Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Jurnalist həbsini gözləyir


Elçin Həsənov

Jurnalist Elçin Həsənov həbs təhlükəsi ilə üzləşdiyini bildirir.

O, deməsinə görə, bu gün, dekabrın 23-ü Sumqayıt Şəhər Məhkəməsindən məktub alıb.

Məktubda dekabrın 26-sı saat 11-də hakim Təranə Mahmudovanın sədrliyi ilə ona təyin olunmuş islah işləri cəzasının 1 illik həbs cəzası ilə əvəz edilməsinə dair təqdimata baxılacağı bildirilir.

«Nizami Rayon Məhkəməsinin bu il iyunun 1-də çıxartdığı hökmü icra etmədiyimdən həmin cəzanı həbslə əvəzləyəcəklər»,-deyə jurnalist yazır.

İyunun 1-də Bakının Nizami Rayon Məhkəməsi E.Həsənovu 1 il islah işlərinə cəlb edib. Cinayət işi 2015-ci ilin fevralında baş vermiş hadisə ilə bağlı olub. Həmin vaxt jurnalistlə «Asiya» agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərov arasında insident yaşanmışdı.

Məhkəmənin qərarı ilə E.Həsənov işəgötürənlə elektron müqavilə bağlamalı, vergi ödəyicisinin identifikasiya nömrəsini və vergi ödənişi haqqında arayışı təqdim etməli idi. Amma o bu şərtlərə uyğun iş tapa bilmədiyini söyləmişdi.
«Siyasi fəaliyyətlə məşğul olanı indi kimdir işə götürən»,-deyə jurnalist vurğulamışdı.

E.Həsənov hələ oktyabrın 19-da məhkəmə icraçısından bildiriş almışdı ki, hökmün çıxarıldığı andan etibarən üç aya qədər işə düzəldiyi və əməkhaqqının 20 faizinin tutulduğu haqqında arayış təqdim etməsə, həbs olunacaq.

E.Həsənov Sumqayıt şəhərinin Məşğulluq Mərkəzində uçota durub. Deməsinə görə, oktyabrın 19-da bu mərkəzdən 125 manat maaşla küçə süpürgəçisi işləmək təklifi alıb. Bu məbləğin 25 manatını hökmün icrasına ödəməlidir.

Ancaq o bu təkliflə razılaşmayıb.

Jurnalist deyib ki, Məşğulluq Mərkəzindən məhkəmə icrası şöbəsinə onun işdən imtina etdiyi haqqında məktub göndərilib. Bir neçə gün sonra o, 4 aydan 1 ilə qədər həbs oluna bilər.

Məsələyə Sumqayıt şəhər Məşğulluq Mərkəzindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

E.Həsənovun işlədiyi «Yüksəliş naminə» qəzeti bir neçə ildir fəaliyyət göstərmir. Saytın isə gəliri yoxdur. E.Həsənov həmçinin, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvüdür.

Bu partiyanın hazırda 10-dan çox fəalı həbsdədir.

XS
SM
MD
LG