Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 08:37

Fuad Ədmədlinin ailəsinin pensiya kartı qaytarılmır


Fuad Əhmədli

«Fuad Əhmədli ilə bağlı verdiyim vəsatətlərə, hələ də, cavab verilməyib».

Bunu AzadlıqRadiosuna həbsdə olan AXCP fəalı F.Əhmədlinin vəkili Əshabəli Mustafayev bildirib.

Vəkil xatırladıb ki, 2016-cı ilin dekabrında F.Əhmədli ilə bağlı Penitensiar Xidmətə iki vəsatət verib. Halbuki, qanunvericiliyə görə, vəsatətlər 3 gün ərzində cavablandırılmalı idi: «Hələ ki, vəsatətlərə nə mənfi, nə müsbət cavab var. Vəsatətin biri Fuadın səhhətindəki problemlərə görə ekspertizadan keçirilməsi,

digəri isə saxlanan zaman götürülən ona və ailəsinə aid bəzi əşyaların, hələ də, qaytarılmaması ilə bağlıdır. Bu götürülən əşyalar arasında ailəyə aid pensiya kartı da var».

Vəkil deyir ki, dekabrın 28-də Fuad Əhmədlinin nənəsi vəfat edib. Onun nənəsinin dəfnində iştirakına da icazə verilməyib.

Vəkilin açıqlamasına Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən münasibət almaq mümkün olmayıb.

F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, «Azerfon» MMC-də «Zənglər mərkəzi»ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları , «Hizmet imam»ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen ötən il iyulun 15-i Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. Türkiyə hüquq-mühafizə orqanlarının bu iddialarını F.Gülen yalanlayıb.

XS
SM
MD
LG