Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:03

Dövlət başçısı İlham Əliyevin bölgələrə səfərləri, onlayn ticarətə Əlavə Dəyər Vergisinin tətbiqi, 2017-ci ildə ölkə iqtisadiyyatında baş verə biləcək təlatümlər bu gün medianın aparıcı mövzusudur...

PREZİDENTİN ƏYALƏTLƏRƏ SƏFƏRLƏRİ...

«Azərbaycan» qəzetində dərc edilən «Bölgələrə 23 səfər, 64 obyektin açılışı» sərlövhəli məqalədə dövlət başçısı İlham Əliyevin ölkənin əyalətlərinə səfərləri dəyərləndirilir.

Məqalədə qeyd edilir ki, prezident İlham Əliyev regionların inkişafına xüsusi önəm verir: «Regionların inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları və əlavə tədbirlərlə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verdi».

Müəllif vurğulayır ki, başa vurulan il ərzində ümumilikdə dövlət başçısı bölgələrə 23 dəfə gedib və sosial obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışında, təməlqoyma mərasimlərində iştirak edib. Müəllifİ.Əliyevin aprel döyüşlərindən sonra Tərtər və Ağdam rayonlarına getməsinin üzərində xüsusi dayanır.

Məqalədə ölkənin bir sıra şəhər və rayonlarında sənaye parklarının yaradılması da bu səfərlərin nəticəsi kimi dəyərləndirilir.

Bütünlükdə isə İ.Əliyev bu 23 səfəri zamanı 64 obyektin açılışında və 3 təməlqoyma mərasimində iştirak edib.

Müəllif yazır ki, prezident İlham Əliyev ölkənin rayon və şəhərlərinin iqtisadi inkişafı ilə bağlı yorulmadan fəaliyyət göstərir. Görülən işlər tək bu günə deyil, gələcəyə də hesablanıb: «Bu kontekstdə hökumətin qarşısına qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq müsbət nəticələrini verməkdədir».

Vahid Əhmədov
Vahid Əhmədov

DEPUTAT YENİ HÖKUMƏTDƏN DANIŞIR

Qafqazinfo.az-da «Yeni hökumət formalaşsa, problemlərin qarşısını ala bilərik» sərlövhəli məqalədə deputat Vahid Əhmədovun 2017-ci ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı düşüncələri yer alıb.

V.Əhmədov bildirib ki, bu il neftin qiymətində müəyyən sıçrayışlar ola bilər: «Yəni, qiymət qalxmaları və enmələri gözlənilir. Manatın müəyyən qədər dəyərdən düşməsi yenə də davam edəcək. Çünki,manat valyuta bazarında öz dəyərini, hələ, almayıb. «Strateji Yol Xəritəsi» təsdiqlənib. Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən hökumət formalaşarsa, bu il müəyyən qədər problemlərin qarşısınıalmaq olar. Hazırda «Strateji Yol Xəritəsi»ndə nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var».

V.Əhmədov hesab edir ki, 2017-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən artımlar ola bilər: «İlin birinci yarısında manat müəyyən qədər dəyərdən düşəcək. Amma ikinci yarımillikdən müəyyən stabillik gözləmək mümkündür».

Ancaq deputat vurğulayıb ki, «Strateji Yol Xəritəsi»ndə göstərilən məsələləri həyata keçirməsindən ötrü ölkədə maliyyə problemi var: «Bunun üçün 27 milyard vəsait lazımdır. Bu vəsait haradan əldən olunacaq? Əksər hissəsi ola bilsin ki, xarici investisiyalar hesabına həyatına keçirilsin. Çünki daxildəki investisiyalar kifayət qədər olmayacaq. Azərbaycanda bu gün həm institusional, həm struktur, həm də kadr islahatlarına çox böyük ehtiyac var».

Onlayn ticarət.
Onlayn ticarət.

KİMƏ ZİYAN, KİMƏ XEYİR?

«Bizim Yol» qəzetində isə «Hər 100 manatlıq alış-verişdə 18 manat ziyana düşəcəksiniz» sərlövhəli məqalədə onlayn ticarətə vergi tətbiq olunması ekspertlərlə müzakirə edilir.

Müəllif ekspertlərə istinadən Azərbaycanda onlayn ticarətdə vergi tətbiqinin bir sıra problemlər yaradacağını bildirir.

Yazıda bildirir ki, Vergi Məcəlləsinə son dəyişikliklərdə elektron ticarətə dair xüsusi qeyd öz əksini tapıb. Bu qeyddə onlayn sifarişlə alınan mallara görə Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq ediləcəyi öz əksini tapıb.

«Elektron Ticarət» İctimai Birliyinin nümayəndəsi Nicat Manafov məsələni qəzetə belə şərh edir: «Deyirlər ki, bu addım yerli sahibkarlara dəstək üçündür. Əgər hansısa malın Azərbaycanda alternativi olsaydı, bəli, yerli sahibkarı qorumaq üçün bunu etmək olardı. Amma elə məhsullar var ki, onun Azərbaycanda alternativi yoxdur, onları həmin 18 faiz vergidən azad etmək lazımdır».

İqtisadçı-ekspert Əkrəm Həsənov da bunun onlayn alqı-satqıya mənfi təsir edəcəyini deyir: «İlk növbədə onlayn ticarət zəifləyəcək, alqı-satqı səviyyəsi aşağı düşəcək. Digər tərəfdən banklara zərər dəyəcək, çünki, alış-veriş banklar vasitəsilə gedirdi. Habelə, ucuz və keyfiyyətli məhsullar almaq imkanları azalacaq. Yerli istehsalçılara kömək etmək istəyirlərsə, onların vergi yüklərini azaltsınlar».

Ekspertlər qeyd edirlər ki, bütün bunlar «yumurtadan yun qırxmaq» atalar məsəlini yada salır.

Günün bütün mövzuları

XS
SM
MD
LG