Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:38

Yaradıcılığını qadına həsr etmiş Almodovarı 10 filmdə tanımaq...


Pedro Almodovarın 2016-cı ildə çəkdiyi "Julietta" filmindən bir səhnə.

Yaradıcılığını qadına həsr etmiş Almodovarı 10 filmdə anlamağa çalışmaq

Bu bəyaz saçlı, gözləri daima yaşlı, kədərli kimi görünən ispanın filmləri zorakılıqla, qanlı səhnələrlə doludu. Hadisələr bir-birinə qarışır, bir-birinə ilişir, sanki bir sözü qoyub o birinə keçir. Amma sonda rejissor bütün əhvalatları nizamlayır, bir finala və məntiqə bağlayır. Pedro Almodovar-ın filmlərinə baxanda sadəcə baxırsan, fikirləşmirsən.

Onun iki sevimli mövzusu var. Yox, əslində mövzular çoxdu və fərqlidi. O, filmlərində çox sevdiyi İspaniyanın patriarxal, mühafizəkar, bürokratik, burjua, sosial, siyasi (siyahını uzatdıqca uzatmaq mümkündü) problemlərini göstərir, onlarla mübarizə aparır. Bütün ömrünü buna həsr eləyib... Və bütün bunları qadınlar vasitəsilə göstərir.

Qadınlar onun ən sevimli qəhrəmanlarıdır. Qadınlar onun yeganə qəhrəmanlarıdı. Almodovar filmlərində onlara qarşı duyduğu heyranlığı nəinki gizlətmir, ən müxtəlif priyomlarla, öz kino dilində açıq-aşkar göstərir də... Qadınları Almodovar qədər anlayan, ürəklərini, psixologiyalarını açan ikinci rejissor tapmaq çətindir.

Buna da bax: Biz hökumətə güvənmirik, qeyri-müəyyənlik içində yaşayırıq

Almodovarın filmləri sevgi və ehtiras haqqındadı həm də. Buna görə də kimsə onun əsərlərini gey filmləri adlandıranda homoseksual olduğunu heç vaxt gizlətməyən rejissor məyus olur. Onun sadəcə bizi əhatə eləyən, boz, maraqsız həyatı işıqlı, parlaq rənglərlə boyamaqdan xoşu gəlir. Almodovarın filmləri bizə, yəni dırnaqarası «normal»lara həyatın astar üzündəki insanlardan danışır, onları tanıdır və həyatın əslində onlarla birlikdə bütöv olduğunu deyir. Həyat budu – ağı, qarası, qırmızısı, yaşılı var.

Oxu zalı ispan rejissoru Pedro Almodovarın yaradıcılığını, sevimli personajlarını və mövzularını daha yaxşı əks etdirən on filmini təqdim edir:

“Zülmətin arasında”(1983)

Pedro Almodovarın "Zülmətin arasında" filminin treyleri.

(Bizdə daha çox rus prokatında yayılan adı ilə – “Qüsurun təkəbbürlü cazibəsi” kimi tanınır).

Məşhur ispan müğənnisi İolandanın sevgilisi yüksək dozadan ölüb, özünü isə polis axtarır. Gizlənməyə yer axtaran müğənni monastrda sığınacaq tapır. Bir müddətdən sonra rahibələrin hərəsinin bir şeydən əziyyət çəkdiyi məlum olur. Məsələn, monastrın başçısı, İolandanın qatı pərəstişkarıdı və kokain “iyləməyi” sevir. Rahibələrdən biri mazoxistdi, ikincisinin başqa bir gizli cəhəti var, üçüncüsünün başqa...

Film, müasir kilsə sisteminə sarkastik baxışdır. Rejissor qəhrəmanları vasitəsilə kilsənin yalançı ehkamlarını darmadağın edir, amma bu zaman öz qəhrəmanlarına qətiyyən zərər vurmur. Bu filmdə rahibələr öz dünyalarını qurub orda yaşayan, bütün qüsurlarına rəğmən heç bir mənfi təəssürat yaratmayan personajlardı.

Əsəb sarsıntısı həddinə çatmış qadınlar (1988)

Əsəb sarsıntısı həddinə çatmış qadınlar (1988) filminin treyleri.

Sevgilisi İvan, Pepa Markosu tərk eləyir. Pepa hər yerdə onu axtarır, ayrılıqlarının səbəbini öyrənməyə çalışır. Paralel İvanın keçmiş arvadı ilə uzun-uzadı münasibətlərini aydınlaşdırmağa, onun oğlu Karlosa kömək eləməyə, polisdən gizlənən rəfiqəsi Kandellaya (terrorçu ilə görüşdüyünə görə) kömək eləməyə məcbur olur. Üstəlik sevgilisinin vəkilinə görə ondan ayrıldığını öyrənir, polislərə yuxu dərmanı içirdir...

Filmin adı son dərəcə dəqiq seçilib. Burda bütün qəhrəmanlar bir az dəli, ya da dəliliyə namizəd təsiri bağışlayır. Ən əsası isə onları izləyən tamaşaçı da yavaş-yavaş gərginləşir, nəfəsi tıncıxır, başı gicəllənir, lakin finalda Pepa ilə birlikdə dərindən nəfəs alaraq gülümsəyir...

Buna da bax: BBC-nin 100 ən yaxşı film siyahısında iki rus, bir türk filmi də var

“Hündür dikdabanlar” (1991)

"​Hündür dikdabanlar" filminin treyleri.

Televiziya aparıcısı Rebeka hava limanında anasını, uzun illər Meksikada yaşayıb işləyən məşhur aktrisa və müğənni Bekki del Paramonu qarşılayır. Rebeka bütün ömrü boyu anasını təqlid eləyb, hətta onun keçmiş sevgililərindən birinə - Manuelə ərə gedib. Günlərin bir günü Manuel qətlə yetirilir. Hər iki qadın şübhə altına düşür..

Almodovar filmin süjetini televizorda eşitdiyi bir xəbərdən (aparıcı bir nəfəri öldürdüyünü etiraf edirmiş) götürüb.

Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, ispan prokatında rejissorun ən uğurlu filmlərindən biri olub. Həmçinin İtaliya və Fransada da böyük uğur qazanıb və “əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Sezar” mükafatına layiq görülüb.

“Kika” (1993)

​"Kika" filminin treyleri.

Filmin qəhrəmanı Kika stilist-vizajistdi və həyatından şikayəti yoxdur. Baxmayaraq ki, ətrafında daim əcaib kişilər dolaşır. Sevgilisi vuayerist, qayınatası manyak, qulluqçusunun qardaşı dəlixanadan qaçmış təcavüzkardı.

Günlərin bir günü məşhur yazıçı Nikolas Kikanı öz şəhərkənarı evinə, təzəcə ölmüş oğlu Ramonu qəbir evinə hazırlamağa çağırır. Amma Kika Ramona toxunan kimi o dirilir. Kikanın yerində bir başqasının bu möcüzədən ürəyi partlayardı, ancaq o, son dərəcə ekstravaqant reaksiya verir – Ramonla sevgili olur. Eyni zamanda Nikolasla da görüşür.

Bu filmdə Kikanın yelbeyinliyi, sadəlövhlüyü ikimənalı xarakter daşıyır.

Almodovar hər şeyi elə düzüb-qoşur ki, qəhrəmanın hərəkətləri qəzəb, ya da ironiya doğurmur, əksinə, təbii qarşılanır.

Buna da bax: "Düzəltdiyimiz qondarma bütlərin tənqid olunmasına dözmürük"

“Sirrimin çiçəyi” (1995)

"Sirrimin çiçəyi" filminin treyeleri.

Leonun yazdığı kitablar milyonluq tirajla satılır, piştaxtalara çıxan kimi bestsellerə çevrilir, amma onu özünü heç kim tanımır. Çünki Leo əsərlərini başqa adla yazır. Leonun hərbçi əri ondan ayrılmaq istədiyini deyir. Bir müddət sonra isə yaxın rəfiqəsi onun əri ilə sevgili olduqlarını bildirir. Leo özünü öldürməyə çalışır, lakin intihar cəhdi uğursuzluqla nəticələnir.

Almadovarın əksər filmləri kimi “Sirrimin çiçəyi” də mövzu baxımından son dərəcə zəngindir: doğma insanların xəyanəti, yaradıcı tətminsizlik, sadə qadın xoşbəxtliyinin yoxluğu və s.

“Canlı bədən” (1997)

"Canlı bədən" filminin treyleri.

1970-ci ildə Madriddə şəhər avtobusunda Viktor adlı bir oğlan dünyaya gəlir. 20 ildən sonra gənc Viktor Elena adlı qadının evinə soxulur və onunla cinsi əlaqədə olur. Viktorun ikinci gəlişində Elena onu öldürməyə çalışır. Qarşıdurma nəticəsində tapança Viktorun əlinə keçir və o, polis işçisi Davidi yaralayır. Həbsxanaya düşən Viktor Elenanın Davidə ərə getdiyini, əlil arabasında hərəkət edən Davidin isə məhşur basketbolçu olduğunu öyrənir.

Rejissor müsahibələrindən birində bu filmi “beş qəhrəmanın oynadığı ehtiras rəqsi” adlandırır: “Ehtiras qəhrəmanların birindən o birinə axır, hərdən qarşılıq görür, hərdən yox. Bu, çox hərəkətli bir vəziyyətdir. Yelena xeyirxahlıq eləmək üçün yaradılıb. O özünü yalnız məhdud imkanlı insanlarla münasibətdə ifadə eləyə bilir. Davidin imkanları fiziki baxımdan məhduddursa, zahirən tamamilə sağlam olan Viktor psixoloji baxımdan natamamdır”.

.

“Anam haqqında hər şey” (1999)

"Anam haqqında hər şey" filminin treyleri.

17 yaşlı Esteban anasının gözləri önündə avtomobil qəzasına düşür və həlak olur. Yeganə övladı ilə birlikdə həyatının mənasını da itirən Manuela təsadüfən Estebanın gündəliyini tapır və onun reallaşmayan arzularını həyata keçirmək qərarına gəlir. O, Estebanın heç vaxt görmədiyi atasını tapmaq məqsədilə uzun illər əvvəl tərk elədiyi Barselonaya qayıdır.

Pedro Almodovar bu filmini “rol oynayan bütün aktrisalara, rol oynamağa məcbur olan bütün qadınlara, oynamağa məcbur olan və qadına çevrilən bütün kişilərə, ana olmaq istəyən hər kəsə və öz anasına” ithaf edib.

“Anam haqqında hər şey” Almodovarın ən təsirli və maraqlı filmlərindən biridi. Təsadüfi deyil ki, film müxtəlif nüfuzlu festivallarda 40-a yazın mkafat qazanıb.

.

“Onunla danış” (2002)

"Onunla danış" filminin treyleri.

Yeni məqaləsi üçün maraqlı qəhrəman axtaran jurnalist Marko toreodor Lidiya ilə tanış olur. Onların münasibətləri ehtiraslı sevgiyə çevrilir, lakin bir gün korrida zamanı zərbə alan Lidiya uzunmüddətli komaya düşür. Az qala, bütün vaxtını xəstəxanada, sevgilisinin başucunda keçirən Marko burda Beninyo adlı sanitarla tanış olur. Beninyo da sevdiyi qadına görə burdadır.

Markonun əzablarını görən Beninyo ona komada olan sevgilisi ilə dayanmadan danışmağı məsləhət görür.

Bu filmdə qadınlar passiv rol oynasalar da, yenə də əsas qəhrəmandılar. Tənqidçilərin fikrincə, “Onunla danış” filmi qadına həsr olunmuş oda,qadın qarşısında sitayişdir.

Buna da bax: Ərəb filmində qadın rejissorlar kimlərdir...

.

“Qayıdış” (2006)

"Qayıdış" filminin treyleri.

Cazibədar və gənc Raymunda yeniyetmə qızı və işsiz əri ilə yaşayır. Ailə həddindən artıq kasıbdı, buna görə də Raymunda eyni vaxtda bir neçə yerdə işləyir. Onun lap uşaqlıqdan gizlətdiyi sirri var. Günlərin bir günü Raymundanın öldüyünü sandıqları anası kiçik qızı Solinin evində peyda olur. Anasını ruhu ilə yaşadığını düşünən Soli, tədricən, bu fikrə alışır. İrenenin gəlişi köhnə sirlərin üstünü açır...

“Qayıdış” qadın gücünə, onun hər şeyə, istənilən əzaba sinə gərmək bacarığına həsr olunub.

Filmdə iştirak edən bütün aktrisalar 2006-cı ildə Kann festivalında “ən yaxşı aktrisa” adına layiq görülüblər.

.

“İçində yaşadığım dəri” (2011)

"İçində yaşadığım dəri" filminin treyleri.

Məşhur cərrah Robert Ledgard süni insan dərisi yaratmağın sirrini tapır. Və ilk təcrübəsini gənc qızını zorlayan və ölümünə səbəb olan Visentenin üzərində aparır, onu qadına çevirir. Bu yolla qızının qısasını almaq istəyən cərrah zamanla yaratdığı qadına aşiq olur...

Rejissorun sözlərinə görə, filmin əsas ideyası ondan ibarətdir ki, elm insan bədənində hər cür təcrübə apara, ona hər şey eləyə bilər, ancaq insanın ruhunu, mahiyyətini dəyişə bilməz: “İnsan bədəni içində yaşadığımız ötrükdən, dəridən başqa bir şey deyil”.

Aygün Aslanlı

XS
SM
MD
LG