Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:34

Marionet teatrında İtalyadan alınmış kuklalarla "Leyli və Məcnun" oynanıldı


Marionet teatrının səhnəsində Leyli və Məcnun tamaşası.

Yanvar ayının 23-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet Teatrında dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının premyerası olub.

Tədbirdə giriş sözü ilə çıxış edən teatrın bədii rəhbəri, rejissor və rəssam Tərlan Qorçi bildirib ki, “Leyli və Məcnun”, Bakıda teatrın ilk premyerası olsa da, əslində marionet teatrı 1987-88-ci illərdə fəaliyyətə başlayıb. Həmin illərdə Tərlan Qorçi bir neçə həmfikiri ilə bərabər Ü.Hacıbəyovun “Arşın mal alan” operettasının marionet tamaşasını hazırlayıb.

Buna da bax: Binadan binaya "sürgün" edilən "ADO" teatrının hələ yaşamağa səbəbləri var

Marionet teatrın səhnəsindən bir kadr.
Marionet teatrın səhnəsindən bir kadr.

Sözügedən tamaşanın ilk premyerası 1990-cı ildə Fransada baş tutub, sonrakı illərdə isə Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə də daxil olmaqla dünyanın bir çox ölkələrində nümayiş etdirilib.

2013-ci ildən Marionet teatrı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərməyə başlayıb.

2016-cı il dekabrın 24-də İşərişəhərdə onlar üçün ayrılmış xüsusi binada teatrın rəsmi açılışı olub, mərasimdə ölkə prezidenti İlham Əliyevlə xanımı da iştirak ediblər.

Bədii-təsviri estetikası Qacar dövrünə aid miniatür sənəti əsasında hazırlanan “Leyli və Məcnun”un tamaşasının musiqi adaptəsi bəstəkar Salman Qəmbəroba məxsusdur. Marionet kuklaların iştirakı ilə danışılan bu əfsanəvi eşq hekayəsində əsas partiyaları Azərbaycanın xalq artisti Mənsum İbrahimov və komandası ifa eləyir.

Əsrarəngiz ay tutulması mənzərəsi ilə başlayan “Leyli və Məcnun” ilk pərdədən tamaşaçını ovsunlayır, onu Leyli və Məcnun sevgisinin ilahi atmosferinə kökləyir.

Ay - gənc Qeysi məcnun eləyən, insanı aşına qılan bəlayi-eşqin simvoluna çevrilir. Sonra marionet Leyli və Məcnun səhnəyə çıxaraq auditoriyaya öz eşq əhvalatlarını danışırlar. Marionet kuklaları idarə eləyən aktyorlar - Fariz Babayev, Aysel Bədəlova, Nazim Hüseynov, Əli Allahverdiyev, Tatyana Terentyeva, Sevil QuliyevaHikmət Aydınoğlu – səhnədə görünmələrinə, hadisələrdə birbaşa iştirak eləmələrinə baxmayaraq gözəl plastikaları sayəsində kuklalaların idarəçiləri kimi yox, davamı, onların bir parçası kimi görünürdülər.

Buna da bax: Teatrlar gənc dramaturqların üzünə niyə bağlıdır... [sorğu]

Ancaq o gözəl dekorasiyalara, aktyorlara, musiqiyə baxmayaraq tamaşa ilk pərdədə yaratdığı sehri sona qədər saxlaya bilməmişdi. Bəlkə də səbəb musiqinin, muğamın ön plana keçməsi, kuklaların isə sadəcə musiqiyə illüstrasiya rolunu oynaması idi. Halbuki bu bir marionet tamaşası idi və “Leyli və Məcnun” operasının növbəti versiyasına çevrilməməliydi, əksinə operanın köməyilə öz ifadə vasitələrini çatdıran müstəqil əsər olmalıydı.

Yeri gəlmişkən, bir marionet tamaşası o qədər də asan başa gəlmir, həm maddi, həm də yaradıcı baxımdan.

Teatrın bədii rəhbəri Tərlan Qorçi müsahibələrinin birində “Leyli və Məcnun” tamaşasını hazırlamağa üç il vaxt sərf elədiklərini deyir. Teatr 80-ci illərin ortalarından bu yana uzun müddət fəaliyyətinə fasilə verdiyindən kuklalar, onların hazırlanması indi bir qədər çətinliklə başa gəlir, çünki artıq Bakıda marionet kuklalar hazırlayan ustalar yoxdu. Buna görə də tamaşanın əsas “aktyorları” – marionetlərin hazırlanmasından ötrü T. Qorçi İtaliyada Karlo Kollo Marionet Teatrına müraciət edib. Bir müddət sürən danışıqlardan sonra Kollo teatrı lazım olan səkkiz personajı hazırlamağa razılıq verib.

Azərbaycan Marionet Teatrının italyadan aldığı kuklalar.
Azərbaycan Marionet Teatrının italyadan aldığı kuklalar.

Yaradılmasına iki il sərf olunan səkkiz personaj 70 min avroya başa gəlib.

Tərlan Qorçi müsahibəsində deyir ki, bunlar bədii və texniki cəhətdən çox incə kuklalardır: “Təbii ki, geyimi, rənglənməsi, kuklanın özünün hazırlanması həm vaxt, həm də pul tələb edir. Dünyada bunları hazırlayan çox az sayda insan var. Onların baha olmasının ən başlıca səbəbi də budur".

Buna da bax: 'Azdramada əfəndiyevlərin, mirələmovların pyesləri oynanılırsa, biz kimik ki'

Hazırda fəaliyyətini tam sürətlə davam eləməyə hazırlaşan Marionet Teatrı Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun musiqisini bütün dünyada təbliğ etməyi qarşısına məqsəd qoyub.

Belə ki, “Arşın mal alan” və “Leyli və Məcnundan” sonra teatr Ü.Hacıbəyovun “O olmasın, bu olsun” operettasını səhnələşdirməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG