Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Bir qəribə qadın (hekayə)


Naməlum qadının portreti.
Naməlum qadının portreti.

"Qadın, dodaqaltı, kişinin arxasınca gileyləndi, ayağa durdu, masamızın üstünə tökdüyü nə vardısa sellafon torba qarışıq götürüb əsgərlərin masasına apardı. Sakit, qayğıkeş səslə - "Yeyin uşaqlar, ürəklə yeyin, siz əsgərsiniz" - dedi"

Gülnar Əhməd

BİR QƏRİBƏ QADIN

Gülnar Əhməd.
Gülnar Əhməd.

Avtobusda onunla aramızda koridor və bir yolçu vardı. Aramızdakı gürcü düşəndən sonra yediklərindən mənə də təklif elədi. Təşəkkür edib, toxam dedim. Avtobus beş dəqiqəlik fasiləyə dayananda çaxmağın varmı soruşdu. Çəkən deyildim, bu dəfə də aciz şəkildə neqativ cavab verdim. Danışanda hərdən ağzı sağ tərəfə doğru çəkilir, sağ gözü qapanırdı. Bir şey deməyib avtobusdan düşdü.

Pəncərəmdən, tünd bordo dəri gödəkcədə, mart soyuğunda incə orta dabanlı zərif ayaqqabıda, qısa klassik şalvarda, incə boyunlu, ağbəniz, düz incə burunlu, ciyinə dəyən üst-üstə kəsilmiş parlaq şabalıdı saçlı bu qadını gözlərimi çəkmədən izləyirdim. Hansı yolçunun bu yollarda nə axtardığını bilməyi öyrənmişdim. Bu yolçuların çoxu ticarətlə məşğuldu, kimi mal alıb satırdı, kimi də özünü. Bəzən də qazandıqları pula mal alıb, gətirib ölkələrində satırdılar.

Qadın, gah əlindəki siqareti dodaqları arasına aparıb, ordlarını bir-birinə yapışdıraraq dumanı çiyərinə çəkir, gah da qollarını sinəsinə çarpazlayaraq avtobus boyu var-gəl edirdi. Arabir qeyri-iradi olaraq başını aşağı əyir, gözlərini yerə zilləyir, üşüyən ayaqlarının yerə döyürdü.

Buna da bax: Gülnar Əhməd. Özgə həyatlar (hekayə)

Bu qadınlar həmişə söhbətə açıq olurlar, amma mən qaçırdım, saatlarla şişirdilmiş dodaqlara, üzə baxmağa dözə bilmirdim. Bu 40 yaşlarında qadının zərifliyi, təbii gözəllik və əsaləti məni buraxmrdı. Hardan gəlirdi bu zənginlik, niyə belə ucuz satmışdı özünü həyata? Bir xeyli getmişdik ki, pəncərə tərəfdən yerini dəyişərək koridor tərəfə keçdi. Və təbəssümlü dodaqlarla söhbətə başladı.

- Nə yaxşı danışanda ağzımın niyə əyildiyini soruşmadın?

- Çiynimi çəkdim, elə də hiss olunmur, çox gözəlsiniz, haralısınız?

- Hmm, uşaqlar görəndə gülür mənə, böyüklər də mütləq soruşur. Soruşmayan birinci adamsan. Ərim bu günə qoyub məni. Mən özüm Qazaxlıyam, atam Qazaxlıdı, anam rus, ərim də Qazaxlıdı, yeni keçmiş ərim.

- Qarışıq olduğunuzu düşünmüşdüm, amma rusla yox, daha çox tatarla qarışığa oxşayırsınız.

- Nənəmdən heç xoşum gəlməzdi, ildə bir dəfə yanına gedirdik, atamız qara olduğuna görə o da bizi xoşlamırdı. Öləndən sonra cəmi bir dəfə getdik Rusiyaya, onda da evini satdıq, gəlib Bakıdan ev aldıq. İndi anamla, o evdə yaşayıram. Bir oğlum da var. Tələbədi, Ukraynada oxuyur, keçen il düzəltdim ki, təhsilli olsun.

- Atası kömək eləmir sizə?

- Yox, evdə bir mən işləyirəm. Atası gələndə oğlundan siqaret dilənir.

Təəssüf hissi ilə başımı yana silkələyirəm.

- Sevmişdik bir-birimizi. Vaxt var idi Göyəzən dağının ətəyində mənə gül dərirdi. Əl-ələ çox gəzmişik o yerləri. Sonra AMON a qoşuldu, sonra da həbs olundu. 21 yaşında idim mən onda. Həbsdən çıxanda da narkoman, işsiz-gücsüz, səfil. Bu siqareti də bir qadın vardı ondan öyrəndim. Lənətə gəlsin onu. Dediyim kimi üzümdəki əyrilik də ərimdən qalıb, həbsxanadan sonra məni bu günə qoydu.

Həyatını, əzbərləyib, canlandırıb unudan diktorlar kimi bir neçə dəqiqəyə qısaca danışdı mənə qadın. Diktorlardan fərqi vardi, o unutmurdu, hamıya eyni mətni danışırdı, yorulmurdu, səhfvmi axtarırdı, bəratmi istəyirdi, yoxsa yüngülləşməkmi? Heç vaxt bunu başa düşə bilmədim. Amma əminəm ki, bu uzun yollarda bu qısa tarixçəni çoxlarına danışmışdı.

Beləcə söhbət edə-edə gəlib məmləkətimizə çıxmışdıq. Yenə yarım saatlıq fasiləyə dayanmışdı avtobus. Birlikdə avtobusun dayandığı kafenin arxa baxçasına getdik, çay içməyə. Mən sadəcə çay aldım, o da yanında gəzdirdiyi çantadan, kolbasa, sosis, pomidor, xiyar çıxarıb masanın üzərinə saldığı qəzetin üstünə tökdü. Çaylarımız yenicə gəlmişdi ki, yanımızdakı masaya dörd-beş nəfər əsgər gəlib oturdu. Əvvəl ofisant gəldi, nə oldusa ofisant gettikdən sonra iri cüssəli, çal saçlı, kobud sifətli, boz rəngli qalın palto geymiş bir kişi əsgərlərin masasına yaxınlaşdı. Kişi getdikcə səsini ucaldırdı:

- Yox mümkün deyil, yeri yoxdu, üz vurmayın, nəyə gücünüz çatır onu alın yeyin...

Hiss edirdik ki, yeməyin qiymətinə əsgərlərin gücü çatmır. Səs çıxarmadan əl barmaqlarını şaqqıldada-şaqqıldada döyükür, sıxılaraq ətrafa boylanırdılar.

Buna da bax: 'Bakı xanı Hüseynqulu xanın Mahnigar adlı gözəl bir qızı var idi'

Söhbəti diqqətlə dinləyən qadın yanpörtü dönüb, sağ qolunu oturduğu stula söykəyərək söhbətə qarışdı.

- Sənin də uşaqların var, bir az ucuz elə əsgərdilər, bəlkə pulları yoxdu.

Əsgərlərin masasının yanında dayanan kişi üzünü bizə tərəf çevirmədən, hə, mənim də uşaqlarım var, kim onlara yaxşılıq eləyib ki, mən də camaatın uşağına edim deyib, əlində tutduğu kağızı yenə əsgərlərə göstərərək, bizim eşidə bilmədiyimiz səslə nəsə dedi, sonra deyinə - deyinə içəri keçdi.

Qadın, dodaqaltı, kişinin arxasınca gileyləndi, ayağa durdu, masamızın üstünə tökdüyü nə vardısa sellafon torba qarışıq götürüb əsgərlərin masasına apardı.

Sakit, qayğıkeş səslə - "Yeyin uşaqlar, ürəklə yeyin, siz əsgərsiniz" - deyib əhvalını pozmadan masamıza qayıtdı.Kəlmə kəsmədən sinəsi dolusu nəfəs ala-ala, yol çəkən gözləriylə dinməz-danışmaz çayını içdi. 10-15 dəqiqə sonra gödəkçəsinin cibindən bir manat çıxarıb çaydanın altına qodu və ayağa qalxdı. Ardınca mən də durdum, masaya tökdüyümüz qazet kağızlarını zibil qutusuna atıb bizi evlərimizə aparacaq avtobusa tərəf getdik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG