Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:43

-

"- Heç Atila İlhanın “Aysel git başımdan” şeirini dinləmisənmi?

- Nə vaxtsa oxumuşam amma yadımda qalmayıb - dedi həmvətənlisi.

- Bu şeiri çox sevirəm, adamın belə cəsarətli sevgilisi ola".

Gülnar Əhməd

ÖZGƏ HƏYATLAR

Gənc qız, ona xas olmayan ürəkli addımlarla Köç İdarəsinin yeni təmir olunmuş, boya qoxusu hələ çəkilməmiş dar pilləkənlərindən düşdü. Nə küçədəki kiçik kətillərdə oturub nərd atan yaşlı xırdavat satanların, nə də digər qapının ağzında növbəsiz basa bas salan qucağı, ətrafı kiçik yaşlı uşaqlarla dolu ərəblərin onun işıq saçan görünüşünə və təntənəli yerişinə baxdıqlarının fərqinə vardı. Yanından ötən servis motosikletinin səsini də eşitmirdi. Sanki ayaqlarını yerə yox, havaya basırdı.

Bu gün kimliyimi aldım, burada belə deyilir “kimlik”. Bu sözlə qarışıq 26 yaşımda yenidən doğuluram. Bu gün Qara Dəniz sahilindəki bu qədim şəhərdə, tanış olmayan amma hər tərəfi ilə sevdiyim bu zövqsüz toplumda. Yeməklərini, yay qış qalın geyib tər qoxusu ilə dolaşan insanlarını danışsam bitməz, bəlkə də bəyənmədim desəm bitər. Amma bu küçələri, hələ tanış olmayan lokantalar, kafelər, məscidlər, kilsələr, dükanlar, ucsuz-bucaqsız bulvarlar, heç nəyi görməyən gözlər... Gözlər “yabancı”ları yaxşı görmür, həm də tez yaddan çıxarır. Beləcə bu gün mən bu şəhərdə təzədən doğuldum. Burada həyat zəngindir, bu kimlik mənə zənginlikləri dadmaq ixtiyarı verir. Qollarımı açıb qışqırmaq istəyirəm, qurtuluşu yaşamaq. Hər şey gözəl görünür, yapışqanla bağlanmış, çat vermiş kərpiç artırma da, halbuki dünən məni çox təəccübləndirmişdi, uçarsa uçsun, kiminsə üstünə tökülməyəcək, sanki sevincimin gücü buna imkan verməyəcək deyirdi öz özünə.

Bu şəhərin küləkləri də saçlarını ondan ixtiyarsız qarışdırmırdı. Hansı tərəfə atırırdı, orda da qalırdı.

Bu sabah o günün üstündən bir il ötürdü. Saat günorta birə qalır, səhər yeməyinin vaxtı çoxdan keçirdi, keçməsə də yeməyə düşəsi halda deyildi. Dünənki içkinin verdiyi baş ağrısı, bir də dünənki hadisənin dumanlı təəssüratı. Stolüstü güzgüsünü əlinə alıb üzünə, keçən il, 26 yaşında görünməyən gözaltındakı zəif xətlərə baxır. Axşam nə baş veridyini öyrənmək marağı utanc hissini üstələyirdi. Yuyunub, asta, ayaqlarını sürüyən yerişilə aşağı mərtəbəyə düşdü. Heç kim ona məzəmmətlə baxmır, onu görən kimi bir birinə qısılıb xısınlaşmırdı. Qapıçı, gülə gülə “dünən şahanə idin deyir.” Demə dünən üç mərtəbəni qusa-qusa heç kimin köməyini qəbul eləmədən yıxıla-dura özü çıxıbmış. Bütün heyət onun tamaşasına dayanıbmış. Yenə də hamı “yaxşısanmı” deyə halını soruşdu. Sifətlərdə tənqid, məzəmmət hiss olunmurdu. Gözlədiyinin əksinə ona gecə yarısı, sərxoş halda yataqxanaya gəldiyi üçün xəbərdarlıq eləmədilər. Artıq bunu yaddan çıxarmalı olduğunu özünə təlqin elədi.

Durub dünən yataqxanaya gələn, ona meqaloman təsiri bağışlayan həmvətənlisinin otağına qalxdı. Demişdi nə vaxt istəsən gələrsən. Qapını açıb astaca həmvətənlisinin adını çağırdı?

İçəridən "Gəl" - dedi həmvətənlisi.

- Necəsən?

Biraz gec, elə bil tərəddüdlü səslə yaxşıyam dedi, yer göstərib, əlindəki kitabın arasına ələfcin qoyub ağzını örtdü.

Həmvətənlisi neçə vaxtdır diqqətini çəkən qonağı ilə rahat söhbət eləyə bilmək üçün onu dar, gün döyən otaqda qonaq etmək istəmədi.

- Gəl aşağı düşək, kafeyə, orada söhbət edək - dedi. Yataqxananın birinci mərtəbəsindəki kafedə hərəyə bir qəhvə götürüb işığın üzlərini zəif aydınlatdığı kənar stolların birində oturdular.

Həmvətənlisi onunla raslaşdığı ilk gün belə gözəl qızı buraya hansısa təkanın atdığını kəsdirmişdi. Onların məmləkətində bu qızın indi ya əri, ailəsi olmalı idi ya da heç olmasa axtarışda olmalıydı. Geyimi, bəzəyi, elmə ciddi marağı olduğunu göstərmirdi. Buna görə vaxt itirmədən onu dərsdə gördüyü ilk gündən fikrini istismar edən düşüncələrə cavab almağa çalışdı.

- İndi de görün burda nə işin var? - Ciddi səmimiyyətlə soruşdu həmyerlisi.

O da sürməli, iri füsünkar gözlərini süzdürərək, əvvəl utancaq əda ilə, çiyinlərini çəkdi. Sonra qəhvəsindən bir qurtum alıb, gülümsəyən dodaqlarına uyuşmayan kədərə boğdu gözlərini.

- Bizdə yaşaya bilmədim, bezikdim... - dedi. - Bezmişdim bizim mühitdən, uzaqlaşmaq istədim. İşdə, evdə hər yerdə sıxıntı.

- Burda məsələ həll olunur? Nə qədər davam edə biləcəksən?

- Dostlarım var heç olmasa, söhbət edirik, onlarla vaxtım xoş keçir.

Həmvətənlisi yetişmiş çibanı asta-asta yox, birdən sıxaraq həmsöhbətinə tərəddüd etmədən həyatına yön verən suallara keçdi.

- Evlilik necə düşünürsən.

- Sevgi yaşamaq istərdim. Evlilik insan təbiətinə ziddir.

- Necə birisi ilə?

- Bu işin necəsi yoxdu. Əvvəllər iki dəfə sevgim olub.

- Hmm. - Dedi həmvətənlisi. - Nə mane oldu sizə?

- Birinci məndən çox böyük idi. Yaşı əlliyə yaxın, yazıçı, ailəsi, iki uşağı, - Deyib fikrinin arıdını gətirmədi. Onu sızıldadan yaranın qaysağını qopardı. - Amma məni yox, məndən də gənc, heç bir gözəlliyi olmayan başqa birini seçdi. - dedi.

- Seçdi?

- Hə. Onu çox bəyəndiyini deyirdi. Xüsusilə son vaxtlar mənimlə onun arasında tez-tez müqayisə aparırdı. Həmişə onu üstün çıxarırdı. İndi birgə yaşayırlar.

- Sən necə onunla belə birgə yaşayardın?

(Cavab vermir).

- Ailən nə deyərdi?

- Bunu fikirləşməmişəm.

- Onsuz yaşaya bilmirdim. Hər gün saatlarla telefonla danışırdıq. Çox sevirdim. Əvəllər ümidli idi. Bir il davam elədik. Sonralar deyirdi ki, birlikdə yaşasaq ailən qəbul eləməyəcək, problem yaradacaqlar.

- Hara qədər getdin onunla?

- Bir dəfə öpüşdüm. (Hər iki əli ilə üzünü örtərək gülür).

- Vəssalam.

- Vəssalam. Məndə ona qarşı şəhvani hiss yox idi.

- Heç Atila İlhanın “Aysel git başımdan” şeirini dinləmisənmi?

- Nə vaxtsa oxumuşam amma yadımda qalmayıb - dedi həmvətənlisi.

- Bu şeiri çox sevirəm, adamın belə cəsarətli sevgilisi ola. Amma, o mənə get başımdan demirdi, istədiyi kimi davam eləyə bilmədiyimizi görəndə, qüsur axtardı məndə, - deyərək gözləri pəncərəyə dalır. Sonralar məni boş, mənasız görürdü. Onun əsərlərini oxumaqdan zövq alırdım. Əvvəllər mənə dərin sevgi ismarıcları yazırdı. Sonra ədəbiyyatdan fəlsəfədən danışmağa başladı. Sonra da bizim qadınları, dolayısıyla məni tənqidə keçdi. Hərdən savaşırdıq. Hətta yeni sevgilisi haqda mənimlə uzun uzadı söhbət eləməkdən zövq alırdı. Nəhayət, məni istəmədiyini, mənim intellektimin aşağı olduğunu dedi. O qızın yazdığı bəsit yazılara tərif deyirdi. Ciddi problemlər yaşadım, onunla da, görüşdüyü qızla da.

- Sonra da özünü bura atdın...

- Hə... Təzə dostlarımla çox yaxşı idi, bir neçə gün əvvələ kimi. Burada insanın ciyərlərini açmağa hava var. (Yenə gülür).

- Qayıdıcaqsan?

- Yox. Qayıtmaq istəmirəm. İşləyəcəm. Dünənə kimi hər şey çox gözəl idi. Yenə də qayıtmayacam. Burada.... Çox sıxılıram. Hərdən adam axtarıram bunları danışmağa. Dinləsin ancaq dinləsin məni.

- Hmm... Məncə evə qayıtmaq daha yaxşıdır.

- Əsla.

- Kaş dünən yaşadıqlarımı yaşamayaydım, başını yelləyərək təəssüflə deyir.

- Onlarla təəsadüfən tanış olmuşdum. Yataqxanadakı qızlardan biri ilə yaxındakı kafelərdən birinə gəlmişdik. İranlı mühacirlərdən kiminsə ad günü idi. Təsadüf. Elə ilk dəfə də onda içdim. Hamı səbirsizliklə onu gözləyirdi. Xeyli gözləyəndən sonra gəldi. İlk dəfə o gün gördüm onu, elə o biriləri də həmin gün tanıdım. Sonra görüşəndə dedi ki, məni əvvəllər bir dəfə görübmüş yataqxanaya gələn yolda. Xeyli arxamca gəlib, cəsarət edib yaxınlaşmayıb. Uzun, çirkinin biridir deyir yenə gülərək. Deyirdi ki, çox xoşuna gəlmişəmmiş. Həmin günü də mənə yaxınlaşmağa tərəddüd edib. Nə isə, səkkiz aydır demək olar hər gün görüşürdük. Bura yaxın evdə kirayədə qalır. Əla aşbazlığı var, yemək bişirəndə həmişə məni qonaq çağırırdı. Qayğıma qalırdı, bu danışdıqlarımı ona da danışmışam. 50 yaşında kişiyə vurulmağım əvvəl ona anlaşılmaz gəldi. Uzun müddət mənimlə yaxınlaşmağa çalışdı. Həmişə estetik gözəlliyimi müzakirə edirdi. Bu yaşa qədər saf qaldığıma görə məni qınayırdı, həm də təəssüf edirdi.

- Onunla nəsə yaşaya bildin?

- Yox. O mədəni insandı. Məni nəyəsə məcbur eləməyib. Evində otrub filmə baxanda mənə uzun-uzadı cinsi həyatın vacibliyini başa salmağa çalışırdı. Hərdən əlini çiyinlərimdə, boynumda asta asta gəzdirirdi, diqqətlə məni süzərək nə hiss elədiyimi öyrənmək istəyirdi. Bir dəfə əsəbləşəndə məni qovduğu da olmuşdu. Amma tez barışdıq. Deyirdi heyifdi sənə. O, nə danışsam, sona qədər dinləyirdi. Bir dəfə ona dedim ki, adamın elə əri ola ki, başını sinəsinə qoyub yeni sevgilisi üçün ağlaya.

(Bunu deyib qəhqəhə ilə gülür).

- Amma o mənim bu arzumda yanlış heç nə görmədi. Təbəssümlə dedi ki, mən ola bilərəm. Biz tanış olduğumuz gün sarı saçlı çox qəşəng İranlı bir qız da vardı kafedə. Sonra dostunun arvadı dedi ki, onun sevgilisi imiş. Amma özü mənə ondan ayrıldığını dedi. Dünən axşama kimi. Kaş dünənki günü yaşamayaydım. Çox utancverici şeylər yaşadım. Yəqin dostları ilə birgə, planlaşdırmışdılar. Bəlkə də dostu ilə arvadı elədi bunu. Geriyə baxıram, dostu mənə çox diqqət göstərirdi, gənc gözəl də xanımı var. Necə oldusa mənim yaxın rəfiqəmə çevrildi bu qız. Fikirləşirəm yəqin məni göz önündə saxlamaq istəmişdi. Nəhayət bir daşla iki quş vurdu.

Dünən axşamtərəfi kafedə idik. Kafeyə gedəndə telefonumu yolda salıb sındırmışdım. Dostum dedi ki, ver, təmir elətdirərəm. Mən də verdim. Axşam elə yurtda idim, baxdım inbox a ismarıc gəlib dostunun arvadından. “Telefonun hazırdı. Get götür. Səni gözləyir” yazmışdı.

Mən də hazırlaşıb çıxdım. Evə çatıb zəngi basmaq istəyəndə gördüm qapı açıqdır. Boylandım, heç kim yox idi. İkinci mərtəbəyə qalxıdım. Evin qapısı da açıq qalmışdı. Zəngə ehtiyac olmadı, itələyən kimi açıldı. İçəridən səs gəlirdi. Başa düşdüm ki, qadın var. Marağımı yenə bilmədim, kimliyini öyrənmək üçün yataq otağına keçdim, ilk dəfə ad günündə gördüyüm sevgilisi ilə idi...

(Bir neçə dəqiqə susur, yenə pəncərədən çölə baxır.)

Oradan dostunun evinə getdim. Arvadının yanında ona iki sillə vurdum. Oradan da kafeyə qayıtdım... özümü itirənə kimi içdim..

Təəssüf hissi ilə, "niyə mənə bunu elədilər"? - Deyir.

- Gəl məsələyə əvvəldən baxaq. Öz ölkəndə yaşadıqların başa düşüləndi, mühit, ailə, dost tanış var. Buradakı bütün bunlar yoxdu, niyə bu adamla yaşamadın?

- Tam xoşuma gəlmirdi.

- Onda niyə yaxınlaşmasına yol verirdin?

- Belə münasibət, yaxın ünsiyyət xoşuma gəlirdi.

- Gözəlliyin, açıq fikirlərin, yaşın tanış olduğun kişilərə cəsarət verir, amma 13-14 yaşlı qızlar kimi davranırsan. Kimə lazımdır gülü görüb qoxlamamaq. Sən orda da, burda da eynisən, özündən qaça bilmirsən. Məsuliyyət hissi, qəbul eləməsən də həyatdan gözlədiklərin sənin özünsən, olmaq istədiyin isə başqası.

- Bu danışdıqlarımı ailəmdən heç kimə danışmamışam, danışa bilmərəm, çünki anlayan olmayacaq. Bütün bunlara baxmayaraq geri dönməyi düşünmürəm. Burada sevnc tapdığım kimi əzablarımı da çəkə bilirəm, birinci zərbədən burada sağaldım, bu da keçər. Yaxşı ki, məni dinlədin, yüngülləşdim. Buna həqiqətən ehtiyacım var idi.

Sona tanışlardan birinin onu yaxınlıqda işlədiyi karaoke klubuna dəvət elədiyini xatırlayıb, üzünü həmyerlisinə tutaraq:

- Yaxında karaoke klub var, bəlkə axşam ora gedək, hə, nə deyirsən? Biraz əylənərik. - Dedi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG