Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:47

Üzeyir Hacıbəyovun sevdiyi qadın və xidmət etdiyi iki hökumət arasında keçən həyatı


Üzeyir Hacıbəyov və həyat yoldaşı Məleykə xanım.

Elnur Musayev Bədəl

Üzeyir Hacıbəyovun uşaqlığı, sevdiyi qadın və xidmət etdiyi iki hökumət dövründə keçən həyatı [araşdırma]

Qartal kimi qanadlanıb fəzaları aşarsan.
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın kamalı.
Zaman görmüş, dünya görmüş müqəddəs bir vətənin
Övladısan!.. Şərəfindir, şöhrətindir bu sənin.
Hər dil açıb danışdıqca yaratdığın nəğmələr.
Günəş kimi bayraq çəkir xəyalıma min səhər...
Min səhər ki, onun hüsnü şeir qədər gözəldir...
Yaratdığın o günəşlər, o çəmənlər gözəldir.
Gözəlliyin heykəlidir sənətində canlanan.
Vətən mülki alqış deyir bu sənətə hər zaman!
Dil açdıqca rübabının o mənalı telləri.
Ürəyində min ney tutur Azərbaycan elləri...
Nəğmən gəzir çəmənləri gözəllərin dilində,
Sevdasına qanad verir bülbülün də, gülün də...
Nə zaman ki ümman olub dalğalanır ürəyin,
Mən duyuram mənasını min müqəddəs diləyin,
Sən ki həyat aşiqisən... qoy bu eşqin var olsun...
Nəsillərdən nəsillərə adın yadigar olsun!
Qartal kimi qanadlanıb fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın kamalı

(S.Vurğun tərəfindən tələsik yazılan bu şeir uzun müddət Ramazan Xəlilovun arxivində saxlanılıb)

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də ( 5-də) Ağcabədidə anadan olmuşdur. Bəzi mənbələr isə bu barədə yazırlar: “Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabr ayının 18-də o zaman Şuşanın kəndlərindən olan Ağcabədidə doğulmuşdur”. Atası Əbdülhüseyn Hacıbəyov Kərbəlayi Ələkbər bəyin qızı Şirin xanımla evlənmişdir. Üzeyirin atası Əbdülhüseyn Qarabağın sonuncu hakimi Natəvanın işçisi idi. Xanlığın Ağcabədidəki təsərrüfatını idarə etmək də ona həvalə olunmuşdu. Əbdülhüseyn Hacıbəyov təxminən 1901-ci ildə vəfat etmişdir. Üzeyir bəyin ailəsi Şuşa qəzasının sayılıb seçilən insanları idilər. Anası Şirinbəyim xanım Qarabağda tanınmış Əliverdibəyovlar ailəsinin qızı idi. Onun qardaşı Ağalar Əliverdibəyov Polşada təhsil almışdı və mühəndislik sənətinə yiyələnmişdi. Ağalar həm də gözəl tar çalardı və balaca Üzeyirə də ilk dəfə tar çalmağı o öyrətmişdi. Üzeyir Hacıbəyovun uşaqlıq və gəncliyinin ilk çağları Şuşada keçmişdir.

Üzeyir Hacıbəyov atası Əbdülhüseyn Hacıbəyovla birgə.
Üzeyir Hacıbəyov atası Əbdülhüseyn Hacıbəyovla birgə.

1 sentyabr 1892-ci ildə, Üzeyir yeddi yaşında ikən atası onu Şuşa mədrəsəsinin müdərrəsi Mirzə Mehdinin yanına aparmışdır. Bəzi ehtimallara görə Əbdülhüseyn Üzeyiri mədrəsəyə yox, fərdi qaydada dərs almaq üçün Axund Mirzə Mehdi Həsənzadənin evinə aparmış, o da qarşılıqlı razılaşma əsasında Üzeyirə Azərbaycan, fars və ərəb dillərini öyrətmişdi. Unutmayaq ki, uzun müddət nəinki ali məktəbi, indiki anlamda orta ixtisas məktəbi, texnikumu, kolleci belə olmayan Azərbaycanda mədrəsə ən mükəmməl ibtidai təhsil verən məktəb idi.

1 sentyabr 1897-ci ildə Üzeyir Hacıbəyov Şuşa şəhərində təzə qəbul olunduğu Rus-Azərbaycan məktəbində (o zamankı adı: Russko-tatarskaya şkola) təhsil almağa başlamışdır. Bu tipli məktəblər XIX əsrin son rübündən etibarən Azərbaycanda tədris olunmağa başlayan yeni təhsil ocaqları idi. İlk bu cür məktəb 1875-ci ildə Qazaxda işə başlamışdı. Rus dilinin öyrədilməsinə proqramında geniş yer verilən bu məktəblər vasitəsilə hökumət bir tərəfdən rus dilinin Azərbaycanda geniş yayılmasına çalışır, digər tərəfdən də yerlərdəki rəsmi təsisatlarda öz ana dilini də bilən yerlilərdən faydalanmaq məqsədini güdürdü. 1886-cı ildə yaradılmış Şuşa məktəbinin şagirdləri azərbaycanlılardan ibarət idi. Şuşa Rus-Azərbaycan məktəbində Azərbaycan, rus dilləri, hesab, coğrafiya, tarix, şəriət dərsləri keçirilirdi.

Üzeyir Hacıbəyovun təhsil aldığı illərdə Şuşa Rus-Azərbaycan məktəbinin direktoru tanınmış ədəbiyyatçı, jurnalist Haşım bəy Vəzirov (1862-1916) idi. O, Şuşa şəhərində doğulmuş, İrəvan müəllimlər seminariyasını bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada uzun müddət müəllimlik etmişdi. Ədəbiyyatı, mətbuatı sevmiş, Azərbaycan folklorundan topladığı nümunələri SMOMPK-da çap etdirmişdir. Şekspirin "Otello" faciəsini ilk dəfə Azərbaycan dilinə çevirmiş, həvəskarlar dəstəsində aktyor kimi çıxışlar etmiş, bəzi dram əsərləri yazmışdır. Ən başlıcası isə, güclü publisist kimi fəaliyyət göstərmişdir. "İrşad" qəzetində redaktorunu əvəz etmiş, "Tazə həyat", "İttifaq", "Səda", "Sədayi-həqq", "Məzəli", "Kavkazets" kimi mətbuat orqanlarının redaktoru olmuşdur. Üzeyir bəy 1899-cu ildə Şuşa Rus-Azərbaycan məktəbinin tam kursunu müvəffəqiyyətlə bitirmiş, məhz orada aldığı biliklər və istedadı, şəxsi çalışqanlığı sayəsində qəbul imtahanlarını uğurla (eyni zamanda çətinliklərlə də üzləşib) verib Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul edilmişdi.

Burada oxucuların marağını nəzərə alıb üç mübahisəli məsələyə də aydınlıq gətirmək istəyirəm.

Üzeyir Hacıbəyov 1899-cu ildə çətin imtahan vermişdir. O, məktəbin qəbul qaydalarında nəzərdə tutulmayan sorğu-suala da çəkilmiş, buna baxmayaraq seminariyanın aşağı hazırlıq sinfinə , özü də məktəbin "dar qapısından" qəbul edilmişdir.

Bu çətinliyin səbəbi nə idi?

Qori müəllimlər seminariyasının direktoru- çar məmuru M. A. Miropyevin azərbaycanlı uşaqların təhsil almasına düşmən münasibətinə, imtahanlarına törətdiyi dözülməz çətinliklərə yaxşı bələd olan C. Məmmədquluzadə özünəməxsus məzəli dil və kinayə ilə yazırdı ki, "...Allah Miropyevin vücudunu bibəla eləsin. Bir müsəlman uşağı gəlib ərizə verərdi ki, "Mən istəyirəm seminariyaya girim". Cənab Miropyev əyilib diqqətlə baxardı cavanın üzünə, ərizəni qaytarıb verərdi və deyərdi: Bala, səni götürə bilmərəm, ondan ötrü ki, qaşın qaradır..." Lakin ağıllı, istedadlı, inadkar cavanlar bu müqaviməti qırırdılar.

Buna da bax: Axundzadənin naməlum həyatı - İki evliliyi, bədbəxt ailəsi, repressiya olunmuş nəvəsi

1899-cu ildə Qori müəllimlər seminariyasının aşağı hazırlıq sinfinə qəbul olunanlar bunlardır: Vəli Vəliyev, Zülfüqar Hacıbəyov, Abbas İsmayılbəyov, Qulam Vahabov, Həmid Əfəndiyev, Sayad Namazov, Əyyub Bidadov, Əli Terequlov, Üzeyir Hacıbəyov.

Qori müəllimlər seminariyasının 1904-cü il məzunları, Üzeyir Hacıbəyov aşığı sırada soldan birinci.
Qori müəllimlər seminariyasının 1904-cü il məzunları, Üzeyir Hacıbəyov aşığı sırada soldan birinci.

1904-cü il uyun ayının 1-də Üzeyirə təhsili müvəffəqiyyətlə bitirmək haqqında şəhadətnamə və ibtidai məktəb müəllimi adı verilmişdir.

Üzeyir Hacıbəyovla oxuyan Zülfüqar Hacıbəyov kimdir?

Zülfüqar Məmmədbəy oğlu Hacıbəyov 1885-ci ildə Şuşada anadan olmuşdur. 1904-cü ildə Qori seminariyasını bütün əsas fənlərdən "5" qiymətlərlə bitirmişdir. Seminariya həkiminin rəyinə görə, Z. Hacıbəyov canının qeydinə qalmamış, xəstə-xəstə oxumuşdur. Bir müddət Gəncədə sənət məktəbində müəllimlik etmişdir.

1906-cı ilin baharında Zülfüqarın xəstəliyi şiddətlənir. O, Qoriyə həkimin yanına gəlir. Nakam gənc aprelin 15-də (21 yaşına çatmamış) burada vəfat edir.

Firidun bəy Köçərli cənazəni Şuşa şəhərinə gətirir. Qori şəhəri qubernatorunun verdiyi icazənamədən məlum olur ki, Zülfüqar onun bacısı Afərin xanımın oğludur.

Yeri gəlmişkən, qeyd edim ki, Üzeyir Hacıbəyovun seminariyada sevimli müəllimlərindən biri də Firidun bəy Köçərli idi. 1 iyun 1904-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdiyinə dair Üzeyir Hacıbəyova verilmiş şəhadətnamədə onun sevimli müəllimi, mənəvi atası Firidun bəy Əhməd ağa oğlu Köçərlinin də mübarək imzası var.

Deməli, Ü.Hacıbəyovun böyük qardaşının da adı Zülfüqardır, sinif yoldaşı və dostunun da. Onun qardaşı, tanınmış bəstəkar Zülfüqar Hacıbəyov Qori seminaruyasında oxumamışdır.

Bir sıra mənbələrdə deyildiyinə görə, M. Maqomayev Ü.Hacıbəyov ilə bir sinifdə oxuyub. Ü.Hacıbəyovun ilk sinif yoldaşları arasında isə onun adı və soyadına rast gəlmirik.

Zaqafqaziya Qori müəllimlər seminariyası (hər şöbənin nəzdindəki ibtidai məktəb nəzərə alınmasa) hazırlıq sinfindən, birinci əsas sinifdən, ikinci əsas sinif və üçüncü əsas sinifdən ibarət idi. "Tatar şöbəsi" adı ilə tanınmış müsəlman uşaqlarının oxuduğu şöbədə isə müstəsna hal olaraq iki hazırlıq sinfi (aşağı hazırlıq sinfi və yuxarı hazırlıq sinfi) var idi. Burada uşaqları imtahanda müəyyən edilən biliyinə görə: ya aşağı hazırlıq sinfinə, ya da yuxarı hazırlıq sinfinə götürürdülər. Üzeyir Hacıbəyov aşağı hazırlıq sinfinə qəbul edilmişdi.

Buna da bax: Mirzə Cəlil və onun "Molla Nəsrəddin"i haqda bilinməyənlər [araşdırma]

Təbiidir ki, 1899-cu il siyahısında M. Maqomayevin adı yoxdur. Elə də olmalıdır. Ona görə ki, Əbdülmüslüm Maqomayev məktəb yoldaşları Azad ƏmirovƏbdülqədir Əlqədari ilə birlikdə seminariyaya (yuxarı hazırlıq sinfinə) 1900-cü ildə sentyabrından yuxarı hazırlıq sinfində birgə oxumağa başlamışdılar.

Qori seminariyasının quruluşu barədə tam təsəvvür yaratmaq üçün iki məsələ də aydınlaşdırılmalıdır. Birincisi budur ki, həmin seminariyada paralel siniflər yox idi. Məsələn, 1900-1901-ci dərs ilində bir yuxarı hazırlıq sinfi, bir birinci əsas sinif, bir ikinci əsas sinif və bir üçüncü əsas sinif var idi. Aşağı hazırlıq sinfində ancaq müsəlman uşaqları oxuyurdular. Onlar yuxarı hazırlıq sinfindən başlayaraq daha ayrı yox, bütün başqa millətlərdən olan seminaristlərlə, ayrı dini etiqaddan olan yoldaşları ilə birgə təhsil alırdılar.

Deməli Ü. Hacıbəyovun M. Maqomayevlə 1899-cu ildə deyil, 1900-cü ildən etibarən tanış olduqları, birincinin təhsilini beş ilə, M.Maqomayev isə dörd ilə bitirdiyinin səbəbi budur.

Seminariyanı 1904-cü ildə bitirən 17 gənc arasında Ü.Hacıbəyov və M.Maqomayevin adı var

Üzeyir bəy Qori Müəllimlər Seminariyasında oxuyarkən sinif yoldaşlarından biri, artıq yuxarıda qeyd etdiyim kimi Üzeyir Hacıbəyovun gələcək həyat yoldaşı Məleykə xanımın qardaşı Əli Terequlov (1883-1950) olub. Təbiətən çox mehriban olan Üzeyir bəy tez bir zamanda sinif yoldaşlarının sevimlisinə çevrilir, o cümlədən də Əlinin. Xüsusən də Üzeyir bəyin musiqiyə olan marağı onun Əli ilə dostlaşmasına səbəb olur. Onlar dərsdən sonra seminariyada birlikdə dərslərə hazırlaşar, seminariyanın həyətində gəzişərdilər. İstirahət günləri isə Əli Üzeyir bəyi Tiflisin görməli yerləri ilə tanış edər, hərdən də evlərinə qonaq aparardı.

Buna da bax: Üzeyir Hacıbəyov. Aləm şair oldu

Əli Terequlovun xatirələrindən göründüyü kimi, Üzeyir də bir qisim yoldaşları kimi bəzi yay tətillərində Şuşaya, evlərinə getməyib Qoridə seminariyanın pansionunda dincəlirmiş. Əyalətdən gəlmiş azərbaycanlı gənclər belə tətil günlərində hərdən Qafqazın mədəniyyət mərkəzlərindən olub, öz tamaşa müəssisələri ilə çox maraqlı və cazibədar Tiflis şəhərinə gedərək teatrlarda, konsertlərdə, sirk tamaşalarında olar, gürcü paytaxtının görməli yerlərini gəzərdilər. Belə səfərlər zamanı Üzeyir bəyin seminariya yoldaşı və səmimi dostu Əli Terequlovun xahişi ilə onların Tiflisdəki mənzilində gecələyərmiş. O, Əlinin bacısı Məleykə xanımla ilk dəfə burada, onların mənzilində görüşmüş, bu qızı ürəkdən bəyənmişdi.

Yuxarıda adı çəkilən Terequlovlar ailəsi əslən Volqaboyu tatarlarından idilər. Bu ailənin əsası Səfərağa Terequlov tərəfindən qoyulmuşdur. 20 il Qafqazda, mühəndis alayında rekrut xidmətində olan S.Terequlov ordudan tərxis edildikdən sonra, 1845-ci ildə ailəsi ilə (həyat yoldaşı, iki oğlu- Həsən və İbrahim, qızı Fatma xanım) Tiflisə köçmüşdür.Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanımın, qayınları Hənəfi və Əli Terequlovların atası olan Həsən Səfərağa oğlu Terequlov (1835-1911)- maarifçi, ictimai xadim olmuşdur. 1880-cı ildə, qardaşı İbrahimlə birlikdə Tiflisdə ilk dəfə olaraq qızların və oğlanların birgə oxuması üçün nəzərdə tutulan rus-tatar məktəbi açmışdır. O, Tiflisdə sünnilər məscidinin rəhbəri olmuşdur.

Əli Terequlov Bakıya köçərək "Hacıbəyovlar qardaşları" truppasına qoşulmuşdur. 1908-ci ildə "Leyli və Məcnun" operasının ilk tamaşasında birinci skripkanın partiyasını ifa etmişdir. Ə. Terequlov Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin fəal iştirakçısı olmuşdur.

Üzeyir Hacıbəyov Müslüm Maqomayev, Hənəfi Terequlov və Hüseynqulu Sarabski ilə birgə Bakıda, 1917-ci il.
Üzeyir Hacıbəyov Müslüm Maqomayev, Hənəfi Terequlov və Hüseynqulu Sarabski ilə birgə Bakıda, 1917-ci il.

Hənəfi (Məhəmməd Hənəfi) Həsən oğlu (1877-1942)- müğənni (bariton), sonralar teatr xadimi, ictimai xadim olmuşdu. 1899-cu ildə Qori seminariyasını bitirmişdir. Azərbaycanda opera xorunun təşkilatçılarından və "Hacıbəyov qardaşları" truppasının üzvü kimi ilk opera tamaşalarının əsas ifaçılarından olmuşdu.

Terequlovlar ailəsi haqqında oxucuda təsəvvür yaratmaq üçün bir faktı qeyd etmək lazımdır. Azərbaycan xalqının böyük oğlu Mirzə Fətəli Axundzadə bu ailəyə tez-tez qonaq gələrdi.

1893-cü ildə dünyaya göz açan, Məleykə xanım da belə bir kübar ailədə boya-başa çatmış, tərbiyə almışdı. Böyük bacısı Badigülcamalın musiqiyə, təhsilə olan marağı, təbii ki, balaca qızcığaza da təsir etmişdi. Odur ki, ilk təhsilini “Rus-tatar” məktəbində olan Məleykə xanım bundan sonra Tiflisdəki I Qızlar Gimnaziyasınında təhsilini davam etdirir və buranı bitirdikən sonra rus dili müəllimi kimi pedoqoji fəaliyyətə başlayır.

Buna da bax: Google Üzeyir Hacıbəyovun doğum gününü qeyd edir

Üzeyir bəy Terequlovlar ailəsinin elə bir sevimli üzvünə çevrilmişdi ki, 1906-cı ilin aprel ayında Terequlovların böyük qızı Badigülcamalla Müslüm Maqomayev Tiflisdə qanunu nikaha girəndə (Məleykə xanımın digər bacısını isə Pənah Qasımov almışdı. Pənah Qasımov 1925-ci ildən Ali Pedaqoji İnstitutun və Maarif Kadrlarının Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir - Elnur) bu sənədi Qafqaz müftisi ilə yanaşı, Müslümün ən yaxın dostu Üzeyir bəy də imzalamışdı. Üzeyir bəy də xoşbəxtliyini bu ailədə tapdı. “Leyli və Məcnun” operasının tamaşasından sonra bəstəkarın həyatında ikinci əlamətdar hadisə 1909-cu il dekabrın 20-də baş verir, o, Tiflisdə ikən dostluq etdiyin Terequlovların bacısı, Məleykə xanımla evlənir. Qeyd etmək lazımdır ki, Üzeyir bəy 1904-cü ildə seminariyanı bitirib Vətənə qayıdarkən Məleykə xanımı Tiflisdə qoymuşdu. Bir müddət bu sevgini gizli saxlasa da, axırda hər şeyi anasına danışmışdı. Anası Üzeyirin bu istəyinə qarşı çıxmadı və onlar ailə qurdular.

Üzeyir Hacıbəyov xanımı Məleykə xanımla evləndikdən sonra.
Üzeyir Hacıbəyov xanımı Məleykə xanımla evləndikdən sonra.

Məleykə xanım Volqaboyu tatarlarından olub rusca təhsil aldığı üçün azərbaycanca danışmağa bir qədər çətinlik çəkirdi. Buna görə də Üzeyir bəy Abdulla Şaiqdən xahiş etmişdi ki, xanımının Azərbaycan dili müəllimi olsun. Bu məşğələlər öz müsbət nəticəsin vermişdi.

Yuxarıda qeyd etdim ki, Üzeyir bəy seminariyanı bitirib Vətənə qayıdarkən Məleykə xanım Tiflisdə qoymuşdu. Bütün bu müddət ərazində Üzeyir Hacıbəyov əvvəlcə 1 sentyabr 1904-cü ildə ildə 400 manat maaşla Cəbrayıl qəzasının Hadrut kənd ibtidai məktəbində müəllimliyə başlayır. Bəstəkarın Hadrutdakı fəaliyyətinin təfərrüatları barədə məlumat azdır. Məlum olan budur ki, öz musiqiçilik ənənələrinə sadiq qalan gənc pedaqoq Hadrut məktəbindəki şagirdlərinə nəğmə dərslərini daha səmərəli keçmək məqsədi ilə özünün fərdi büdcəsi hesabına bir pianino alıb məktəbə bağışlamışdı. Sonra Bakının Bibi-Heybət qəsəbə məktəbində dərs demişdir, onun hələ 1907-ci ildə yazdığı 105 səhifəlik "Hesab məsələləri" kitabı dəqiq elmlər sahəsində ən sanballı dərsliklərdən biri idi, elə həmin ildə Bakıda keçirilən müəllimlər qurultayında seçilmiş katibliyin üç üzvündən biri məhz Üzeyir bəy idi, yenə də elə həmin ildə Üzeyir bəyin tərtib etdiyi "Türk-rus və rus-türk" lüğəti nəşr olundu və bu lüğətin nəşri Azərbaycan maarifçiliyində görümlü hadisələrdən biri idi. Daha sonra Bayılda "Səadət" xeyriyyə məktəbində dərslər aparır. Uşaqlara bir neçə fənni-riyaziyyatı, ana və rus dillərini, coğrafiyanı, tarixi öyrədir. Eyni zamanda Bakıda tanınmış cəmiyyətlərdən birinin "Nicat"ın fəal üzvlərindən birinə çevrilir. Tiflisdə dostluq etdiyi Terequlov qardaşları ilə Bakıda da sıx ünsiyyət yaradır, onların vasitəsilə şimal bölgəsinin tanınmış simaları ilə əlaqə qurur. Cəmiyyətdə nüfuz etdikcə, onun ictimai-siyasi hadisələrə baxışı da itiləşir, o, jurnalistika ilə ciddi məşğul olmağa başlayır. Hələ Tiflisdə olarkən Üzeyir bəy ilk felyetonlarını qələmə almışdı və onları "Şərqi-Rus" qəzetində çap etdirmişdir. 1905-ci ildə o, "Həyat" və "İrşad" qəzetlərində çalışır, sonralar Üzeyir bəy bir neçə qəzetə, o cümlədən "Azərbaycan" qəzetinə baş redaktor vəzifəsinə təyin edilir.

Buna da bax: Ü. Hacıbəyov: Osmanlıda "Qanuni-əsasi" verildi heç kəs inanmadı

Üzeyir Hacıbəyov Bakının Bibi-Heybət kəndində müəllim işləyərkən, 1911-ci il.
Üzeyir Hacıbəyov Bakının Bibi-Heybət kəndində müəllim işləyərkən, 1911-ci il.

Altı il Bakının müxtəlif yerlərində kirayədə yaşayan gənc ailə 1915-ci ildə kiçik də olsa, bir evə sahib oldu (Bir zamanlar bu ev poçt binası olub, sonralar imkanlı şəxslərdən biri evi alıb və oraya çoxlu kirayənişinlər salıb. Həmin evdə Üzeyir bəy də kirayə qalıb, rus dili, musiqi və humanitar fənlərdən uşaqlara dərs deyərək müəllimlik edib. Bəstəkar ömrünün 27 ilini bu divarlar arasında keçirib. Məşhur musiqi əsərlərini, məhv etdiyi operalarını və yarımçıq qalmış notlarını o, bu evdə ərsəyə gətirib. Vəfatından bir il sonra, 1949-cu ildə Üzeyir bəyin ev muzeyinin təşkili ilə bağlı hökumət tərəfindən verilən sərəncam 26 il sonra 1975-ci ildə həyata keçirilib, aşağıda bu məsələyə bir daha toxunacağam-Elnur). Gənc ailə ilk vaxtlar maddi sıxıntı çəksə də, Məleykə xanım ərini qəm-qüssənin əlindən alaraq hər şeyin yaxşı olacağına inandırırdı.

Məleykə xanım Bakıya gələndən sonra da pedoqoji fəaliyyətini davam etirib. Amma vaxtının çoxusunu ailəsinə, Üzeyir bəyin qulluğunda durmağa həsr edib. Böyük səbrlə, sevgiylə onun qayğısını çəkib. Bu xoşbəxt cütlük 39 il birgə ömür sürüb, bəxtəvər yaşayıb. Övlad sahibi ola bilməsələr də, bir-birlərinə olan sevgiləri zərrəcə azalmayıb. Məleykə xanımın qohumu Ramazan Xəlilovun dediyinə görə, Məleykə xanım Üzeyir bəyə başqa bir xanımla ailə qurmağı təklif etsə də, Üzeyir bəy buna razılıq verməmiş, bir daha bu mövzuda söhbəti açmağı Məleykə xanıma qadağan etmişdir.

Üzeyir Hacıbəyovun yaratdığı ilk Azərbaycan Musiqi Orkestri, 1932-ci il.
Üzeyir Hacıbəyovun yaratdığı ilk Azərbaycan Musiqi Orkestri, 1932-ci il.

Üzeyir Hacıbəyov şəxsi yaradıcılığı ilə yanaşı ölkə miqyasında klassik və milli musiqinin təbliğatına bütün fəaliyyətini həsr edir. Yalnız paytaxtda deyil, bölgələrdə də musiqi məktəblərinin yaradılmasına və oraya azərbaycanlı uşaqların cəlb olunmasına çalışır. O, 1921-ci ildə Azərbaycan Dövlət-Türk musiqi məktəbi açılmış və Üzeyir bəy onun ilk direktoru olmuşdur. Üzeyir bəyin məsləhəti ilə Məleykə xanım burada dərs almış, nəzəri biliklərə yiyələnmişdir.

1921-ci ildə Azərbaycan Radio Komitəsi yanında notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir. Orkestrin repertuarına M. Qlinka, V. Motsart, F. Şubert və başqalarının əsərləri ilə yanaşı, bəstəkarın “Çahargah” və “Şur” fantaziyaları daxil idi. Radionun musiqi şöbəsinə rəhbərliyi ərəfəsində isə xalq çalğı alətləri notlu orkestrini, dövlət xorunu, simfonik orkestri və simli kvarteti təşkil edir. 1945-ci ildə isə Bakıda İncəsənət İnstitutunun fəaliyyətinə başlamasına nail olur.

Buna da bax: Üzeyir Hacıbəyovun özü qədər tanınmamış, yazıçı, jurnalist, musiqiçi qardaşı

Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Üzeyir Hacıbəyov Azərbaycan tarixində ilk bəstəkardır. Azərbaycanda ondan sonrakı bəstəkarlarının hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin, yaradıcılığının təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musiqi əsərləri yaratmışlar.

Üzeyir Hacıbəyov 1938-ci ildə SSRİ xalq artisti, 1945-ci ildə Azərbaycan EA-nın akademiki, Azərbycanın Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriysının rektoru, Azərbaycan EA-nı İncəsənət İnstitutunun direktoru olmuşdur.

Üzeyir Hacıbəyov 1885-ci ildə anadan olandan 1949-cu ilə qədər, yəni vəfat edənə qədər Azərbaycan xalqının görkəmli bir oğlu olmuşdur. Azərbaycan xalqına xidmət etmişdir və hansı sistemdə olur-olsun, hansı hakimiyyət dövründə olursa-olsun bütün imkanlardan istifadə edərək xalqını daim irəliyə aparmışdır.

Üzeyir Hacıbəyov Azərbaycan ictimai- həyatının daim mərkəzində olmuşdur. Xalqı savadsızlıqdan xilas etmək, xalqın mədəni səviyyəsini qaldırmq, mədəniyyəti inkişaf etdirmək üçün o, çox görkəmli adımlar atmış, böyük tədbirlər görmüşdür. Azərbaycan musiqi məktəbinin, ali musiqi təhsilinin yaranması, incəsənətin geniş inkişaf etməsi, mədəniyyətin inkişaf etməsi Üzeyir Hacıbəyovun fəaliyyəti iə bağlıdır.

Üzeyir Hacıbəyov Müsavat Partiyasının üzvi (bu məsələ mübahisəlidir. Üzeyir bəyin Müsavat partiyasının üzvü olduğunu sübut edən heç bir sənəd yoxdu. Üzeyir bəy 10 mart 1919-cu ildə "Azərbaycan" qəzetində dərc olunmuş "Düz yol" məqaləsində yazırdı ki, onun baş redaktoru olduğu bu qəzet partiya qəzeti deyildir. Amma qayəsi "vətənin istiqlalı yolunda çalışmaqdır” 15 sentyabr 1918-ci ildə "Azərbaycan" qəzetinin ilk nömrəsi Gəncə şəhərində işıq üzü görmüşdür. - Elnur), Azərbaycan Demokratik Respublikasının himninin müəllifi olmuşdur. Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri məhz müstəqil Azərbaycan Respublikasının ilk himnini yaratmasıdır. O himn sonra Sovet hakimiyyəti tərəfindən kənarlaşdırıldı və unutduruldu. 1945-ci ildə Azərbaycan Sovet Respublikasının yeni himni yarandı. Onu da Üzeyir Hacıbəyov yaratdı. Sonrakı dövrdə "Koroğlu" operası və başqa əsərlər yaradaraq sovet dövründə Azərbaycan mədəniyyətini zənginləşdirmiş bir adamdır. 1937-ci il sentyabrın 26-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin xüsusi iclasında "Koroğlu" operası haqda qərar qəbul edilmişdi. Layihəyə əsasən "Koroğlu" operası Sovet Azərbaycanı opera sənətinin böyük nailiyyəti kimi qiymətləndirilir, Ü.Hacıbəyov Azərbaycan SSR xalq artisti fəxri adı və 25.000 manat mükafat verilməsi qərara alınır. 3 dekabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin yaranması və inkişafı sahəsində xidmətlərinə görə və "Koroğlu" operasına görə "M-1" markalı avtomobil ilə mükafatlandırılmışdır.

Buna da bax: "İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən

1935-1938-ci illərdə Azərbaycanda yüksək vəzifəli qulluqçulara "QAZ" markalı yüngül avtomobillər xidmət edirdi. Onlardan fərqli olaraq "M-1" markalı lüks avtomobillər isə ən yüksək rütbəli dövlət xadimlərinə təhkim edilirdi.

Üzeyir bəyə "M-1"avtomobili mükafat olaraq verilmişdi və bu baxımdan, bəstəkar o zaman Azərbaycanda barmaqla sayılan çox görkəmli simalardan biri, incəsənət xadimlərinin yeganəsi idi.

Üzeyir Hacıbəyov 1938-ci ildə Moskvada Kalinindən Stalin mükafatını alır.
Üzeyir Hacıbəyov 1938-ci ildə Moskvada Kalinindən Stalin mükafatını alır.

Üzeyir Hacıbəyov vaxtilə Peterburqda bir tələbə kimi konservatoriyada təhsil almışdı və illər sonra Rusiya çarlarının ən ali sarayı olan Kreml sarayında 1937-ci ildə böyük hörmətlə qarşılandı. 1938-ci ildə Moskvada Stalinlə görüşmüş, Kalinin ona Lenin ordeni təqdim etmişdir. Hələ sağlığında görkəmli bəstəkar Sovet İttifaqının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, iki dəfə Stalin mükafatı alır, SSRİ xalq artisti adına layiq görülür və bir çox ordenlərlə təltif olunur.

Üzeyir Hacıbəyov əsrin əvvəlində də, 1918-1920-ci illərdə də və 1920-ci ildən 1949-cu ilə qədər də Azərbaycan ictimai-siyasi həyatında iştirak etmişdir. Üzeyir Hacıbəyov o vaxt Azərbaycan parlamentinin, Sovetlər İttifaqı parlamentinin - Sovetlər İttifaqı böyük dövlət idi, onun parlamenti var idi, hansı parlamentə necə qiymət vermək başqa məsələdir- bu parlamentlərin üzvü olmuşdur və o adı daşımağı özünə böyük fəxr bilmişdir. Bunu da unutmaq lazım deyil.

Ondan sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu və bu hakimiyyət 1991-1992-ci illərə qədər davam etdi. Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki, o belə düşünmüşdür: hansı hakimiyyət olursa-olsun xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir Hacıbəyov belə olmuşdur.

Bunların heç birini unutmaq olmaz. Böyük Vətən müharibəsi- 1941-1945-ci illər müharibəsi zamanı Üzeyir Hacıbəyov xalqımızda vətənpərvərlik ruhunu qaldırmaq üçün gözəl əsərlər- marşlar, mahnılar yazmış, faşizm üzərində qələbə çalınması üçün xidmətlər göstərmiş, hətta öz vəsaiti ilə təyyarə (məhz) alıb cəbhəyə göndərmişdir. Bu həmin Üzeyir Hacıbəyovdur.

11 mart 1943-cü ildə Üzeyir Hacıbəyov Moskvadan, Dövlət Müdafiə Komitəsinin sədri, SSRİ Silahlı Qüvvələrinin Ali Baş komandanı, Sovet İttifaqı Marşalı İ. V. Stalindən teleqram almışdı. Teleqramda deyilirdi: "Yoldaş Hacıbəyov!

Qızıl Ordunun zirehli tank qüvvələrinə qayğınız üçün Sizə təşəkkür edirəm. Mənim salamlarımı və Qızıl Ordunun təşəkkürlərini qəbul edin. Stalin"

1941-1945-ci illər müharibəsinin ilk çağlarında bütün ölkədə, özəlliklə də Azərbaycanda cəbhəyə, orduya yardım çox böyük vüsət almışdı. Öz qızıl zinət şeylərini, hətta əziz övladlarının toyu üçün qoruyub saxladıqları nişan üzüklərini qələbəni sürətləndirmək məqsədilə Müdafiə Fonduna təhvil verənlərin sayı-hesabı yox idi. Xalqımızın böyük vətənpərvər bəstəkar oğlu Üzeyir bəy isə özünün aldığı yüksək məvacibləri, əsərlərinin tamaşasından toplanan müəllif haqqını, SSRİ Ali Sovetinin deputatı kimi maaşını, nəhayət, hələ 1941-ci ildə "Koroğlu" operası üçün layiq görüldüyü Stalin mükafatının tam məbləğini cəmləyərək bir tank qayrılıb cəbhəyə göndərilməsi məqsədilə Dövlət Müdafiə Fondunun hesabına köçürmüşdü.

Stalinin Moskvadan göndərdiyi və bəstəkarın Ev-Muzeyindəki Elmi arxivdə qorunan 1943-cü il 11 mart tarixli bir neçə sətirlik teleqram həmin əlamətdar hadisənin cansız şahididir.

Buna da bax: Üzeyir bəy Niyazini repressiyalardan necə qorumuşdu [Yeni araşdırma]

Məleykə xanım 1941-1945-ci illər müharibəsinin ilk çağlarından o da Üzeyir bəy kimi fəal vətənpərvərlik əməllərinə qurşanmış, hospitallarda, hərbi hissələrdə hamilik konsertlərinin təşkil olunmasında fəal iştirak etmiş, yaralı əsgərlərə, cəbhəyə, döyüşçülərə müntəzəm olaraq bağlamalar, ruhlandırıcı məktublar göndərmişdir. Özünün o vaxtadək toplayıb əmanət kassasında saxladığı bütün pullarını Məleykə xanım Dövlət Müdafiə Fondunun hesabına köçürmüşdü.

Üzeyir Hacıbəyov ölümündən öncə qardaşı Zülfüqar Hacıbəyli ilə birgə, 1948-ci il.
Üzeyir Hacıbəyov ölümündən öncə qardaşı Zülfüqar Hacıbəyli ilə birgə, 1948-ci il.

1948-ci ildə soyuq bir qış günü Üzeyir Hacıbəyov vəfat etdi. Məleykə xanım 18 il Üzeyirsiz "yaşadı" bu dünyada. Canında bir üzgünlük, boşluq hiss etdisə də, bunu kimsəyə duydurmadı, hiss etdirmədi. Qəlbində Üzeyirlə danışdı, dərləşdi..."Üzeyircan"lı günlərinin xatirələri ilə yaşadı. Yaşadı ki, Üzeyir Hacıbəyovun "Arşın mal alan" (1948) musiqili komediysının klavirini Bakıda, "Koroğlu" operasının klavirini isə Moskvada (1952) nəşr etdirsin. Bəstəkarın ev muzeyi yaradılarkən bu unikal xatirə şeyləri həmin muzeyin təkrarsız eksponatları kimi ölçüyəgəlməz əhəmiyyət kəsb etmişdi. Yaşadı ki, vəfalı həyat və sənət yoldaşı kimi yarımçıq arzularını həyat keçirsin, natamam işlərini sahmana salsın. Məleykə xanım Hacıbəyova Üzeyir bəydən 18 il sonra, 1966-cı ildə Bakıda vəfat etmişdir.

Böyük bəstəkarın ömür-gün yoldaşı ərinin vəfatından sonra onun yadigarlarını, o cümlədən əsərlərinin əlyazmalarını xüsusi qayğı və məhəbbətlə qoruyub saxlamış, vəfatı ərəfəsində bütün bunların Üzeyir bəyin gələcək Ev Muzeyinə verilməsi haqqında vəsiyyət etmişdi. Məleykə xanım ərinin memorial muzeyinin yaradılması barədə Azərbaycan hökumətinin hələ 19 fevral 1949-cu ildə çıxarılmış qərarının həyata keçirilməsi üçün dəfələrlə yuxarı idarələrə müraciət etmişsə də bir nəticə verməmişdi. Bu mövzuda 5 avqust 1966-cı ildə Azərbaycan KP MK-nın birinci katib V. Y. Axundova müalicə olunduğu xəstəxanadan yazdığı məktubun ondan qalmış yadigar qovluqda saxlanan makina surəti çox təsirlidir: "Bu muzeyin yaradılması üçün hər şey var - hökumətin qərarı da, yetərincə, xatirə şeyləri də, həvəslə iş görəcək adamlar da. Sizin bir nüfuzlu sözünüz lazımdır ki, həmin qərar ləngidilmədən yerinə yetirilsin. Bu böyük və gözəl tarixin şahidi olan material bir yerə toplanıb qorunmalıdır. Yoxsa, sonra onları tapıb nümayiş etdirmək çox çətin olacaq. Ağır xəstəliyin nə vaxt, nə ilə nəticələnəcəyini bilmirəm. Odur ki, Sizdən acizanə təvəqqe edirəm ki, muzeyin yaradılması məsələsini həll edəsiniz..." Məleykə də Üzeyir kimi həm mərd, həm də sadiq bir insan olub. Məleykə xanımın arzusu 1975-ci ildə həyata keçirilmişdir. Bakıda Şamil Əzizbəyov (keçmiş Verxni Priyutski) küçəsindəki 67 saylı evdə bəstəkarın Ev-Muzeyi açılmışdır .Azərbaycanda, Bakıda mədəniyyət xadimlərindən ilk dəfə məhz Üzeyir Hacıbəyovun yaşadığı mənzil onun ev- muzeyinə çevrildi.

Araşdırmaçı yazar Elnur Musayev Bədəl.
Araşdırmaçı yazar Elnur Musayev Bədəl.

Elnur Musayev Bədəl

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG