Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 11:03

Jurnalist Masallıda da mühakimə oluna bilər


Fikrət Fərəməzoğlu

Jam.az saytının hazırda həbsdə olan rəhbəri Fikrət Fərəməzoğlunun Masallı rayonunda da hakim önünə çıxarılacağı gözlənir.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə rüşvət tələbetmə ittihamı ilə mühakimə olunan jurnalist Masallı rayonuna etap oluna bilər.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsində görə, Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovdan Fikrət Fərəməzoğlunun etap olunmasına razılıq verilməsini xahiş edib.

Səbəb Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Fikrət Fərəməzoğlunu Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verməsidir. İcra başçısı da onun həbsini tələb edir.

Vəkil deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi, hələ ki, etapa razılıq verilməsi barədə bilgi yaymayıb. Razılıq verildikdən sonra icra başçısının şikayəti üzrə məhkəmənin vaxtı təyin ediləcək.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

İttihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə, 10 il həbs cəzası verilə bilər. Jurnalistin məhkəməsi yeni başlayıb. O, ittihamları qəbul etmir.

F.Fərəməzoğlu həbsdə olarkən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ona böhtan atdığı iddiası ilə jurnalisti məhkəməyə verib.

Xüsusi ittiham qaydasında verilmiş şikayət Jam.az saytında may ayında yayılmış «Nə gündəsən Amaşov» sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədə Masallı rayon icra başçısının rayona səfər edən Mətbuat Şurasının sədri Əflatun Amaşova rüşvət verdiyi iddia olunur.

İcra başçısı şikayətində F.Fərəməzoğlunun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinə əsasən həbs olunmasını tələb edib.

Multimedia

XS
SM
MD
LG