Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

A. Solzhenitsyn: 'Zorakılığın hakimiyyətindən çıxıb yenə zorakılığın hakimiyyətinə qayıtdıq'


Rus Nobel mükafatı laureatı Aleksandr Solzhenitsyn.
Rus Nobel mükafatı laureatı Aleksandr Solzhenitsyn.

"Sivilizasiya bizi harmonik daxili aləmdən məhrum eləyib, ruhumuzu bazara çıxardıb- istər partiya bazarı olsun, istər kommersiya".

.

Oxu zalı rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Solzhenitsyn'in 1974-cü ildə İtaliya Jurnalistlər Birliyinin “Qızıl klişe” mükafatını alarkən söylədiyi nitqi təqdim edir.

Sözügedən mükafata SSRİ-dəki fəaliyyətinə görə layiq görülən yazıçı çıxışında ondan siyasi bəyanatlar gözləyənlərə rəğmən Şərq və Qərbə sivilizasiyanın inkişafı üçün vahid meydan kimi baxmağa çalışır.

Sürix 31 may 1974

İtaliya Jurnalistlər Birliyinin bu mükafatının təqdimat prinsipləri ilə tanış oldum və bu gün, 11 ildir ki, verilən mükafata layiq görüldüyümə görə nəinki sizə minnətdarlığımı bildirirəm, həm də bu qədər ləyaqətli və igid insanları, o cümlədən 1968-ci ilin bütün Praqa gəncliyini burda gördüyümə görə qürur hissi keçirirəm.

Bu gün bu mükafatı verənlər və onu alan şəxs sanki öz həyatlarını planetin fərqli hissələrində, fərqli dünyalarda, fərqli sistemlərdə yaşayıblar. O dünyalar, o sistemlər ki, onlar haqqında danışanda aralarında uçurum, böyük ziddiyyətlər olduğu, bir-birini inkar elədiyi deyilir.

Buna da bax: «Stalin repressiyalarının modernləşdirilməsi»

Amma bu həqiqətən belə olsaydı, onda bizim aramızda vahid dəyərlər olmazdı və bu mükafatı mənə vermək ideyası ağlınıza gəlməzdi. Bir halda ki, ortaq dəyərlər tapılıb, onda bəlkə çağdaş dünyamızda baş verən hadisələrə ortaq yanaşma da sərgiləyə, hətta bir-birimizdə göstərdiyimiz səylərin, elədiyimiz cəhdlərin oxşar istiqamətlərini tapa bilərik.

Dünyanın primitiv şəkildə iki sistemə bölünməsi siyasi və deməli, son dərəcə sıradan bir düşüncədir.

Ümumiyyətlə, bütün siyasi fəndlər hazır əxlaqi (ya da əxlaqsız) bilgilərlə həyata keçirilən əməliyyatlardır, insan şüuru və varlığının aşağı səviyyəsində yerləşir, qısa müddət ərzində, hər dəfə vəziyyət dəyişəndə qırılır və başqa şəklə düşür.

Çılğın siyasi damğalarla biz daha çox aldanırıq, nəinki müasir dünyamızın vəziyyətini anlayırıq.

Əgər bu gün bəşəriyyətin əsl mahiyyətini, onun ümidsizlik və ümid dərəcəsini dərk eləmək istəyiriksə - mətbuat isə öz ali hədəflərində bu məqsədi nəzərə almaya bilməz – siyasi xarakteristikadan, düsturlardan və reseptlərdən daha yuxarı qalxmağa məcburuq.

Onda görəcəyik ki – bəlkə bu, bizi o qədər də sevindirməyəcək - əsas təhlükə dünyanın iki alternativ sosial sistemə bölünməsi deyil. Əsas təhlükə odur ki, hər iki sistem xəstəliyə yoluxub, hətta bunu ümumi xəstəlik də adlandırmaq olar. Buna görə də hazırkı dünyagörüşləri ilə onların heç biri sağlam çıxış yolu vəd eləmir.

Bir neçə əsr boyunca ayrı-ayrı ölkələrin konkret inkişafına səbəb olan bütün təsadüflərin nəticəsində bu xəstəlik təbii şəkildə müasir bəşəriyyətə calaq olub və uzaq məsafədən bunu aydın izləmək mümkündü.

Bir-birinə bərk-bərk bağlanmış karuselə oturdulan biz, bizim hamımız, bütün sivil bəşəriyyətuzun bir orbital yol qət eləmişik.

Karusel atlarına minmiş uşaqlar kimi bizə də bu yol sonsuz görünürdü – həmişə irəli, irəli, bir millimetrdə sağa, ya da sola olmaz.

Bu orbital yolda bunlarla üzləşdik: İntibah- Reformasiya – Maarifçilik – qanlı inqilablar – demokratik cəmiyyətlər- sosialist cəhdlər.

Aleksandr Solzhenitsynin azərbaycanca çıxan kitabı.
Aleksandr Solzhenitsynin azərbaycanca çıxan kitabı.

Bu yol qət olunmaya bilməzdi, çünki Orta Əsrlərdə bəşəriyyəti Yer üzündə Tanrı səltənətinin zorla qurulmasından, şəxsiyyətin mövcud hüquqlarının Bütövün xeyrinə əlindən alınmasından çəkindirməyi bacarmamışdıq.

Bizi zorla Ruha dartırdılar, ona qovurdular və biz Materiyaya cumduq, ona qərq olduq. O da hüdudsuz idi. Beləcə, uzun humanist individualizm dövrü başladı, sivilizasiya “hər şeyin ölçüsü insandı və insan hər şeydən üstündü” prinsipi əsasında quruldu.

Buna da bax: “Literaturnaya qazeta”nın baş redaktoru Solzhenitsyn-ı “yıxıb-sürüdü”

Bu labüd yol bəşəriyyətin təcrübəsini həddindən adrtıq zənginləşdirdi, amma bizim gözümüzdə özünü tükətmə həddinə çatdı: yolun başında diqqətsiz qoyduğumuz, əsas vəziyyətlərdə buraxdığımız səhvlər bu gün öz intiqamını alır.

Bütün qüsurları, acgözlüyü ilə insanı hər şeydən üstün tutmaqla, Materiyaya səbirsizliklə, tələsik təslim olmaqla biz çirkin içinə, zibil bolluğuna düşdük. Bu zibil varlığımızın bütün sferalarını doldurur.

Material sferada o zibili artıq hamı görür. O, havanı, suyu, yer səthinin mənimsənilmiş hissəsini zəhərləyib, artıq mənimsənilməmiş hissələrinə də keçir; o bizim qüdrətli istehsal cəhdlərimizi də eybəcərcəsinə mükafatlandırır, məsələn, ayrı-ayrı insanların həyatında hər gün ən cəlbedici reklamlar, bağlamalar və plastmasslar zəngin şəhər zibilliyinə çevrilir. Bu zibil mənəvi sferada bizi əzir – öz nəhəngliyi ilə, gözlərimizə, qulaqlarımıza, sinəmizə yerləşməyən, sanki hamıya aydın olan, əslində isə miskin səthi ideyalarla, yalançı elmlə, çürük incəsənətlə. Öz üzərində İnsandan daha böyük məsuliyyət hiss eləməyən hər şeylə. Yəni sən, mən və insanlar..

Sivilizasiya bizi harmonik daxili aləmdən məhrum eləyib, ruhumuzu bazara çıxardıb- istər partiya bazarı olsun, istər kommersiya.

Uzun əsrlər boyu getdiyimiz yol sosial sfereda bizi bəzi hallarda anarxiya həddinə, digər hallarda stabil despotizmə gətirib çıxardıb. Bu iki dəhşətli son arasında demokratik hakimiyyətlər gözlərimizin önündə bir-birinin ardınca köməksiz, haqsız vəziyyətə düşür – çünki kiçik və böyük insan qrupları özlərini Bütövun xeyrinə məhdudlaşdırmaq istəmirlər.

Nə isə Bütöv, Ali bir şey olmalıdı. Amma hardasa qırdığımız, bizim çılğınlıqlarımıza və məsuliyyətsizliyimizə sərhəd qoyan bu düşüncə müasir, qəddar istibdadlar tərəfindən möhkəm gizlədilir və vaxtı gələndə Sosializm adı ilə təqdim olunur. Ancaq lövhədə gördüyünüz yalançı reklam, terminin araşdırılmamasının nəticəsidi: yarım əsr göstərdi ki, biz orda da kütləvi şəkildə kiçik bir qrupun – özü də ən miskin, ən zibil adamlardan ibarət qrupun firavanlığına peyin tökməklə məşğul olmuşuq.

Aleksandr Solzhenitsyn 20 il ABŞ-da mühacirətdə yaşadıqdan sonra 1994-cü ildə ölkəsinə qayıdır.
Aleksandr Solzhenitsyn 20 il ABŞ-da mühacirətdə yaşadıqdan sonra 1994-cü ildə ölkəsinə qayıdır.

Bu yol ona görə orbital oldu ki, biz zorakılığın hakimiyyətindən çıxıb yenə zorakılığın hakimiyyətinə qayıtdıq – düzdü, hələ hamı yox, amma hər kəsə yoluxmuş iradə zəifliyi xəstəliyini və itirilmiş perspektivləri nəzərə alsaq, tezliklə hamı bu təhlükə ilə üzləşəcək. Orbiti alçaldıcı şəkildə qapanmaq təhlükəsi gözləyir.

Belə görünür ki, indi sivil bəşəriyyət dünya tarixinin (həyatın, varlığın və dərketmənin) dönüş nöqtəsinə çatıb. Bu, öz əhəmiyyətinə görə Orta Əsrlərin Yeni zamanlara keçdiyi nöqtəyə bərabərdir. Kaş ki, öz laqeydliyimiz və mənəvi düşkünlüyümüz ucbatından bu döngəni gözdən qaçırmayaq.

Buna da bax: SSRI-nin çöküşü əslində bu romandan başlandı...

Bir vaxtlar, məhz, sizin ölkə, İtaliya əvvəlki tarixi dönüş nöqtəsini bizə göstərən ilk ölkə olmuşdu. Ola bilsin ki, indi də siz hazırkı vəziyyətimizin ümidsizliyini hamıdan əvvəl hiss eləyirsiniz və sizin həssaslığınız daha yuxarı orbital səviyyəyə keçməyimizi asanlaşdıran yeni formalar tapmağa kömək edəcək. Elə bir səviyyəyə ki, biz orda fiziki və mənəvi təbiətimiz arasında layiqli harmoniya tapmağı, ona riayət eləməyi öyrənəcəyik.

Elə bir mənəvi yüksəkliyə qalxacağıq ki, İnsanın kainatın əşrəfi olmadığını, onun üzərində Ali Ruh dayandığını kəşf eləyəcəyik.

XIV, yaxud XVI əsrlərin sakit axışı ilə müqayisədə müasir həyatın qorxunc tempi ucbatından həmin dönüş nöqtəsini qavramağa və reallaşdırmağa həddindən artıq az vaxtımız qalır.

Ötən yüzilliklərin qanlı təcrübələrini də nəzərə alsaq, seçdiyimiz dəyişiklik forması da daha ali və dərin olmalıdı: Biz artıq bilirik ki, dövlətləri fiziki silkələmək, zorakı çevrilişlər işıqlı gələcəyə yox, ən pis şəkildə məhvə, ən dəhşətli amasızlıqlara yol açır. Odur ki, hətta qarşıda bizi xilasedici inqilablar gözləsə belə, onlar mənəvi inqilablar, yəni bizim hələ kəşf etməli, öyrənməli və həyata keçirməli olduğumuz yeni bir fenomen olmalıdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG