Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

Akademikin pişiyi və onun acı taleyi


İllustrasiya.
İllustrasiya.

"Birdən başı aşağı işləyən Akademikin gözü onu aldı. Yerindən ciddi-ciddi qalxdı, sol ayağını yerə dayayıb sağ ayağını qaldırdı, ona möhkəm bir təpik vurdu. Açıq qapıdan top kimi bayıra düşən gədə pişik bircə anda əvvəlki halına döndü".

Azad Qaradərəli

AKADEMİKİN PİŞİYİ, YAXUD PİŞİKLƏRİN QƏTLİAMI

hekayə

.

“Qan yoxdu” hekayəsinin müəllifi, dostum Ahmet Yıldıza

.

Çökən zülmətqaranlıqdan vəslin nurun alın dərhal,
Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal.

Səbahəddin Yəhya Sührəverdi

Yazıçı Azad Qaradərəli.
Yazıçı Azad Qaradərəli.

Akademik sehirbaz idi.

Uşaqlıqda əmisi həm kəndirbazlıq edərdi, həm pəhlivandı, həm də sehirbazlıqla məşqul olardı. Atası erkən öldüyündən onu da yanına almış, öz peşəsini qardaşı oğluna da öyrətmişdi ki, evə çörəkpulu gətirsin. O çağacan ki, uşaq dərsdən soyumağa başladı. Onda anası (o kitabxanaçı idi) əmisi ilə dalaşmış, oğlunun qulağından tutub evə gətirmiş, hədələmişdi:

-Mən özüm çörəyimizi pis-yaxşı qazana bilirəm hələ ki! Sən, məktəbə get, oxu, adam ol!

O da anasının sözündən çıxmamış, oxuyub alim olmuşdu.

Amma bu illər ərzində sehrbazlığı canından çıxarda bilmədi. Yeri gələndə elmin gözünə də qatdı bu peşəni. Əslində, onun canında varmış sehrbazlıq. Əmisinin yüz əziyyətlə hazırladığı nömrəni – məsələn, papağın altına yumurta qoyubcücəyə döndərməyi, həmin cücəni təkrar yumurtaya çeviribonu orta sırada oturanlardan birinin cibindən çıxartmağı – bircə anda göstərə bilirdi… Məşhur bir ailənin övladıolan aspirant qızı hipnozla pişiyə “çevirmiş”, sonra da başını sığallaya-sığallaya özünə aşiq etmişdi. Çox-çox sonralar o qız and içirmiş ki, mən hələ indi də hərdən çaşıb özümü pişik hesab edirəm. Elə ki bu hipnozdan ayıldım, həmin illüzionist alimlə bərabər, ömürlük pişik olmağın daşını atdım …

Hə, onun bir fobiyası vardı - ən çox istədiyi adamların onu tərk edəcəyindən qorxardı. Ona görə onları pişiyə… Amma bu barədə az sonra…

(Bir dəfə aspirant olanda akademiyada yen il axşamı o bir nömrə göstərdi. 500 səhifəlik qalınkitabın içərisindən salondakı hər hansı bir adamın oxuduğu cümlənidərhal tapdı. Onda akademiyanın prezidentinə maraq güc gəldi: o da bu kitabdan bir cümlə işarələdi. Bir göz qırpımında düzgün cavab hazır oldu! Bundan sonra prezident pələng cəsarəti ilə səhnəyə atılan oğlanı yanına çağırmış, başını tumarlayaraq demişdi: “Yaxşıdır, əladır! Yeni il şənlikləri bitən kimi yanıma gələrsən…”

Elə o nömrədən sonra başına çəkilən tumar oğlanın taleyini dəyişdi. Prezident onu özünə köməkçi təyin etdi.

Akademiya ovcunun içində idi. Gənc yaşlarında elmlər namizədi, elmlər doktoru oldu, adı SSRİ-nin hörmətli alimləri ilə yanaşı çəkildi… Amma o tumar daha bir iş gördü: pələng cüssəli, pələng cəsarətli bu oğlan pişik kimi müti, pişik kimi qorxaq birinə çevrildi. Yaxşı ki, əmisinin öyrətdiyi sehrbazlığı onu tərk etmədi. Həm müti, həm sehrbaz olmaq onun işinə yaradı əslində.)

