Yanvarın 27-si axşam saatlarında Bakıda, “Sovetski” deyilən ərazidə güclü yanğın başlayıb.
Yanğının Şahmat məktəbinin yaxınlığındakı binalardan birində baş verdiyi bildirilir. 3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyasının getdikcə böyüdüyü deyilir.
Yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyalardan ibarət olması göstərilir.
Buna da bax: Bakıda daha 300-ə yaxın obyekt sökülür
Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, yanğın yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.
* * *
Yanğında bir qadın tüstüdən zəhərlənib
APA-nın verdiyi xəbərə görə, yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.
Buna da bax: Yer üzündən silinən məhəllə – 'Sovetski'
Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
* * *
Yanğında 1 nəfər ölüb
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfərin öldüyü bildirilir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 49 yaşlı Liliya Mixaylovna Xazibovadır.
Yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.
* * *
Yanğın söndürülüb.
“Sovetski”də baş verən yanğının qarşısı alınıb. APA-nın xəbərinə görə, artıq yanğın tamamilə söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə yanan binadan 3 nəfərin çıxarıldığı bildirilir.
Yanğın nəticəsində bir nəfərin öldüyü, bir nəfərin də xəsarət aldığı qeyd edilir.