Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:31

Min manata neftçi ömrü


Hassan Rohani, İlham Əliyev və Vladimir Putin
Hassan Rohani, İlham Əliyev və Vladimir Putin

Ölkənin xarici siyasət kursu, işsizlik, bahalaşma, əhalinin gəlirlərinin azalması və neftçilərin hüquqlarının qorunması bu gün medianın aparıcı mövzusudur.

UĞURLU XARİCİ SİYASƏT KURSU

«Azərbaycan» qəzetində «Azərbaycanın xarici siyasəti beynəlxalq aləmdə ölkəmizin mövqelərini möhkəmləndirir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2016-cı il Azərbaycandan ötrü beynəlxalq aləmlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi baxımından yaddaqalan olub.

Məqalədə qeyd edilir ki, xarici siyasətdə ilkin olaraq Avropa ilə əlaqələrin güclənməsi ön plana çıxarılır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan əhəmiyyətli rol oynayır. Buna misal kimi TANAP və TAP qaz kəmərləri layihələri göstərilir.

Müəllif yazır ki, Azərbaycanın İran və Rusiya ilə də möhkəm əlaqələri var: «Söhbət ilk növbədə regional təhlükəsizliyin möhkəmləndirilməsindən gedir. Məlum olduğu kimi, beynəlxalq terrorizm ən əcaib formalarda özünü göstərir və bu hadisələr Azərbaycan, Rusiya və İranı ciddi narahat edir».
Müəllif bu üçlük formatında əməkdaşlığın bütün sahələri üzrə inkişaf etməkdə olduğunu bildirir.

Məqalədə Azərbaycan diplomatlarının fəaliyyəti də yüksək qiymətləndirilir: «Bütünlükdə Azərbaycan diplomatiyası il ərazində xarici siyasət xəttinin prioritet istiqamətlərini rəhbər tutaraq, dövlətin maraqları naminə geniş fəaliyyət göstəriblər. Prezident İlham Əliyevin yeritdiyi xarici siyasət xətti qarşıda duran bütün vəzifələrin icrasını təmin etmişdir».

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

DƏNİZDƏ BOĞULAN HAQLAR…

Azadliq.info saytında «Batan neftçilərin ailələrinə cəmi min manat təklif edilib» başlığı ilə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının SOCAR prezidenti Rövnəq Abdullayevə məktubu dərc edilib.

Yazıda qeyd edilir ki, dekabrın 15-də estakadanın dənizə düşməsi nəticəsində itkin düşən 9 və cəsədi tapılan bir neftçinin ailələrinə cəmi min manat kompensasiya təklif edilib. Bəziləri təklif olunan məbləği qəbul etməkdən imtina edib. Öz məktubunda bu məsələni dəyərləndirən M.Qəhrəmanlı yazıb: «Bu günə qədər ailə üzvlərinə N.Nərimanov adına NQÇİ, «Azneft» İB, SOCAR və başqa müvafiq dövlət orqanları tərəfindən heç bir maddi ( SOCAR-ın təklif etdiyi 1000 manatdan başqa) və mənəvi yardım göstərilməyib. Yuxarıda qeyd olunanları və mövcud çətin iqtisadi durumu nəzərə alaraq düşünürəm ki, ölmüş elan edilmə barədə qərar qüvvəyə minənədək itkin düşmüş neftçilərin orta aylıq əməkhaqqı saxlanılmalıdır».

M.Qəhrəmanlı həmçinin təklif edir ki, ailə üzvlərindən biri işlə təmin edilməlidir. Üstəlik, həlak olmuş işçinin əmək müqaviləsinə xitam verildikdə, vərəsələrinə onun orta aylıq əməkhaqqının azı 5 misli miqdarında müavinət ödənilməlidir.

İşsizlər
İşsizlər

AÇILAN İŞ YERLƏRİNİ BİLİRİK, BAĞLANANLARI YOX...

«Exo» qəzetində «10 min yeni iş yeri açılması Azərbaycanda işsizlik problemini həll etməz» sərlövhəli məqalədə ölkədə işsizliyin səviyyəsi ekspertlərlə dəyərləndirilir.

Yazının əvvəlində uyğun qiymətə mənzil təminatının inkişafı üzrə Strateji Yol Xəritəsindən bəhs edilir. Müəllif qeyd edir ki, bu sənəddə 2020-ci ilə kimi tikinti sektorunda 10 min yeni iş yerinin açılması nəzərdə tutulub.

Yazıda bildirilir ki, indi ölkədə 34 min nəfərə yaxın işsiz qeydiyyatdadır. İşsizliyə görə müavinət isə cəmi 243 manatdır.

Müəllif yazır ki, bu, gerçək işsizlərin çox cüzi bir hissəsidir.

Qəzetə danışan ekspertlər isə bildiriblər ki, 2020-ci ilə kimi 10 min iş yeri açılsa belə, bununla işsizlik problemi həll edilməyəcək

Ekspertlər deyirlər ki, yeni iş yerlərinin açıldığı bildirilsə də, ixtisarlarla bağlı məlumatlar bir o qədər şəffaf deyil.

Yazıda qeyd edilir ki, işsizliyin əsaslı şəkildə aradan qaldırılmasından ötrü bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir: «Strateji xəritədə yer alan peşə təhsili, məşğulluq mərkəzləri, işsizliyə görə sığorta haqqında qanunun qəbul edilməsi baş tutsa, bu zaman problemin hissə-hissə aradan qaldırılacağını söyləmək olar».

Yazıda vurğulanır ki, indi bağlanan iş yerləri açılan iş yerlərindən daha çoxdur. Bu prosesdə, hələ ki, dönüş baş verməyib.

Pul
Pul

ƏHALİNİN QAZANCI AZALIR

«Novoye Vremya» qəzetində isə «Əhalinin gəlirləri sürətlə azalır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə işsizlikdən sonra ən kəskin problem gəlirlərin bölüşdürülməsidir. Yazıda qeyd edilir ki, son illər Azərbaycanda əhalinin gəlirləri sürətlə azalır: «Əgər bu artım 2012-ci ildə 8.2 faiz idisə, son illərdə 3.2 faizə qədər enib. 2015-ci ildə isə cəmi 1 faiz olub. Bu hesabla maaşların artım sürəti 8 dəfə aşağı düşüb».

Müəllif vurğulayır ki, gəlirlər artmasa da, xərclər artıb. Rəsmi etirafa görə, ölkədə inflyasiyanın həddi ikirəqəmlidir.

Yazıda deyilir ki, Azərbaycanda gəlirlər düzgün bölüşdürülmür. Siniflər arasında rəqabət getdikcə dərinləşir. Müəllifin fikrincə, ölkədə 10 faizin gəliri kasıb təbəqələrin ümumilikdə gəlirindən daha çoxdur: «Göründüyü kimi, artım barədə hökumətin vədlərinə baxmayaraq, ölkə əhalisinin real gəlirləri azalır və bu, hələ, rəsmi rəqəmlərə əsasən belədir. Qeyri-rəsmi rəqəmlərə istinad edilsə, azalma tempi daha da sürətli olacaq».

Yazıda qeyd edilir ki, manatın getdikcə dəyər itirməsi bu prosesi daha da dərinləşdirir.

XS
SM
MD
LG