Buna da bax: Başçının maşınında məktəbə getmək (Hekayə)

Akademik olanacan yüz kitabı vərəqləyib içindən bir kitab çıxartmağı, bir kitabı dartıb uzadıb üç kitab eləməyi, son dönəmlərdə isə elmi rəhbəri olduğu bir istedadsız aspirantı, yaxud indiki dillə desək magistri püfləyib fəlsəfə doktoruna çevirməyi, yaxud tərsinə, biristedadlı fəlsəfə doktorunupisikdirib plagiatçı damğası vurmağıan məsələsi idi. Sehr onun əlindəydi. Əlini bircə dəfə birinin üstünə çəkdimi? Məsələ bitirdi…

Hətta söz gəzirdi ki, təzəlikcən Akademikin kabinetində saxladığı Ala pişik (bu çağacan yüzlərlə belə pişiyi yemləyib işlətmiş, sonra qovmuşdu) vaxtilə telli-birçəkli bir şairmiş. Daha dəqiqi, şair-magistr. Və bir gün Akademikin bığının altından necə keçirsə, kişi çox istədiyindən əlinin qüdrətini unudub, çəkib telli gədənin başına. O, bu! Gədə dönüb pişiyə… Özü də Ala pişik!

İndi ha çalışır, vuruşur, onu əvvəliki halına döndərə bilmir. Hətta iş o yerə gəlib çatır ki, gədə-pişik gənc arvadıyla yatıb-duranda onun istəyini lazımınca ödəyə bilmir (iraq olsun, pişiyin qadınla yatmasını heç təsəvvür edə bilmirəm?!), axırda gənc qadın boşanır ondan.

Söz gəzirdi ki, gədəpişik o qədər çox içirmiş ki, böyrəkləri sıradan çıxıbmış, bir saatdan bir tualetə qaçırmış. Arvadı, əslində ona görə boşanıb – sidiyini saxlaya bilmirmiş… Hətta gecələr yerini də isladırmış… İraq olsun…

Həəə, orda qaldıq ki, akademik əlini çəkmişdi telli gədənin üstünə - peyqəmbər pişiyin üstünə çəkən kimi (yenə iraq olsun)– gədə olmuşdu pişik…

(Mən onun pişik olmayan çağlarını görmüşdüm. And olsun o müqəddəs pişiyə toxunan ələ ki, onun gözləri pişik gözü kimi parıldayırdı! Üzü eyzən pişik üzü idi ki, durmuşdu. Bığı… Yox bığı yox idi, amma pişik kimi cırmaq atmağı, bəzən yazıq-yazıq miyoldasa da, birdən hovuru qalxan dişi pişik kimi bağırmağı vardı. Bu misalı elə bil onunçün demişdilər: pişiyi də qayırandagərək elə qayırasanki, adamın üzünü çırmaqlamaya…)

Akademik üçün telli gədə - Ala pişik həm də bir daş idi – soyuq silah timsalı. Əlinə götür at düşməninə, boya al-qanına. Amma yooox, o həm də bir sehrbaz idi axı. O bu kəpirli qaya parçasını (tumara yatan, çay daşı kimi sürüşkən olsa da, daxilən bu pişik-gədə kəpirli bir qaya parçasıydı, dəydimi qan çıxartmalıydı) özü qullanmazdı. Məsələn, bir dosentin əli ilə ağzına qan alan professora atardı, elə həmin o başı çapılan professorun əli ilə akademiyanın öndəgedən müxbir üzvünə tullayardı, ortabab bir yazıçının əlinə verib Akademikə baş əyməyən xalq yazıçısına çırpardı...

(Akademik pişiklərin dünya tarixindəki yerinin təkcə Peyqəmbərlə məhdudlaşmadığını bilirdi. O bilirdi ki, orta əsrlərdəAvropadayanlış olaraqpişikləri qırıblar. Papa xristian dünyasında baş verən pisliklərə səbəb kimi sehrbazları, ovsunçuları və pişiklərigünahkar bilib. Hətta pişikləri öldürənlərə mükafat da təyin edib.

İtaliyadan Fransaya, oradan Ukranyaya, Norveçədək böyük bir ərazidə papanın fətvası ilə pişiklərin və sehrbazların qətliamı başlayır.

Fəlakətin acı nəticəsi özünü çox gözlətmədi: pişiklərin qırıldığı Avropanı tezliklə siçan və siçovullar basdı. Körpə uşaqları belə bələkdə yeyən siçovullar evlərə hücum çəkirdilər. Bu azmış kimi qara ölüm adlanan cuma, yaxud cüzam xəstəliyi tüğyan eləməyə başladı. Adamlar milçək kimi qırılırdılar. 1347-ci il hesablamalarına görə Avropada bir ildə əhalinin 51 faizi, başqa sözlə 58 milyon adam məhv oldu.

Bu fəlakətin qarşısını isə bir Təbriz türkü aldı. Təbriz sarayının həkim-filosofu Elxanilərdən Əmir əl-Umara Çobanın oğlu, Ənuşirəvanın zamanında Təbriz sarayının və dövrünün dahi həkim -filosofu Səhabəddin Yəhya Sührəvərdi Papaya məktub yazaraq fəlakətin səbəbini açıqladı. Cuma xəstəliyinin yayılmasının baisi kimi siçan və siçovulların artmasını misal göstərdi. M.F.Zaxarov “Kardinallar döyüşə gedir” kitabında yazır: ”Yaxşı ki, papa bu ağıllı fikrə qulaq asaraq fətvanı geri götürdü.”

Azərbaycanlı alimin təklifi ilə Osmanlı dövləti Avropanın köməyinə gəldi: bu ölkədən milyonlarla pişik və pişik balası Avropaya göndərildi. Az sonra artmağa başlayan pişiklər siçan və siçovulları məhv etdi. Uğurlu nəticəni görən papa sehrbazlara aid fətvanı da ləğv etdi. Bir Şərq aliminin və milyonlarla Şərq pişiyinin köməyi ilə Avropa qurtuldu.

Akademik bu tarixi yaxşı bilirdi. Özünü sehrbaz və pişiklərin himayədarı kimi böyük Sührəverdiyə tay tutmaqdan belə çəkinmirdi... Bir əl işarəsi ilə o hər şeyi dəyişə bilirdi... Hər şeyi... Təsadüfi deyil ki, başının üstündə prezidentin şəkli olsa da, masasındakı kompüterin profilində Sührəverdinin şəkli vardı....)

Buna da bax: 'Tankın qabağında duruş gətirənlər, rüşvətin qabağında dayana bilmədilər'

***

Ala pişik qələmi döş cibinə, özü də çöldən, görünən yerdən taxardı. Balaca netbukunu qoltuğuna vurub Akademikin qapısı ağzında əmrə müntəzir dayanardı. Kimin karikaturasını çəkmək, kimə zəhərli şarjlar yazmaq, kimi qaralamaq lazım gəlsə, bu pişik adam onun kimliyini, istedadını soruşmadan düşərdi üstünə. Ən acı sözlər tapar, onu cəmiyyətin gözündən salmaq üçün söyüşdən, küfrdən, qarğışdan belə istifadə edərdi. Hər yazısının sonunda vurduğudüyünü yenə hörümçək toru kimi hörər və yazısını belə bitirərdi: “Bu adam qeyri-ciddi birisidir. O dərəcədə qeyri-ciddi ki, bu yazını belə yazmağa dəyməzdi. Haram xoşu olsun!”

Pişik adam bir gün avtobusla evinə qayıdırdı. Son yazısı Akademikin çox xoşuna gəlmiş, onu ödülləndirmiş, qonorarından əlavə cibinə bir yüzlük də basmışdı. O da ucuz kafelərin birinə girmiş, yaxşıca vurmuş, kefini qaldırmışdı. Amma hər dəfə olduğu kimi kafedəkilər onu incitmiş, ələ salmış, pişim-pişim edərək təhqir etmişdilər. İndi avtobusda gedə-gedə o qanqaraldıcı hadisə yadına düşür, ürəyi bulanır, qaytarmaq istəyirdi. Amma hara? Qaytarmağa yermi var?

Bu vaxt yanındakı boş yerdə bir adam oturdu. Oturan kimi də başladı azaylanmağa:

-Ölkə xarab oldu getdi! Pişiklərlə bir avtobusda getmək yalnız bizim ölkədə ola bilər?! Əlimi caynağı ilə yaralamağından qorxmasaydım, quyruğundan tutub vızıldadardımbayıra bu sahat... Belə də şey olar?! Avtobusu döndəriblər zooparka?!. Hələ gör nə qədər doldurub tuluğunu!?

Tanıdı! O idi. Cəmi bir ay əvvəl Akademik Dosentə, Dosent Professora, Professor ortabab Yazıçıya, o da Ala pişiyə demişdi, bu da götürüb bir uzundərə yazı yazmışdı bu məşhur Yazıçı barədə. Yazıçını o ki var söymüş, sölənmiş, axırda da akademik bir tonla bitirmişdi: “Bu qeyri-ciddi adam xalq düşmənidir. Xalqın duyğuları ilə oynayandır. Dövlətin akademiklərini belə saymır. Halbuki bir akademiki yetişdirmək üçünaltmış il vaxt lazımdır. Bu Yazıçıda bunu duyacaq başmı var? Yoxdur. Elə isə niyə beləsini bayırda saxlayırlar ki? Təhlükəli canilərin yeri türmədir. Bizim xalq polisləri hara baxır?!”

Təəccüblə Yazıçıya baxdı və miyoldadı:”Sizi hələ həbs etməyiblər?!”

Yazıçı əlinin dalı ilə onu itələmək istəyəndə balaca pəncəsini qaldırıb kişinin sifətinə vurdu və onun sifətində dörd qanlı şırım açıldı. Bu vaxt avtobus dayandı. Pişik bir göz qırpımında avtobusdan tullandı və özünü güc-bəla ilə zibilliyə çatırdı. “Öhö” eləyib qaytardı...

Buna da bax: Devrilmiş, əski prezidentin əski kostyumu...

***

Səhəri akademiyanın pillələri ilə qalxan Ala pişik gözlərinə inanmadı: pilələrlə enən Yazıçının üzündə heç bir iz yox idi. Dünən elə bil belə hadisə olmamışdı. Hətta Yazıçı əlini uzadıb ciddi-ciddi onun başını tumarladı da...

Akademikin qapısını miyoldaya-miyoldaya açanda əli üzündə qaldı: kişinin sifətində qanı qurumuş dörd caynaq izi vardı. Ha eləsə də özünü cəmləşdirib şax dayana bilmədi. Akademikin qapısı ağzında uzanıb yazıq-yazıq miyoldadı. Birdən başı aşağı işləyən Akademikin gözü onu aldı. Yerindən ciddi-ciddi qalxdı, sol ayağını yerə dayayıb sağ ayağını qaldırdı, ona möhkəm bir təpik vurdu. Açıq qapıdan top kimi bayıra düşən gədə pişik bircə anda əvvəlki halına döndü. Döş cibindən dəhlizə düşmüş qələmini götürmək üçün əyilmək istədi, əyilə bilmədi: təpik bel sümüyünü zədələmişdi. Qələmi isə götürmədi – qırılmışdı.

Zibilliyin yanından keçəndə bir sürü pişik gördü. Bəzisi acından ölmüş, bəziləri zibillikdə eşələnirdilər. Bu pişik sürüsünü tək-tək tanıyırdı. Bunlar onun rəqibləri idilər. Vaxtilə Akademikin qapısında sülənib, indi qovulmuşdular. Deyəsən, pişiklərin ikinci qətliamı başlanırdı.

01.01.2017

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG