri də Asghar Farhadidir. O çəkdiyi filmlərlə hər ik-üç ildən bir dünyaya səs sala bilir, onun son filmi 2016-cı ildə ekranlara çıxmağa başlamış “Ayrılıq” həm “Qızıl qlobus” mükafatını qazanıb, həm də “Xarici dildə ən yaxşı film” nominasiyasında Oscara namizəd göstərilib.

“Ayrılıq” filmi də əksər İran filmləri, həmçinin elə Farhadi filmləri kimi qadın-kişi münasibətlərinin qaranlıq yanlarına işıq salır. Filmin baş rollarında bundan öncə də Farhadinin filmlərində baş ya da ikinci dərəcəli rollar oynamış iranlı aktrisa Taraneh AlidoostiShahab Hosseini oynayırlar. Taraneh Alidoosti bundan öncə rejissorun “Elli haqda” filmində Elli rolunu uğurla oynamış, amma “Satıcı” filmindən ondan qat-qat böyük bir ustalıq sərgiləyir. Shahab Hosseini də elə bundan öncə “Elli haqda” filmdə Hajjit rolunu oynamışdı.

"Satıcı" filminin aktyorları Taraneh Alidoosti, Shahab Hosseini və filmin rejissoru Asghar Farhadi.
"Satıcı" filminin aktyorları Taraneh Alidoosti, Shahab Hosseini və filmin rejissoru Asghar Farhadi.

Film qazıntı işlərinə görə evləri yararsız hala düşmüş Rəna və Emad adlı cütlüyün özlərinə yaşamağa təzə yer axtararkən dini və ictimai əxlaqi qaydalarla fərdlərin toqquşmasından bəhs edir. Rənayla Emad dostları Babəkin köməyilə özlərinə kiçik bir ev tapırlar amma evin keçmişi haqda heç bir məlumatları yoxdur. Evdə əvvəl yaşamış kirayənişinin əşyalarını götürməyə gəlməməsi onlara gözlənilməz bir hadisənin üz verməsinə səbəb olur. Hər ikisi teatrda aktyorluq edən cütlük başlarına gələnlərin münasibətlərinə və teatrdakı işlərinə təsir etməməsi üçün əllərindən gələni edirlər.

Buna da bax: İranlı rejissor 'Oscar'a namizəddir

The Salesman: Satıcının Ölümü

Film öz adını filmdə surətlərin teatrda oynadığı Arthur Miller-in “Satıcının ölümü” əsəriylə paralel yaşadıqları həyatın bənzərliyindən alıb. Hər biri teatr aktyoru olan və “Satıcının ölümü”nü oynayan Rəna, Emad və Babək fərqində olmasalar da səhnədə oynadıqlarını gerçək həyatda yaşamağa başlayırlar.

Rənayla Emad yeni köçdükləri evə ilk dəfə gələndə, hamamda işığın yanmadığını görürlər. Bu hadisə evin hamamında nə isə bir problem olduğunu göstərir. Eyni zamanda əşyalarını evdən aparmayan və onları evin bir otağına yığıb qapısını kilitləyən keçmiş kirayənişinlə bağlı sirr filmin xeyli hissəsində sirr pərdəsinə bürünür. Bu sirr tamaşaçının beynini məşğul edərkən teatrda “Satıcının ölümü” tamaşasında Willy rolunu oynayan Emadınyüngül əxlaqlı qadınla diyaloqları göstərilir. Belə ki, qadın səhnədə Willy-dən ona söz verdiyi corabları tələb edir.

Filmin axışı cütlüyün xoşbəxt həyatının təsviri ilə davam edərkən filmin düyü nöqtəsinə gəlinir. Qapının zəngi çalınır və Rəna Emadın gəldiyini düşünərək qapını açır və yenidən hamama qayıdır, bu yolla naməlum kişi evə girir və əslində nələrin baş verdiyi bilinmədən növbəti kadrda artıq Emad hamamda arvadı Rənanın hücuma mərzu qaldığını öyrnir. Filmin bu yerində Emad qonşulardan evdə əvvəl yaşayan kirayənişinin yüngül əxlaqlı qadın olduğu, evə də tez-tez cürbəcür kişilərin gəldiyini öyrənir, ehtimal yaranır ki, Rənanı da belə “qonaqlardan” biri yaralayıb.Bu nöqdədə teatr tamaşasındakı corab simvolu yenidən qarşımıza çıxır, belə ki, Emad evdə bir cüt kişi corabı tapır. Məlum olur ki, ailə dostları Babək evin əvvəl kimə aid olduğunu bildiyi halda onlara bildirməyib, hətta özü də bir neçə dəfə evin əvvəlki kirayənişininin qonağı olub. Bu nöqtədə Babəklə Emad arasında yeni gərginliklər ortaya çıxır.

Buna da bax: Əsgər Fərhadinin yeni filmi indi də Toronto film festivalında

Filmin bu yerindən sonra Asghar Farhadinin bütün başqa filmlərindəki kimi obrazlar bir qeyri-müəyyənlik içinə dalıb qalırlar. Yaşadığı travmadan sonra tək qalmağa qorxan, başına gələnləri tam danışmayan Rəna və hadisələrin izinə düşüb arvadına hücum edəni tapmağa çalışan Emadla qarşılaşırıq.

Asghar Farhadinin "Satıcı" filminin treyleri.

Rənaya hücum edən adamın açarını və telefonunu yaddan çıxarıb getməsiylə sirri çözülməyə başlayan həqiqətlər bir-bir gün üzünə çıxır. Emad evdə qalmış açarları binanın önündəki maşınların qapısında bir-bir yoxlayır və axırda evinə girmiş adamın maşınını tapır. Bir-birinə dolaşıq hadisələrin sonunda maşını çörəkçidə işləyən gənc bir oğlanın sürdüyünü amma maşının yaşlı bir kişiyə aid olduğunu, kişinin də gəncin qaynatası olduğu aydınlaşır. Artıq Emad arvadına hücum edən, hətta sonda anlaşıldığı kimi onu zorlamış və bunun əvəzində evə pul da qoymuş yaşı adamı tapır, onu aldadaraq əvvəl yaşadığı, indi boş qalmış evinə dəvət edir.

Filmin bu yerində bəzi tamaşaçılar cavan bir oğlanın arvadını zorlamış yaşlı kişini döyəcəyini, hətta öldürəcəyini gözləyir, yəqin bəzi tamaşaçılarsa onun yaşlı kişini bağışlayıb buraxa biləcəyini də ehtimal edir. Ancaq bu versiyaların heç biri baş vermir. Emad yaşlı adamı evə həbs etdikdən və onun həqiqətən zorlamanın müəllifi olduğu yəqinləşdirdikdən sonra bir növ qatili qurbanla üzləşdirməyə cəhd edir.

"Satıcı" filmindən bir səhnə.
"Satıcı" filmindən bir səhnə.

Filmin son hissəsini böyük üzləşmə adlandırmaq olar. Çünki qatil və qurbanın hər ikisinin yaxınlarının toplaşdığı bir səhnə ortaya çıxır. Yaşlı kişi bir yolla cəzasını çəkməlidir, amma necə? Hər iki tərəf polisə müraciət olunmasını istəmir. Yaşlı adam istəmir çünki İran qanunlarına görə zorlamanın cəzası asılmaya qədər gedə bilər, Rəna da bunu istəmir, çünki mühafizəkar İran cəmiyyətində ərli qadının zorlanması həqiqətiylə yaşamaqdan çəkinir. Emadın intiqamı isə alınmalıdır. Çünki Emad bir müsəlman kişisi kimi şərəfini təmizləməlidir. Yenə də tamaşaçının gözləntiləri doğrulmur. İlahi ədalət özü işə müdaxilə edir. Emadın təzyiqləri və yaşlı, məsum adam obrazı yaradan kişinin etdiyi günahı boynuna almaq üçün özünü zorlaması sonda yaşlı adamın əsəb gərginliyi və infarktı ilə nəticələnir. Bir yanda yaşlı kişini aparmağa gəlmiş arvadı, qızı, yeznəsinin, digər yanda isə cəmiyyət tərəfindən nurlu qoca kimi tanınan adamın zorakı şəkildə hücum edib təcavüz etdiyi, hətta ağır yaraladığı qadın və onun əri. Bütün gözlər yaşlı adama zillənib. Bu cür ictimai basqı altında böyük utanc və vicdan əzabı keçirərək ölmək ilahi ədalətin yaşlı adamdan aldığı intiqam olur.

Buna da bax: Majid Majidinin təqdim etdiyi fərqli bir Peyğəmbər bioqrafiyası

Bir hadisəyə müxtəlif yönlərdən baxışla rejissor Asghar Farhadi İran cəmiyyəti, onun qayda və qanunları, əxlaq və ədalət anlayışı haqda müthiş məlumat yükü çatdıra bilir və demək lazımdır ki, biz bu məlumatı təkcə rejissorun dahicə qurduğu səhnələrlə deyil, filmin gözəl yazılmış ssenarisi, dialoqların təbiiliyi, obrazların gerçək həyatdaymış kimi oyunu ilə qavraya bilirik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG