Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

'Biri deyir, ayağını yorğana görə uzat; o biri deyir, azdır az ye'


Hikmət Orhun
Hikmət Orhun

"Bir az ara qarışan kimi Qarabağ mövzusunu ortaya atıb, şəhid xəbərləri üzərindən zaman, yalançı müharibədən "xal" qazanan sistemdən nə istəsən gözləmək olar".

Hikmət Orhun

Siçanlara uduzmaqlığımız

Siçanlar və pişiklər haqqında çoxlu əhvalatlar və nağıllar oxumusunuz, cizgi filmlərə baxmısınız, bir o qədərini də dost-tanışlar, qohum-qardaşlar danışıb yəqin.

Bəlkə də nağıl danışmaq zamanı deyil, amma "klaviyaturanın "qarası"dır, vördün "ağı", "qulaq gündə bir söz eşitməsə kar olar" deyibən birini də mən yazıram.

Bir söz də var, deyirlər, ağır günlərdə insanın köməyinə ən yaxşı uydurulmuş nağıllar çatır. Bilmirəm, kim deyib, bəlkə də elə özüm uydurdum, amma məncə, doğru sözdür.

***

Buna da bax: “Gəl, ey səhər” mahnısına açılan sabahlar...

.

Siçanlar aləminə vəlvələ düşür ki, bu nə məsələdir, hər gün başımızın qarışıq vaxtında pişik gəlir, bir bölük qohum-qərəvəmizi aparır, amma biz heç cür qarşı gələ, onu dayandıra bilmirik.

Məclis qurulur, məsləhət-məşvərətə başlayırlar. Kimi deyir, növbəylə pişiyin gələ biləcəyi yerlərdə keşik çəkək; kimi deyir, bir yolunu tapıb öldürək; kimi deyir, dərman verib zəhərləyək...

Hər ağızdan bir söz çıxır, ağız deyəni qulaq eşitmir. Axırda bir ağıllısı söz alır ki, gəlin, pişiyin boynuna zınqırov asaq. Belədə cınqıltısından gəldiyini biləcək və xilas olacağıq.

Hamı bir ağızdan deyir, əladır. Ələ düşməz belə fənd, kitablara yazmaq lazımdır bənd-bənd. Bir azca qalır, toy-düdük tədarük edib günü bayram eləsinlər, qəfil ayılırlar. Ki, sən demə, o zınqırovu asmaq üçün bir qəhrəman lazımdır.

O yana çevirirlər, bu yana çevirib yenidən o yana döndərir, bir çarəsini tapa bilmirlər. Nəhayət, baş sındırmadan qayğılı gülərinə geri dönürlər.

***

Bu nağılı mən hələ çox balaca olanda dədəm danışmışdı. Ola bilər, bir az bəzəmişəm, bir az özüməməxsus bir şəkildə yazmışam, amma çoxunuz eşitmisiniz.

Neçə dəfə gülmüsünüz də Allah bilir. O vaxt mən də gülmüşdüm. İndi heç gülməli gəlmir, hətta, çox kədərli söhbətdir.

Ölkənin günü-gündən geri gedən vaxtında ağlıma gələn ilk əhvalat bu oldu. Atalarımızın təbirincə desək, öyüt verən yerinə söyüt girmiş deputatların qıt ağlıyla camaatın başına ağıl qoymağa çalışdığı bu günlərdə yerinə düşür.

İşıqpulu, qazpulu qalxıb, bir torba unun qiyməti Allahın yanına çıxıb, siqaret qanı qiymətinə olub, pensiyalar isə yerində sayır. Üstəlik, arsız-arsız deyirlər, qiymət artımı "qara camaat"ın dolanışığına təsir etməyəcək.

Adamın basıb gözünü çıxararlar ki, qazın, işığın qiymətini qoy kənəra, un baha olandan sonra çörəyin qiymətinin qalxmayacağına kim zəmanət verə bilər? Nə haqla? Hələ mən özgə ərzaq məhsullarını demirəm. Bunun çayı var, qəndi var, yağı var, nə bilim, başqa nə azarı var...

***

Bayaqdan düşünürdüm ki, yazımızın girişindəki nağılı niyə yazdım? Hə, indi tapdım, biz də o siçanların günündəyik, başımızı itirib ayağımızı gəzirik.

Biri deyir, ayağınızı yorğanıza görə uzadın; o biri deyir, azdır az ye, çoxdur çox ye; digəri deyir, ölüm hökmünü bərpa edək, kimsə cınqırını da çıxarmasın.

Bu boyda söz-söhbətin içində baş qalar? Ara qarışıb, mənsəb itib, it yiyəsini tanımır. Bilən də danışır, ittiham edir, bilməyən də... Nə oturana yer verirlər, nə durana...

Əyninə isti paltar, qarnına yavan çörək tapmayan insanlar isə onların dediyini "tanrı kəlamı" kimi qəbul edir, "kim eşşəkdir, biz də ona palan" deyib keçirlər.

Belə olan halda məmur tayfasının ayağı yer alır, camaatı istədikləri kimi barmaqlarına dolayırlar. Hələ əksəriyyətin dolanışıq üçün gözünü tikdiyi pensiya yaşını da artırmağı düşünürlər; bir yandan talanmış büdcəyə qənaət üçün, o biri yandan özlərini kresloya daha da bərkitmək üçün.

***

Buna da bax: "Kitab ağzı açanda anam işarə eləyir ki, evdə pesok yoxdur"

.

Ötənlərdə yaşadığım Qazax rayonun bir balaca parkının ətrafında otuz üç dənə çay evi saymışam, hamısı da gün ərzində ağzına kimi dolu olur. Bu, doxsan üç min əhalisi olan elin yarıdan çoxunun işsiz olması deməkdir.

Mən qansız adam olsam, deyərdim, haqq edirlər; amma demirəm, çünki əzilən mənim xalqımdır.

Mən də işsizəm. O doxsan min əhalinin tərkibində mən də varam, mənim ailəm və qohumlarım da.

Vəziyyətdən çıxış yolu kütləvi maariflənmə və etirazlardır. Kimisə hakimiyyətdən salmaq üçün deyil, dolanışıq haqlarını arayıb axtarmaq, islahatlar tələb etmək üçün.

Künc-bucaqda hər kəs nəsə danışır, gileylənir, məsələ ciddiləşəndə, etiraz adı gələndə, "haqq-hüquq" sözü işlənəndə hamı ağzına su alıb durur, qulaq asmaq belə istəmir.

Bu mənada siçanlar bizdən şanslı idi; ağıllıları qalxıb söz alanda dediyini həyata keçirə bilməsələr də, heç olmasa qulaq asmağa savadları və bir az da mədəniyyətləri çatdı.

Heç olmasa bir-iki tədbir töküb beş-altı dəqiqəlik şad-xürrəm oldular. Bir azca ümidləri cücərdi ki, nəhayət, zülmdən xilas ola bilərlər...

Xilas olmadılar, ən azı xəyal etdilər.

***

Buna da bax: 'Hakim elita zərəri kasıb təbəqəyə ödətdirir'

.

Bizdə isə ağıllı adamın ağzının üstünə vururlar.

Neçə vaxtdır, fikir verirəm, mitinqlərə gedib tribunalarda bar-bar bağıran adamlara qulaq asmaq bir yana dursun, sosial şəbəkələrdə aktual mövzulara dair yazdıqları statusları belə bəyənməyə çəkinirlər.

Şəxsən, məni neçə tanışım bir-iki tənqidi statusuma görə blok edib ki, beş-üç qəpik çörəkpulu qazanıram, səni dostluğumda görsələr, ondan da olacam.

Bir söz deməmişəm, çünki bu ölkədə adamların rahatlığı yoxdur.

Bir az ara qarışan kimi Qarabağ mövzusunu ortaya atıb, şəhid xəbərləri üzərindən zaman, yalançı müharibədən "xal" qazanan sistemdən nə istəsən gözləmək olar.

Gözlənilən şeyləri gözümün altına alıb mübarizə aparmayana qədər biz siçanlara uduzacağıq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG