Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 09:17

Qalmaqallı rejissor B. Tarr: 'Ölkəmdəki beş ala qarğadan biri olmağımla fəxr edirəm' 


Macar rejissoru Bela Tarr.

Qalmaqallı macar rejissoru Bela Tarrı geniş kütlə tanımır desək yanılmarıq. Yalnız kinomanlar, müəllif kinosu həvəskarları. Rejissorun “Şeytan tanqosu” filmi kinoşünaslar tərəfindən son 20 ilin ən mürəkkəb və texniki baxımdan mükəmməl filmi elan olunub. Yaradıcılığına sosial mövzulu sənədli filmlərlə başlayan, Macarıstanda rejimin fəsadlarını ciddi tənqid edən Bela Tarr indi də vətənində adı qara siyahıda olan incəsənət xadimlərindən biridir.

2011-ci ildə “Turin atı” filminə görə Berlin festivalında “Gümüş ayı” mükafatını qazanandan sonra rejissor daha deməyə sözü olmadığını, bir də film çəkməyəcəyini bildirib və fəaliyyətini Sarayevoda açdığı “Film Fabriki” məktəbində müəllim kimi davam etdirib.

Oxu zalı Bela Tarrın variety.com saytına verdiyi ustad dərsi dadında müsahibəni təqdim edir.

- Film çəkmək üçün darıxırsınız?

Bela Tarr Sarayeva Film Festivalında.
Bela Tarr Sarayeva Film Festivalında.

- Əlbəttə, darıxıram. Özümü dozası olmayan narkoman kimi hiss eləyirəm. Ancaq mən film çəkməyi dayandırmalıydım, çünki düz 34 il bu işlə məşğul olmuşam. İlk filmimi çəkəndən sonra yeni suallarım yaranmışdı. Yeni suallara yeni cavablar tapmalıydım. Beləcə addım-addım öz kino dilimi və həyata baxışlarımı formalaşdırmışdım. Sonra necə oldusa, hiss elədim ki, yaratdığım dünya tamamlanıb və özümü təkrarlamaq üçün səbəb yoxdur. Yaratdığım dili özümü təqlid etmək üçün istifadə eləyə bilməzdim. İndi bəzi gənclərin mənim filmlərimə baxdıqlarını, bu zaman gözlərində yaranan parıltını görürəm. Bu - möhtəşəm hissdir. Ancaq özümü təkrarlamaq istəmirəm.

Buna da bax: İtalyansayağı kino macərası - Rejissor Antonioni və aktrisa Monica Vitti

- Bu gün yeddi saatlıq film çəkmək nə qədər realdır?

- Mənim filmim- (“Şeytan tanqosu”) günbəgün daha təzə təsir bağışlayır və hələ də dünyanın hər yerində nümayiş olunur. Biz “Şeytan tanqosu”nu 20 il əvvəl, 1994-cü ildə çəkmişik, amma o, hələ də müasirdir. İnsanlar ona baxırlar. Mənim üçün bu son dərəcə vacibdir. Mən “fast food”a inanmıram. İnsanların seçim imkanı olmalıdı: fast food yemək, yoxsa əsl ev yeməyi ilə nahar eləmək. Hansı daha ləzzətlidir? Bunu başqalarından soruşmalısınız.

- Siz necə müəllimsiniz?

Bela Tarra dünya şöhrəti gətirmiş "Şeytan Tanqosu" filminin poseri.
Bela Tarra dünya şöhrəti gətirmiş "Şeytan Tanqosu" filminin poseri.

- Mən müəllim deyiləm. Mən qaydaların mövcud olmadığına inanıram. Hər kəs öz yolunu tapmalıdır. İndi XXI əsrdir və siz iPhone-la, ya da başqa texnika ilə də film çəkə bilərsiniz. Bu işdə, həqiqətən, heç bir qayda yoxdur. Tələbələrə azadlıq vermək lazımdır. Mənim işim budur: İnsanların azad və güclü, kifayət qədər cəsarətli olduqlarını görmək. Onlara xatırlatmaq istəyirəm ki, həyat çətindir. Onlara göstərmək istəyirəm ki, əyalətli olaraq qalmaq olmaz, ancaq öz vətənləri, ya da öz monolit mədəniyyətləri haqqında düşünməməlidirlər. Dünya çox böyükdür. Bizim dünyanın hər bucağından – Yaponiyadan, Koreyadan, Sinqapurdan, Hindistandan, Argentinadan, Kolumbiyadan, Meksikadan, ABŞ-dan gələn tələbələrimiz var. Onlar birlikdə işləyəndə həm də bir-birilərini tanıyırlar və öyrənirlər. Bizim məktəbdə müəllim yoxdur. Mən sadəcə maraqlı rejissorları dəvət eləyirəm. Keçən semestrdə Pedro Costa ilə Carlos Reygadası dəvət eləmişdim. Victor Erice bizim məktəbdə olub. Mən onlarla işləmişəm. Əgər sən gənc rejissorsansa və belə insanlarla görüşmək, ya da işləmək şansın varsa, bu əladır. Məsələn, Carlos meksikalıdır. Onun dünyagörüşü digər rejissorlardan tamamilə fərqlənir. Biz insanlığı, həyata hörmət eləməyi öyrətmək istəyirdik. Mənim rolum tələbələrə azadlıq verməkdən ibarətdir. Bəzi tələbələr ortaya son dərəcə maraqlı işlər qoyurlar. İndiki dövrdə çox az büdcə ilə film çəkmək mümkündü. Bizim Sarayevoda çox pulumuz yox idi. Bəzən hətta iPhone-la çəkirdik. Bu, az büdcə və yüksək enerji tələb eləyir.

Buna da bax: Mənəvi iflas, bitkinlik və insan tənhalığı - Antonioninin filmləri bu haqda idi

- Macarıstanla münasibətləriniz necədir?

- Mən həmişə bir az çətin rejissor olmuşam. Macarıstanda siz mübarizə aparmağa məcbursunuz. Mən heç vaxt heç nəyə asan yolla nail olmamışam, amma özümə xəyanət də eləməmişəm. Əgər nəyəsə nail olmaq istəyirsinizsə, onun uğrunda mübarizə aparmalısınız. Bəzən çətin olur, ancaq yavaş-yavaş bu işi sevirsiniz. Mübarizə işin bir parçasıdır. Mən Macarıstandakı mədəniyyət müəssisələrini ifşa eləyən məktub yazmışdım. Onlar hələ də mənə qarşı qəzəblidirlər. Amma öz ölkəmdəki beş ala qarğadan biri olmağımla fəxr eləyirəm.

Bela Tarrın kariyerasının son filmi "Turin atı"nın treyleri.

- Gənc rejissorlar sizə necə təsir eləyirlər?

- Bu suala cavab vermək çox çətindir. Birincisi, mən adi insanam və bir tamaşaçı kimi həyəcanlanmağa ehtiyacım var. İnsani olan hər şey – gerçək əhvalatlar, real insan dramları, sevincləri, ya da arzuları mənə təsir eləyə bilər. Biz festivalda (Söhbət rejissorun münsiflər heyətinə sədrlik etdiyi Mərakeş Film Festivalından gedir-red) çoxlu gözəl filmlər izlədik. Mən sadəcə ekranda həyatı görmək istəyirəm. Özüm o qədər də çox filmə baxmıram, çünki başqa işlərim var. Bircə onu deyim ki, əllaməçilik eləyən filmləri sevmirəm. Filmdə nəyin necə və niyə edildiyini bilmək, yaradıcı prosesi hiss eləmək xoşuma gəlmir. Mən şeir kimi axan filmləri sevirəm.

- “Turin atı” filmi üçün baş rol ifaçısını və at tapmaq asan idimi?

Bela Tarr.
Bela Tarr.

- Bizim əlimizdə ssenari vardı. Yazıçının ucbatından bu, daha çox ədəbi parça idi. Müəllif personajlar və situasiyaların təsvirinə çox yer ayırmışdı. Mən filmin ilk kadrından sonuncuya qədər bütün filmin necə olacağını bilirdim və öz üslubumu axtarırdım. Aktyorun rol oynamağını yox, ekranda təbii görünməyini istəyirdim, ssenaridə təsvir olunmuş personajın eynisini axtarırdım. Aktyor kamera qarşısında təbii olanda siz də real olan bir çox şey əldə eləyə bilirsiniz. Duyğular gerçək olmalı və sizə təsir eləməlidir. O ki qaldı ata, biz onu Macarıstanın cənubunda, Rumıniya sərhəddi yaxınlığında yerləşən bazarda tapdıq. Orda atlar, donuzlar və başqa heyvanlar satırdılar. Bizim aldığımız atı işləyə bilmədiyinə görə satlığa çıxartmışdılar. Bu, film üçün əla tapıntı oldu, ancaq əsas aktyorumuzla vidalaşmalı olduq, çünki ata yaxınlaşa bilmirdi, ondan qorxurdu. Belə işləmək mümkün deyildi. Ona görə də János Derzsini baş rola dəvət elədim. Onu 1982-ci ildən tanıyırdım. Bilirdim ki, kənddən gəlib, necə deyərlər, əsl kənd uşağıdı. At onu qətiyyən narahat eləmirdi, ikisi də rola ideal uyğun idi.

Buna da bax: Kommunizmin barışmaz düşməni Andrzej Wajda hansı filmləri ilə tanınmışdı...


- Münsiflər heyətinin sədri olmaq necə hissdir?

- Mən münsiflər heyətində oturanda özümü bir az narahat hiss eləyirəm. çünki heç vaxt həmkarlarımın filmlərinə münasibət bildirməmişəm. Hər kəsin öz üslubu var. Mən onlara necə hakimlik eləyə bilərəm? Bir filmi necə qiymətləndirə bilərsiniz? Hər kəs fərqli mədəniyyətə, fərqli keçmişə sahibdir. Eləcə də imkanlar və büdcə də fərqlidi. Hər rejissor öz tərzini inkişaf etdirir. Siz filmə baxanda əslində onun rejissorunu çılpaq görürsünüz. Aktyorları da həmçinin. Ekranda onların kim olduqlarını görürsünüz, kişi, ya da qadın olduğunu anlayırsınız, onları hiss eləyirsiniz. Bu, ekzistensial məsələ deyil. Siz sadəcə bir insan görürsünüz.

- Bir rejissor kimi sizin öz sirriniz nədir?

- Mən həyatı sevirəm, o, mənə həzz verir. Film çəkəndə bu, mənə kömək eləyir. Ehtiyacınız olan dublu görənə qədər səbrlə gözləməlisiniz. Onda, həqiqətən, istədiyinizə nail olursunuz. Film çəkmək ovçuluq kimidir. Siz əsl, gerçək vəziyyəti, həyatı əldə eləyənə gözləməlisiniz, onda hər şey alınacaq. Əgər bəxtiniz gətirsə, onu bankanın içinə qoyub laboratiyaya apara, orda ona baxa biləcəksiniz. Və bu normaldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG