Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:35

“Praqmatik mühafizəkar prezident” Rafsanjani vəfat edib


Akbar Hashemi Rafsanjani- İranın keçmiş prezidenti
Akbar Hashemi Rafsanjani- İranın keçmiş prezidenti

İranın keçmiş prezidenti Ali Akbar Hashemi Rafsanjani 82 yaşında vəfat edib. İranın dövlət saytları bu haqda yazır.

Rafsanjani 1989 və 1997 -ci illərdə İran prezidenti kimi fəaliyyət göstərib.

O, 1979 -cu ildə İran İslam Respublikasının qurulmasında yaxından iştirak edib.

Bundan əvvəl İran mediasının verdiyi xəbərlərdə deyilirdi ki, Rafsanjani ürək ağrısı ilə əlaqədar Tehranın şimalındakı Şühəda xəstəxanasına gətirilib.

Onun tutduğu ən son dövlət vəzifəsi Məşvərət Şurasının sədrliyi idi. Bu nüfuzlu qurum parlamentlə Gözətçilər (Negahbanlar) Şurası arasında baş qaldıran mübahisələri çözür.

“Praqmatik mühafizəkar” kimi tanınan Rafsanjani Qərblə münasibətlərin yaxşılaşdırlmasını istəyirdi.

Rafsanjani 1989-1997-ci illərdə İran prezidenti olmuş, lakin 2005-ci ildə seçkini Mahmud Ahmadinejada uduzmuşdu.

O 2013-cü il prezident seçkisinə qatılmaq istəsə də, namizədliyi İranın seçki komissiyası tərəfindən rədd edilmişdi. Səbəb kimi onun qocalığı göstərilirdi.

Öz namizdəliyi geri qaytarılsa da o,hazırkı prezident Hassan Rouhaninin seçilməsinə böyük dəstək vermişdi.

Rafsanjani həm də nüfuzlu Üləmalar Şurasının üzvü idi. Bu şuranın səlahiyyətləri sırasına ölkənin ali rəhbərini təyin etmək də daxildir.

Rafsanjani və Azərbaycanın ən yeni tarixi

Rafsanjaninin prezidentliyi Azərbaycanın ən yeni tarixinin mühüm dövrünə təsadüf edirdi.

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991­ci ildә Rafsanjaninin prezidentliyi dövründə tanıyıb.

İki ölkə arasında diplomatik münasibәtlәr 1992­ci ilin martinda qurulub.

Bu dövrdə İran Dağlıq Qarabağ münaqişəsinin çözülməsində təşəbbüsü ələ almağa çalışırdı.

Heydər Əliyev və Ali Akbar Rafsanjani
Heydər Əliyev və Ali Akbar Rafsanjani

Rafsanjaninin Bakıya ilk səfəri də 1991-ci ilin dekabrında olub.

Lakin 1992­ci ildә Azәrbaycanın o vaxtkı rәhbәrliyi Tehranda Ermәnistan tәrәfi ilә danışıqlar apardığı əsnada Azərbaycanın Şuşa şəhəri işğal edilib.

Məhz bundan sonra iki ölkə arasında gərginlik dövrü yaşanıb və soyuqluq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələnədək davam edib.

Bu da qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cəbhəsi hökuməti ilə çox gərgin münasibətlərdə olan İran Heydər Əliyevi hələ o Naxçıvana rəhbərlik etdiyi dövrdən dəstəkləyirdi.

1990­1993-cü illərdə İran rәhbәrliyi Ermәnistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını tәmin edirdi.

Rafsanjanı və Heydər Əliyev

Rəsmi Bakı ilə İran arasında diplomatik təmasların olmadığı bir vaxtda Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Məclisinin sədri kimi Tehrana səfər edərək ali rəhbər Ali Khamenei ilə görüşmüşdü.

Bu səfər zamanı Naxçıvanla İran arasında bir neçə ikitərəfli sazişlər də imzalanmışdı.

Rafsanjaninin Azərbaycana ikinci səfəri zamanı, 26­28 oktyabr 1993­cü ildә Heydər Əliyev artıq ölkəyə rəhbərlik edirdi.

Lakin ermənilər bu hadisəni də özünəməxsus şəkildə “qeyd etmişdilər”. Rafsanjaninin Bakıda olduğu saatlarda Zəngilan rayonu işğal olunmuşdu.

Heydər Əliyev İrana cavab səfərini 1994-cü ilin iyun ayında etmişdi.

Həmin səfər zamanı Əliyev İranın 5 şəhərində olmalı idi. Azərbaycan tərəfinin bütün israrlı təkidlərinə və prezident Əliyevin istəyinə baxmayaraq nümayəndə heyətinin Təbrizə səfərinə imkan yaradılmamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG