Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

Majid Majidinin təqdim etdiyi fərqli bir Peyğəmbər bioqrafiyası


Majid Majidinun Peyğəmbərin həyatından bəhs edən filmindən bir kadr.
Majid Majidinun Peyğəmbərin həyatından bəhs edən filmindən bir kadr.

"“Məhəmməd: Allahın elçisi” filmi bundan öncəki “Çağırış” filmindən tamamilə fərqli, bəlkə də bir az daha çox həyati, daha çox tarixi həqiqətlərə əsaslanan bir Peyğəmbər bioqrafiyası qoyur ortaya. Demək olar ki, film başdan-ayağa Peyğəmbərin doğulduğu dövrdə Məkkədəki ictimai, mədəni vəziyyət təsvir edir."

Namiq Hüseynli

Majid Majidinin Məhəmməd Peyğəmbər haqda filmi əvvəlkilərdən nəylə fərqlənir...

Məşhur İran rejissoru Majid Majidinin 7 il bundan öncə düşünüb ssenarisini yazdığı “Məhəmməd: Allahın elçisi” filmi axır ki, ekranlarda görünməyə başlayıb. Film internetdən çox böyük diqqət və ciddiyyətlə yığışdırılıb və ona kinoteatrlardan, bir də televiziyalardan başqa baxa biləcəyiniz elə bir yer yoxdur. Filmin belə qorunmasının səbəbi isə onun İran tarixinin ən baha qiymətə başa gəlmiş filmi olmasıdır. Belə ki, 7 ilə filmin çəkilişinə nə az nə çox 40 milyon dollar xərclənib. Filmin böyük qismi İranın Tehran şəhəri yaxınlığındakı Qum şəhəridə tikilmiş dekorasiyalarla çəkilib, cəmi bir neçə səhnəsi Afrikanın cənubunda ərsəyə gəlib. Filmin çəkilişdən sonrakı bütün işləri isə Almaniyanın Münhen şəhərində aparılıb. Rejissor filmin çəkilişi üçün heç nəyi əsirgəməyib. Filmin operatoru dünyaca məşhur italyan Vittorio Storarodur, bəstəkarı isə “Gecəqondudan çıxmış milyonçu” filminin musiqisini yazmış Allah Rakha Rahmandır, həmçinin filmdə müsəlmanların sevimlisi Sami Yusufun da mahnıları səslənir. Aktyorlar isə əksər İran filmlərindəki kimi iranlılardır.

Buna da bax: Peyğəmbərdən film çəkən rejissordan ifadə alınıb

İranlı rejissor Majid Majidi.
İranlı rejissor Majid Majidi.

178 dəqiqəlik “Məhəmməd: Allahın elçisi” filmi əslində bir epopeya filmidir. Belə ki, rejissor filmi üç bölümdən ibarət nəzərdə tutub. Birinci bölümdə İslam Peyğəmbərinin dünyaya gəlişi və uşaqlığı, ikinci bölümdə gəncliyi və orta yaşlılığı, üçüncü bölümdə isə qocalığının əks olunması nəzərdə tutulub.

Filmin hələlik çıxmış ilk bölümü Həbəşistan kralı Abrahanın Məkkəyə hücumu ilə başlayır. Məkkə xalqı şəhəri tərk edib dağlara qaçır, Məhəmmədin anası isə şəhərdə qalır, Abraha əhalisinin böyük qismi qaçmış şəhəri asanlıqla tutub Kəbəni dağıtmağı qarşısına məqsəd qoyub. O minlərlə əsgər və fillər, dəvələrdən ibarət alayı ilə şəhərə daxil olmaq istəyərkən hardansa peyda olmuş quşlar dimdiklərindəki daşlarla Həbəşistan kralının ordusunu daşa basırlar və nəticədə ordusu pərən-pərən olur. Bu hadisədən düz bir ay sonra Əminənin oğlu Məhəmməd dünyaya gəlir.

Mustafa Akkadın 1976-cı ildə çəkdiyi "Çağırış" filminin treyleri.

