Dövlət əmlakından icarə müqaviləsi əsasında yararlanan bir çox sahibkar ağır durumda qalıb. Onlar obyektləri özəlləşdirmək təklifinə müsbət cavab vermədiklərindən, indi həmin obyektləri başqaları satın ala bilər.
Fevralın 28-də hərrac olacaq
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istifadədə olan 20 daşınmaz əmlakı satışa çıxarıb. Elanda bu obyektlərin qiymətləndirildiyi və özəlləşdirmək məqsədilə icarəçiyə təklif edildiyi bildirilib. İcarəçi isə həmin məbləği ödəməyib. Fevralın 28-də keçiriləcək hərracda bu obyektləri başqa şəxslər ala bilər.
Buna da bax: Sumqayıtda torpağın sotu neçəyədir: rəsmi və qeyri-rəsmi?
Çoxu Bakının mərkəzindəki binaların zirzəmisində yerləşən bu obyektlərin ümumi sahəsi 1400 kvadratmetrdir. Komitə onlara toplam 900 min manatdan yuxarı qiymət müəyyənləşdirib.
İndi icarəçi olmaq da çətindir
ƏMDK ilk dəfədir ki, icarə müqavilələri üzrə sərt tədbirlərə əl atır. Təcrübə göstərir ki, öncəki illərdə icarəçilər işlətdikləri obyekti satın almaqda çətinlik çəkmirdilər və bu tip özəlləşdirmə qanunvericiliyə uyğun olaraq, hərrac keçirilmədən baş tuturdu. İndi, görünür, bir çox icarəçi iqtisadi böhran üzündən özəlləşdirməyə vəsait tapmaqda çətinlik çəkir.
Buna da bax: Oğuz şərab zavoduna sərmayəçi axtarılır
2 mindən çox dövlət obyekti icarədədir
Komitə, hələlik, ötən il qeyri-yaşayış sahələrinin icarəyə verilməsi vəziyyəti haqda statistikanı açıqlamayıb. Daha bir il öncə 500-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilmiş, 800 obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılmış, 400-ə yaxın icarə müqaviləsi isə ləğv edilmişdi.
Hesablama Palatası builki dövlət büdcəsinə rəyində göstərir ki, ƏMDK-nın sərəncamında toplam sahəsi 3 milyon 353 min 200 kvadratmetr olan 8 min 815 qeyri-yaşayış təyinatlı bina və binaların ayrı-ayrı hissələri (zirzəmi, yarımzirzəmi və s.) var. Bunun 317 min kvadratmetri 2 min 33 icarəçiyə verilib.
Buna da bax: Əmlak komitəsindən kvadratmetri 2 manata zirzəmi təklifi
Saqqaldan kəsib bığa yapışdırmaq?
Özəlləşdirmədən daha çox vəsait əldə etmək «qayğısına qalan» komitə xeyli sayda obyekti satışa çıxarmaqla icarə haqları planını kəsirdə qoymaq təhlükəsi ilə üzləşə bilər.
Hesablama Palatası büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz dövlət əmlakının icarəyə verilməsindən bu il büdcəyə 113 min manatın, kommersiya əsaslı müəssisə və təşkilatlardakı əmlakın icarəsindənsə 2 milyon 568 min manatın daxil olacağını proqnozlaşdırır. Təkcə kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda əmlak icarəsindən gəlirin 25,5 faiz artacağı düşünülür.