Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 13:49

ABŞ Minsk Qrupuna yeni həmsədr təyin etdi


Richard E Hoagland

“2017-ci ilin yanvarından etibarən səfir Richard E Hoagland (Riçard E. Hoqland) müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri vəzifəsini icra edəcək”.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında belə deyilir.

Məlumatda vurğulanır ki, o, dekabrın 31-i sözügedən vəzifədən istefa verən səfir Ceyms B. Uorliki əvəz edəcək.

Buna da bax:​ 'Azərbaycan Minsk Qrupundan fəallıq gözləyir'

Səfir Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006 illərdə Tacikistanda, 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini kimi çalışıb.

Səfir Hoqland bu yaxında Suriyada Zorakılığın Dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb.

Hoqland bundan öncə Departamentin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya Ofisinə rəhbərlik edib. O, həmçinin ABŞ-in Moskvadakı səfirliyinin sözçüsü də olub.

Buna da bax: Həmsədr ölkələrdən Qarabağ bəyanatı

“Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt Peterburqda əldə olunan razılıqları icra etməyə və həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır. Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq”, deyə təyinat barədə məlumatın sonunda qeyd edilir.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Buna da bax:​ ATƏT-in iclasında Qarabağ müzakirələri

Bu il Azərbaycan və Ermənistan prezidentləri Vyana və Sankt Peterburqda bir araya gələrək Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparıblar.

Multimedia

XS
SM
MD
LG