Moskvada terror aktına hazırlaşmaqda şübhəli 7 nəfəri tutublar.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatında deyilir ki, həbs edilənlər «İslam Dövləti»nin (İŞİD) təlimatına uyğun olaraq, bayram günləri paytaxta hücum edəcəkmişlər. Onların kütlənin sıx olduğu yerlərə partlayıcılarla, avtomatik silahlarla hücum planladığı güman olunur.
Şübhəlilər dünən—dekabrın 29-da Rusiyanın Azərbaycanla sərhəd Dağıstan Respublikasında həbs ediliblər. Dağıstanda islamçı qruplar tez-tez polis məntəqələrinə, rəsmilərə hücum edirlər. Onlar İŞİD-lə bağlılıqlarını gizlətmir.
Rusiyanın Suriyada əməliyyatlarından sonra İŞİD rusları onların öz vətənlərində terror hücumlarıyla hədələyib.
Rəsmi məlumata görə, islamçılara qoşulmaqdan ötrü Rusiya və Mərkəzi Asiyadan Suriyaya minlərlə adam gedib.