Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

-

"Onun belə havalarçün çöldə öz əyləncəsi vardı. Köhnə atılmış moskviçə dolan külək kapotun qapağını qaldırır, aşağı-yuxarı yellədirdi onu. Elə olurdu, üç saat oturub tamaşa edirdi onun yellənməsinə Paşa, qapağın tənbəl cüyültüsünə dalırdı".

Nərmin Kamal

Sülh dövrünün fərarisi

(hekayə)

Paşa gecənin bir aləmi oyanıb pəncərəni açdı. Nə qədər səs varmış dünyada! Cücülər gəzəndə xışıldayır, qum dənəcikləri yumruca toplar kimi gumbultuyla atılıb düşür, hər şey tərpənir, hər şey nəfəs alır, hələ bir azdan gün çıxanda da səs salacaq, ancaq biz onları eşitmirmişik. Gözünü uzaqda sayrışan şəhər işıqlarına zilləyib nəqədərsə dayanandan sonra qoluna baxdı, gördü saat dörddü.

- Niyə yatmırsan? – üç gündür özünə otaq yoldaşı tutduğu, adı Paşanın yadında qalmayan yüngül sənaye texnikumunun tələbəsi də oyandı.

- Yuxum gəlmir.

- Onda qoy biz yataq.

- Təbiətin səsinə qulaq as. Dur gəl bura. Hiss eləyirsən?

- Paşa, qoy yatım güc yığım bir az, səhər adam döyməyə gedirik.

- Kimi döyməyə?

- Ayaqqabısatanı...

- Nəyə görə? – Paşa çiyni üstdən döndü, qaranlıqda otaq yoldaşının təzə qırxılmış peysəri işıldayırdı.

- Doğrudan, sən tez yatdın axşam, bilmədin də nə oldu. Səhər danışaram –yüngül sənaye texnikumunun tələbəsi bərk-bərk yorğanına büründü, söhbətə nöqtə qoyar kimi başını yastığa çırpdı.

Paşa bir az da dayandı pəncərənin qabağında. Mənim nə işim var burda – dedi öz-özünə, dünya nə gözəldir, kainat nə böyükdür, bu evdə nə işim var, gecə olanda nə olar ki, nə ilişmişəm burda. Otaq yoldaşları da elə bunu deyirdilər, amma bir az ayrı cürə; deyirdilər, Bakının ortasında evi-eşiyi, ata-anası, arvad-uşağı olan şəhər uşağı da heç gəlib bu ilan mələyən çöllərdə tələbələrlə kirayə qalarmı. Gurultuyla keçən yük maşını onu öz aləmindən ayırdı. Pəncərədən aralanıb bilmədi neynəsin, yıxılıb yatsın, ya çıxsın bayıra.

Dəhlizə keçib o gün divara yapışdırdığı rəsmə baxdı, altındakı yazını bir də oxudu: “Edmund Monk. Haray”. Hər üç otağa boylandı, tələbələrin hərəsi bir yanda tirlənib yatırdı. Mətbəxə yerə səpələnmiş ayaqqabı qutularının, cığ-cığ kağızların arasıyla gəldi, üstünə şirinçay yapışıb bərkimiş masanın şirmayı ağ taburetini çəkdi altına. Ayaqqabıları bir-bir götürüb üstünə, altına baxdı. Gördü bu çəkmələrin hamısı dünən gördüyü qədər gözəldi, şıxdı, qaradı, parlaqdı, hər ölçüsü var, 40-ı var, 41-i var, 42-si var, 43-ü də var. Elə bil dəzgahdan çıxmayıb, bir-bir əllə düzəldiblər. Dünən küçə alverçisində bu ayaqqabıları görəndə sevinmişdi Paşa. Bir qiymətini soruşmuşdu, bir burnuna tutmuşdu. Aşağı qiymətə xalis dəri tapdığıyçün fitləyib tələbələrin hamısını yığmışdı ora. İndi ayaqqabıları satan kişini niyə döymək istəsinlər, nəyi əskikdi bu ayaqqabıların?!

Paşa bir tay 41 keçirtdi ayağına. Ayaqqabının ayağa girməsilə küləyin pəncərəni çırpması bir oldu. Yenə başladı. Səhərə yaxın qalxır bu gic külək, tozu-torpağı ərşə qaldırır, bir purqa, bir qiyamət qoparır, nolub, nə xəbərdi.

Paşa qalxıb alnını mətbəxdən eyvana açılan pəncərəyə söykədi. Toza bulaşıb rəngini itirmiş topu külək uzun eyvanın bu başından o başına, o başından bu başına diyirlədirdi, elə bil biri o başda, biri bu başda durmuş iki gözəgörünməz adam futbol oynayırdı eyvanda. Uzaqda, Paşanın baxdığı bir-birinə söykənmiş şəhər daxmaları tərəfdən pal-paltarı gah dirəyinə sarılan, gah tarım açılıb yellənən bayraq kimi bir qız gəlirdi. Çöllərin tikanlı ot-ələfini kos kimi qabağına qatıb diyirlədə-diyirlədə öz gizli mağarasına aparan külək, qızı da belə yıxıb yumbalatmağı arzu edirdi.

- Bağışlayın, mənə kömək lazımdı – bunu qız Paşanı görüb əl yelləyəndən sonra dedi. - Bu dəqiqə xəstəxanaya çatmalıyam. Külək qoymur yola çıxam. Bura qədər güclə gəlmişəm. Bir adam lazımdı mənimlə getsin, külək aparmasın.

Paşa barmağını özünə tuşladı.

- Yoox, siznən mən ikilikdə bir adam edərik. Kök adam lazımdı. Bəlkə içəridən kimisə çağırasız? - qız üzünü-başını tamam bürüyüb bağlamışdı, qumu, çınqılı çırpıb insan dərisini deşməkdə mahir olan küləyə qarşı ən yaxşısı elə bu idi.

... – Paşanın nə dediyi eşidilmədi.

- Bağışlayın, əziyyət verirəm. Çox pis əsir. Mən təcili çatmalıyam. Skorı çağırdım, dedilər yaxın saatlarda olmayacaq, təcili yardım maşınları məşğuldu. Hə?..

... – Paşa havada sual işarəsi cızdı.

- Zəhərli su içmişəm. Bilmədən. Ağacların dərmanlı suyunu.

... – nəsə deyib Paşa barmağıyla qol saatını göstərdi.

- Yox, gözləyə bilmərəm. Bir az tez olar? - külək hər püskürəndə qızı getmək istəmədiyi səmtə qovurdu.

Bayaq əcəb sakitlik idi, kim deyərdi belə külək qalxacaq, - Paşa əyilib ayaqqabının ikinci tayını da geyindi. Qapını örtüb pilləkənləri üç-üç düşdü, çölə çıxan kimi ayaq barmaqlarına elə bil şlanqdan təzyiqlə soyuq hava vurdular. Paşa gördü ayaqqabıların ağzı açılıb. Açılmaq da var, açılmaq da, bu çəkmələrin altı üstündən tamam ayrılıb. Geyinməsindən heç yarım saat keçməyib, ikisi də eyni yerindən nə tez açıldı bunlar.

Çəkmələr binanı burulanda ayağından tamam çıxdılar, qıza çatanacan ayaqyalın qaldı. Bu havada, bu çöldə ətcə pəncə-dabanıyla yol gedə, üstəlik, özüylə başqa bir adamı da apara bilərdimi Paşa, “nə var ki, gedəcəm” - dedi öz-özünə.

Bakının qurtaracağında, Abşeron yarımsəhralarına açılan o binalarda əgər səhərin erkən çağı ondan özgə də yuxudan oyananlar vardısa, eyvandan baxırdılarsa, çöllü biyabanın ortasında Paşayla o qızın necə getdiyini bir onlar görürdülər. Gah sap çarxı kimi fırlanır, gah yığılıb otururdular, dirənə-dirənə gedib, gedib nöqtə boyda oldular.

Paşa qulağı-başı qumlu, kürəkləri döyülmüş döşək kimi, ayaqları qan içində qayıtdı. Qayıdanbaş yırtıq ayaqqabılarını axtardı küçədə, ancaq tapa bilmədi.

Girdi gördü otaq yoldaşları hələ yatışırlar, ayaqqabılar da bayaqkı yerlərindədi. Baş açmadı niyə tez açıldı bu cür yaraşıqlı ayaqqabılar, baxanda heç deməzdin belə olacaq, ancaq indi onun fikrini açılan ayaqqabıdan daha vacib bir hadisə qaynar qatran kimi yayılıb tutmaqdaydı.

- Neynirsən? - yüngül sənaye texnikumunun tələbəsiylə yaşamaq çətin olacaq, tülkü kimi asta-asta gəlib adamın boynunun dalında qəfil danışmağı var.

- Heç nə.

- Gedirsən biznən?

- Yox. Yatacam.

- Pah! Sən tanıyırsan da oranı, şəhər uşağı, hansı küçəydi, sən bilirsən –arasından külək ulayan pəncərəni sıxdı. – Ölü ayaqqabısı satıblar bizə, a kişi. Səhərəcən yuxumu qarışdırmışam...

- Nə ayaqqabısı? – Paşa heç nə başa düşmədi.

- Budu, içində yazılıb. Xaricdə ölüyə pal-paltar, kostyum, ayaqqabı geydirib qoyurlar tabuta. Bu da gətirib o ayaqqabıları burda satır. Göstərəcəm ona. Avaranın biri avara. Geyən kimi də açılır... Ölüyə elə beləsi lazımdı, formalnı. Gəzməyəcək, bir şey eləməyəcək. Mən şəxsən çimçəşirəm, necə zavtrak eləyəcəm – çiyinləri titrədi. – Dünən də uşaqlar xoflandılar, çıxardandan sonra bir də əl vura bilmədilər. Özün yığ bunları, aparaq qaytaraq.

- Yığaram – dedi Paşa, ancaq yığmadı, əvəzinə balkona çıxdı. Onun belə havalarçün çöldə öz əyləncəsi vardı. Köhnə atılmış moskviçə dolan külək kapotun qapağını qaldırır, aşağı-yuxarı yellədirdi onu. Elə olurdu, üç saat oturub tamaşa edirdi onun yellənməsinə Paşa, qapağın tənbəl cüyültüsünə dalırdı.

- İndi yığ. Uşaqlar duran kimi gedirik.

- Yığaram! – ancaq Paşanın fikri ayrı yerdəydi. “Ağacların dərmanlı suyunu. Bilmədən” – səsi əks-səda verdi qulaqlarında. Çəkmələrə baxıb yapışqan zolaqlarının qıcırtısını, məsamələrindəki havanın hənirtisini eşitdi.

- İndi yığ! - yüngül sənaye texnikumunun tələbəsi ağını çıxartdı.

Nə işi vardı Paşanın bu evdə. Dünya nə gözəldi, kainat nə böyükdü, Paşa burda nə gəzirdi. Çöllərdə diyirlənən tikanlı kosların, quru yovşanların, pişpişələrin pıçıltısını, taxtapuşların danqıltısını eşitdi. Bir cüt 41 götürüb, qapını örtdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG