Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:29

“Nurayın 10 yaşı var, işə yenidən baxıla bilər”


-

“O atanın hərəkətləri atalıq davranışları deyildi”

On yaşlı Nuray Bayramzadə ətrafında baş verənlər iki gündür sosial şəbəkələrdə, yerli mediada əsas müzakirə mövzusudur. Uşağı himayə etmiş xalasının, bioloji atasının, ayrı-ayrı dövlət strukturları təmsilçilərinin fikirləri geninə-boluna işıqlandırılır. Bu günlərdə yayılan videoda Nurayın xalasından alınaraq atasına verilməsi zamanı məhkəmə icraçılarının uşağa qarşı kobudluğa yol verdiyi görünür. Bəs, məsələnin hüquqi tərəfi necə çözülməlidir? Bununla bağlı hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna danışıb:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

- 10 yaşlı Nuray ətrafında baş verənlərin detallarını bilmirik. Ancaq bir reallıq var ki, məhkəmə qərarı da olsa, bu qərarı icra edərkən, söhbətin əşyadan yox, canlı insandan getdiyi gözardı olunub. Canlı insan dediyimiz də, 10 yaşılı uşaqdır. Onun inkişafa, eyni zamanda, etimad mühitinə çox böyük ehtiyacı var. Bir tərəfdən anası vəfat edib, atası uzun müddət onu görməyib. Bu halda, o uşağın yeganə sığınacaq yeri xalası olub. O, gözünü açandan yeganə doğma adam kimi onu görüb. Birdən-birə məhkəmənin belə qərar verməsi, əvvəla, doğru yanaşma deyil. Birincisi, xala başqası deyil. Uşağın anası vəfat edəndən sonra onu himayəsinə götürüb. Belə olan halda, uşağın düşüncəsini dinləmədən qərar vermək çox yanlışdır. İkincisi, Ailə Məcəlləsində 10 yaşlı uşağın öz fikrini bildirmək hüququ aydın yazılıb. Məhkəmə proses zamanı bunu etməsə da, icraçılar diqqətə almalıydı. Uşağın travma görməməsi önəmlidir, əsas olan budur. Zaman-zaman dövlət atadan-anadan uşağı alıb götürür ki, uşaq normal böyüsün. Bu halda, valideyni olsa belə, uşağı, ona zərər verəcək, psixoloji travmaya salacaq adama zorla vermək, qanunun və ədalətin tələbi ola bilməz.

Bunu da oxu: Məhkəmədə zorakılıqla üzləşən 10 yaşlı qızla bağlı yeni detallar üzə çxıb

"NAZİRLİYİN AÇIQLAMASI BİABIRÇILIQDIR"

- Ədliyyə Nazirliyi açıqlamasında bildirir ki, uşağın xalası və nənəsi onu atasına verməkdən yayınıb, məhkəmə icraçıları da məhkəmənin qərarını icra edib. Ancaq ordakı hərəkətləri haqda heç nə deyilmir. Məhkəmə icraçılarının və atanın uşağa qarşı hərəkətləri hüquqi məsuliyyət yaradırmı?


- Ədliyyə Nazirliyinin açıqlaması çox biabrçı idi. Guya orda psixoloq, polis, icra hakimiyyəti əməkdaşı olub. O qədər insanın iştirak etdiyi bir mühitdə uşağa açıq işgəncə verilib. Cinayət Məcəlləsinə görə, bu faktla bağlı cinayət işi qalıdırılmalıdır. Nə olsun ki, onlar rəsmi işlərini icra ediblər. Onlar işlərini qeyri-peşəkar və uşağa mənəvi, cismani işgəncə şəklində gerçəkləşdiriblər. Bu da Cinayət Məcəlləsinə görə yolverilməz hal və cinayət əməlidir. Ədliyyə Nazirliyi hər kəsin gördüyü və hər kəsin qınadığı qeyri-qanuni, qeyri-insani və işgəncəyə yönəlik hərəkətlərə haqq qazandırır ki, guya bu, məhkəmə qərarının icrasıdır. Məhkəmə qərarı belə icra oluna bilməz. Heç bir halda, heç bir icraya hüquq verilmir ki, o uşağı sürüyərək, işgəncə verərək alıb kiməsə versin. İcra məmuru qanunu izah edə bilər. Amma o, elə mühit yaratmalıydı ki, uşaq bunu könüllü edəydi. Yoxsa əşya alırmış kimi hərəkət etmək, nə insani, nə də hüquqi davranışdır.

Məhkəmə icraçılarının davranışları həddən artıq anormaldır. Bildiyim qədər, görüntüləri özləri lentə alıb, paylaşıblar. Əşya verirmiş kimi davranırlar. Bununla bağlı prokurorluq Cinayət Məcəlləsinə görə müddəa qaldırmalıdır. Məhkəmə qərarı qanun çərçivəsində icra olunmalıdır. Gördüyümüz videokadrlarda açıq şəkildə mənəvi, fiziki işgəncə vardı. Buna görə onlar mütləq məsuliyyət daşımalıdır. Onlar öz səlahiyyətlərini aşıblar.

"HAKİMİN QƏNAƏTİ ŞÜBHƏLİDİR"


- Uşağın atası da müsahibəsində özünə haqq qazandırır. Məhkəmə də qanunvericiliyə əsaslanaraq uşağı xalasına yox, atasına verdiyini bildirir.


- Uşağın bioloji atası olmaq ona 10 il analıq edənin əlindən almağa haqq qazandırmır. Burda hakimin yanaşması doğru deyil, onu ədalətli davranmasına inanmıram. Çünki birincisi, valideynlər ayrılıb. 2007-ci ildən 2010-cu ilə qədər uşağın anası xəstə olub. Ata uşağını axtarmayıb. Sonra ata deyir ki, 2011-ci ildən uşaq üçün aliment verib. Baxmayaraq ki, boşanma 2007-ci ildə olub, ata 2011-ci ildə aliment ödədiyini bildirib. Bu onu göstərir ki, ata o müddətdə uşağıyla maraqlanmayıb. Onun uşağına yaxşı baxacağına dair hansı ehtimal var? Kadrlardan göründüyü kimi, o atanın hərəkətləri atalıq davranışları deyildi. Bu onu göstərir ki, atanın o uşağa heç bir sevgisi olmayıb. Başqaları o kadra baxıb uşağa ürəyi yanırsa, ata ona yol verməməliydi. Uşağa başqa yollarla sevgisini qazandırmalıydı. Bioloji ata olmaq uşağın üstündə haqq sahibliyi demək deyil. Hakim nədən bu qənaətə gəlib, bu, özü şübhəlidir. Hazırda uşağın 10 yaşı var. Qanunvericilikdə 10 yaş yeni haldır. Uşağın artıq özünün düşüncələri, özünün fikirləri çox önəmlidir. Bu, konkret olaraq, Ailə Məcəlləsində də göstərilib və nəzərə alınmalıdır. Belə olan halda, artıq yeni hal olduğu üçün, məhkəmə icraatı dayandırmalı və prosesə yenidən baxmalıydı. Bu aspekt diqqətdən qaçıb. Bu uşağın düşüncələri heç nəzərə alınmayıb.


- Hazırda işlə bağlı hansı hüquqi tədbir görülməlidir?


- Burda yeni hal var. İndiyə qədər uşağın mövqeyi olmayıb. Uşaq 10 yaşına çatıbsa, xalası yenidən məhkəmə iddiası qaldırmalıdır, işə yenidən baxılmalıdır. Kasasiya qaydasında Ali Məhkəməyə şikayət verib yeni hal kimi işə təzədən baxıla olar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG