Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 00:13

Məmmədyarov AB təmsilçisi ilə görüşüb


Herbert Salber

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-i Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb. Xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Xəbərə görə, görüşdə Azərbaycanla Avropa Birliyi (AB) arasında münasibətlərin perspektivləri və Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov münaqişə və danışıqlarla bağlı həmsöhbətinə məlumat verib. Nazir deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin və problemin siyasi həllinə əsas maneədir.

H.Salber isə, öz növbəsində, Avropa Birliyinin dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.

E.Məmmədyarov dekabrın 8-i Hamburqda ATƏT-in fəaliyyətdə olan sədri Frank-Walter Steinmeier, Qazaxıstan və Polşanın xarici işlər nazirləri ilə də görüşmüşdü.

Görüşlər ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində baş tutub.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Ancaq ekspertlər Azərbaycanla Avropa Birliyi arasında müxtəlif sahələrlə bağlı əməkdaşlığı ehtiva edən çərçivə sazişinin tezliklə imzalanacağına o qədər də nikbin yanaşmırlar. Bu, daha çox Azərbaycan hökumətinin real islahatlara hazır olmaması ilə izah edilir.

XS
SM
MD
LG