Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:36

'Bu kitabı çox sevirəm. Onun obrazı da mənim kimi işsizlikdən əziyyət çəkir'


Azerbaijan - Emin Aliyev, Azeri poet

Emin Əliyev

Axşamçağı hüznü

esselər

***
Sənət ruhunun tənbəlliyimi məğlub etdiyi bir günün sonunda İçəri Şəhərdə yerləşən evlərin damının birində, açıq havada baxdığımız filmi xatırlayıram. Səyyar kinoqurğu (projektor) vasitəsilə işıqlandırılan filmi həmişəki kimi yanaşı oturaraq ay işığının özünü göstərməyə başlayan bəyaz gecəsinin müşaiəti altında izləyirdik. Şəhərin sənətçi, əldə-qayırma, epatajçı gənclərindən xeylisi də orada idi. Axşam-axşam çöldəki qışın soyuğundan özümü müdafiə edərkən oradakı isti mühiti hiss etdim həm də. Filmi internetdə axtarmağa çalışdım amma əlimə heç nə keçmədi. Yalnız rejissorun adını və film haqqında bəzi məlumatları tapdım. Yorulmayıb bir az da axtarış etdikdən sonra rejissoru sosial şəbəkələrdən birində tapdım. Tapdım və ona yazdım – lakin, indi mən bu dialoqları yazmaq fikrində deyiləm, çünki, siz bunları təsəvvür edərkən bu basmaqəlib təkrarçılıq olacaq. Xanım rejissor dialoqun sonunda mənə bunları yazdı: “Təəssüf ki, filmin yayınlanmaq hüququ yoxdur və buna görə də sizə kömək edə bilməyəcəyəm. Lakin, bir daha göstərilsə mən sizə xəbər verərəm”. Belə. Təəssüratım həmin andaca yorulub əldən düşdü. Film sadə, futuristik (hər halda onlar belə deyirdilər) ab-havalı bir film idi. Bitib, üstündən 10 dəqiqə keçəndən sonra müşahidə etdim ki, digər izləyicilər də göstəriyə mənim kimi donuq qalıblar. Hamı alqışlasa da, anlamaları sual altında idi. Əslində, məni bu filmə baxmağa cəzb edən təəssürat o damda yaşadığım axşamüstü hüznü idi. Və ən qəribəsi isə rejissorun cavabı idi. Rejissorun vizual xəyalı bölgüsündə gözümünün önündən bütün Don Kixotlar gəlib keçdi. Çoxunun belə davrandığını gördüyümə görə artıq mən onları sözdə nizamlamaq qərarı aldım: Biz onları nə üçünsə axtarırdıq. Lakin, onlar anlaşılmaz film çəkməmiş, saxta və təsadüfi şeirləri yazmamış, yarımçıq qalmış romanlar başqalarının qələmindən çıxıbmış kimi davranırdılar. Mən isə heç birinə bir cümlə də deyə bilmirəm. Onları yuxarıdakıları etmədiklərinə inandırıram hələ də. Həm də Dostoyevski misal çəkir axı: “Həqiqət hər şeyin atasıdır. Öz eqomuzun belə”. Hə?

Buna da bax: İndiyə kimi Təhminə adlı 32 qadın tanımışam (hekayə)


* * *


Yenə bu çətin günlərdən birində fransız musiqiçi Stromae-ni dinlərkən birdən xatırladığım cümlə beynimdəki sualların cavablarını bir az da keçmişə apardı. Bizə ara-sıra yaşlı nəslin nümayəndələri bir məsləhət görərdilər. Bu qısa cümlə hələ konkret olmadığı zamanlarda qulağa xoş gəlməsə də sonralar mənası aydınlaşdı. “Başınızı tərpədən musiqi dinləyin, ayağınızı yox”. Bu söhbət hardasa atadan oğula ötürülən antik əşya məxsusluğunda idi. Əvvəl fikirləşdim ki, görəsən dinlədiyim bu modern fransız musiqiləri arasında başımızı tərpədəni varmı? Və bir sənətçini ön plana keçirdim: Stromae . Bunu çox uzatmağa dəymədiyinə görə də onu burada qoyub keçirəm misalın mahiyyətinə.

Bu misalı xatırlayanda bədahətən iki termini də xatırladım: Dram və Faciə. Dram bizim ayağımızı tərpədirdi həmişə. Faciə isə başımızı. Başqa cür ifadə etsək, dram bizim duyğularımızın, faciə idrakımızın fəaliyyətə keçməsi ilə nəticələnirdi.

Bəs nə yazdığının deyil, necə yazdığının önəmli olduğu çağdaş dövrümüzdə bu bölgülərin bir önəmi qalıbmı ?

* * *

İşsizliyin şərq və qərb halı var. İspaniya əyalətindən bir sənədli filmə baxırdım. Daha dəqiq bu "Somewhere Street" verilişinin Xerez bölümü idi. Film standart səyahət proqramları kimi şəhərin mədəniyyətini, nümunələrini göstərməkdə davam edirdi. Qalaya bənzər binaların təsiri altında şəhərdə günəş batarkən onlar bir gənc oğlana yaxınlaşıb əlindəki "Cinayət və Cəza" kitabını nəyə görə oxuduğunu soruşdular. O isə qısa olaraq belə cavab verdi : "Bu kitabı çox sevirəm. Onun obrazı da mənim kimi işsizlikdən əziyyət çəkir və ruh halımız uyğun gəlir”.

Bilmirəm, nədənsə mən bizim buralarda işsizlik zamanı kitab oxuyan gəncə rast gəlməmişəm. Bu cəmiyyətin maariflənməsi ilə bağlı bir problem deyil. Sadəcə, o gəncin üzündən ümid, özünə və ən əsası da ətrafına inam tökülürdü. Yoxsa ki, kimə lazımdı bu sirat körpüsü üzərindəki sentimentallıq, sabah sağ qalacağımıza əmin olmadan ?

Buna da bax: "Əzilənlərin teatrı" cəmiyyətdə nələri dəyişdirirdi...

* * *

“Xətt məşğuldur. Xahiş olunur bir az sonra zəng edəsiniz.”
Azəriqazın qaynar xətti həmişəki kimi məşğuldur.
“Gəlin bu otağa. Bura daha az soyuqdur” cümləsini deyərkən göy dodaqlarımdan çıxan buxar hardasa məni güldürür, sonra ciddiləşdirir. Pəncərədən baxarkən yağış yağıb bir az əvvəl sən demə. Xəbərim yoxmuş. Sağdakı evin divarına neçə illərdir yapışmış tünd yaşıl sarmaşıqlar da yağışdan öz payını alıblar. Barmaqlarımın ucu ilə şüşədəki dumanlığı silib həyətə baxanda səma həmin o sarmaşıqların tünd rəngini almağa başlayırdı.
Xətt hələ də məşğuldur. Şüşə soyuqdan dumanlanmağa davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG