Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Həkim-Sanitar Xidmətində ixtisarlar gözlənir


««Azərbaycan Dəmir Yolları» QSC tərkibindəki Həkim-Sanitar Xidməti (HSX) sistemində struktur dəyişikləri olacaq».

Bunu QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

O qeyd edib ki, bu, maliyyə məsələsi ilə bağlıdır. Builki büdcədə HSX sisteminə maliyyə vəsaiti nəzərdə tutulmayıb: «Bu halda isə ixtisarlar, optimallaşdırma işləri qaçılmaz olur və, əlbəttə, ixtisarlar olacaq». Qurum rəsmisi bunu da bildirib ki, heç bir halda xəstəxanalar tam bağlanmayacaq.

Bununla belə, S.Qədirova vurğulayıb ki, bir çox suallara məsələ konkretləşdikcə aydınlıq gələcək: «Aydın olan budur ki, xəstəxanalar bağlanmayacaq. Struktur dəyişikliyi olacaq, personalın sayı azalacaq. Amma nə qədər şəxs ixtisar olunacaq, struktur dəyişikliklərində sistemdə şöbə və bölmələrin sayı necə olacaq, bunu indidən deyə bilmirik».

S.Qədirova deyib ki, daha bir variant bu sistemdə olan tibb müəssisələrinin təsərrüfat hesabına keçməsidir.

«AKSİYA YERSİZDİR»

S.Qədirova yanvarın 18-də Gəncə Dəmir Yol Xəstəxanasında baş verən etirazlara da münasibət bildirib: «Eşidiblər ki, ixtisarlar olacaq, amma bu necə olacaq, bunun sayı nə qədər olacaq, kimlər ixtisara düşür, kimlər yox, bunu bilmədən etiraz etmək yersiz idi».

S.Qədirovabildirib ki, bu dəyişikliklərin ağrısız keçməsindən ötrü var gücləri ilə çalışacaqlar.

Yanvarın 18-də Gəncə Dəmir Yol Xəstəxanasının işçiləri şəhərin mərkəzi küçələrinin birini bağlamışdılar. Aksiyaya səbəb xəstəxananın bağlanacağı ilə bağlı xəbərlərin yayılması göstərilirdi. Onlar deyirdilər ki, işlərini itirsələr, çox ağır duruma düşəcəklər.

XS
SM
MD
LG