Majid Majidi bu filmə başlayarkən yəqin ki, çiynini ağır bir yükün altına saldığını özü anlayırdı. Məsələ ondadır ki, Peyğəmbərin üzünün göstərilməsi hələ də İslam dinində bir tabu olaraq qalır. Bu tabunu pozan isə fanatik islamçılar tərəfindən ən sərt şəkildə cəzalandırılıb. 2015-ci ilin yanvar ayında Fransanın “Charlie Hebdo” jurnalına Peyğəmbərin karikaturalarını çəkdikləri üçün edilən hücuma görə, elə o ayda İranın nüfuzlu beynəlxalq Fəcr festivalında göstərilməsi nəzərdə tutulan “Məhəmməd: Allahın elçisi”nin də nümayişi qadağan olunur, İran höküməti bunu texniki səbəblərlə əlaqələndirir. Ancaq Səudiyyə Ərəbistanı və Misirdən olan ilahiyyatçılar isə filmin İslam Peyğəmbərini çiynindən göstərməsinə görə onu İslama zidd adlandıran fətvalar verdilər. Majid Majidi isə cavabında dedi ki: “Bəs Peyğəmbəri necə tanıtmalıyıq? Dövrümüzdə insanlar mesajlarını dünyaya kino və fotolarla çatdırır. Məhəmmədi dünyaya tanıtmaq üçün istənilən filmdə çalışmağa hazıram”. Xülasə ki, Majidinin filmi qeyd edilən vaxtdan bir ay sonra, özü də səs-küysüz və əlavə söz-söhbətsiz, Tehranın “Cinema Fərhəng” kinoteatrında göstərildi. Ancaq Misir, Səhudiyyə Ərəbistanı, Liviya kimi ölkələrdə göstərilməsinə qadağa qoyuldu.

Nəzərə alsaq ki, bundan öncə Peyğəmbərin həyatından bəhs edən 1976-cı ildə ekranlara çıxmış “Çağırış” filmində belə rejissor Mustafa Akkad Məhəmmədin üzünü göstərməyə və səsini əks etdirməyə cəsarət etməmişdir, o halda Majidinin filmi “Məhəmməd: Allahın elçisi”ni daha cəsarətli film hesab edə bilərik.

Buna da bax: Təbrizli rejissor İranda azərbaycanca film çəkməyin önəmindən danışır

“Məhəmməd: Allahın elçisi” filmi bundan öncəki “Çağırış” filmindən tamamilə fərqli, bəlkə də bir az daha çox həyati, daha çox tarixi həqiqətlərə əsaslanan bir Peyğəmbər bioqrafiyası qoyur ortaya. Demək olar ki, film başdan-ayağa Peyğəmbərin doğulduğu dövrdə Məkkədəki ictimai, mədəni vəziyyət təsvir edir. Quran hekayələrindən və hədislərdən də bol-bol istifadə edilmiş filmin çəkilməsində Majidinin böyük bir qrup tarixçi alim, arxeoloq, mədəniyyətşünas və s. sahələrdəki ekspertlərdən istifadə etdiyi haqda məlumat filmin titrlərində əks olunub.

Hələ bilinmir 90-lar gəncliyinin sevimli filminə çevrilmiş, illərlə TV-lərdə təkrar-təkrar göstərilən Peyğəmbər bioqrafiyası “Çağırış” filmi qədər “Məhəmməd: Allahın elçisi” də uğurlu olacaqmı. Ancaq Majidinin bu filmə xərclədiyi pul, vaxt, göstərdiyi cəsarət onda uzun müddət bəhs ediləcəyini göstərir. Gərək qeyd edək ki, bu film əvvəlkindən fərqli olaraq Peyğəmbəri bir çox kadrda ancaq çiynindən göstərir, bir səhnədə isə gözlərinin göstərilməsinə də cürət edilir. Rejissor bunu qismən göstərilən Məhəmmədin o vaxt Peyğəmbər olmadığı, hələ uşaq olduğu ilə izah edir. Ancaq bu da var ki, Majidi həm də Peyğəmbərin səsini əks etdirməkdən çəkinir, onun danışdığı yerlərdə alt yazı ilə dediklərini göstərir.

Buna da bax: Məhəmməd peyğəmbər haqda filmə Azərbaycanda baxan olacaqmı?

Majid Majidinin çəkdiyi “Məhəmməd: Allahın elçisi” filminin treyleri.

2015-ci ilin avqustunda Montreal film festivalında beynəlxalq premyereası baş tutmuş “Məhəmməd: Allahın elçisi” Türkiyə və Rusiyada da təqdim edilsə də hələlik Azərbaycanda göstərilməyib. İran höküməti filmi isə Oscar mükafatı uğrunda keçirilən 88-ci Academy Award müsabiqəsinə “Ən yaxşı xarici dilli film” nominasiyasında yarışmaq üçün göndərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG