Rasim Qaraca
NOYABR ŞEİRLƏRİ
Kimsə görmədi bizi gözümüz kor idi çünki
Bir qız gördüm sənə bənzəri vardı
Yoldan keçirdi, dönüb elə sənin kimi baxdı
Hava yağmurluydu və bir az sazaqdı
Aylardan oktyabrdı.
.
Bir an kimi keçdi illər gözlərimin önündən
Başıma tutdum plaşımı çıxarıb əynimdən
O yağışlı günü xatırladım yenidən
Fəsillərdən bahardı
.
Kimsə görmədi bizi gözümüz kor idi çünki
Dodağında atəş var idi gözlərində çınqı
O necə təlaş idi, o nə həyəcandı
Qollarımdakı candı
.
İşıqlar sönmüşdü elektriklər kəsilmiş
Bu nə aylar imiş, bu nə fəsilmiş
Demə ömür imiş keçib gedirmiş
Bir də ayıldıq ki film qurtardı
.
Buna da bax: Rasim Qaraca. Avqust şeirləri
Yalçın İslamzadəni şeirə dəvət
.
Şeirlə arası yoxdur dostum Yalçının
Şeir olmasa bir şey itirməyəcəkmiş bəşər
Yalanmış Fərahd ilə Şirin və Leyli-Məcnun
Məgərsə insan elm qazanında bişər
.
Şeirsiz həyatın varmıdır bir anlamı,
Sözlərdən qurulan bir ayrı dünyadır bu
Sözlərdədir yaşamın dadı və tamı
Sözlər olmadan deyin, nə olardı elmin sonu?
.
Axtarışdadır insan əzəldən
Bəzən öz tapdıqları dönüb yandırar onu
Qaçarkən savaşlardan, yanğınlardan, zəlzələdən
Şeirə sığınmamışmıdır insan oğlu
Acı çəkən insanların dünyasıdır poeziya
Təsəllidir, bəzən bir ümid qığılcımıdır
Tarixin qaranlığını yaran bir ziya
Təşnə dodaqlara bir içim sudur
Yalçın, quru rəqəmlərdə nə görmüsən, nə
Baxsana şeirlə doludur hər yan...
Eh, nə isbat edəcəm axı mən sənə,
Ey robot qafalı ürəksiz insan
Buna da bax: Qanad açmış avtobus, uçur buludlar arasında
Dostum Çe
Kim mənimlə gedəcək qurbağa əti yeməyə
indi bekaram, saat 3-ə qədər zamanım var
Natavan heykəlinin yaxınlığındayam
kim birinci arasa onunla gedəcəm...
.
Bu cür public dəvətlərdə birinci arayan
dünyanın ən bədbəxt insanı olur
ən sədaqətli olan da elə odur -
səninlə it əti yeməyə də gedər...
.
Qizardılmış qurbağaları vurub bədənə
ağzımızda kürdanla addımlayırıq bulvarda
dostum danışmağı sevmir və nəsə demək xatirinə
dillənir haçandan haçana
Fidel Kastro da öldü...
.
Müsəlmanlara çağırış
Siz ey əziz müsəlmanlar
ibadət ərkanı sadə insanlar
əyilib qalxarkən allahın qarşısında
unutmayın respublikanı
.
qanlar bahasına quruldu bu ölkə
qoymayın üzərinə düşsün kölgə
ərəbin öz qumu öz səhrası var
bizimki yamyaşıl respublika
.
qalmayın namazdan, sayqım var ibadətinizə
axirətə inanmaq da haqdır
ancaq bir qardaş kimi deyirəm sizə
mənim tanrım respublikadır
.
Camışların issisi
Camışların olduğu yerə gedəcəm,
orada doğaldır hər şey,
milçəklərin vızıltısı belə.
.
Ərəbcə “ğayn” deyən camışlara sökənib
duyacam ana təbiətin issisini,
zaman əsl zaman olacaq orada
və ürək döyüntüləri əsl ürək döyüntüsü...
.
Buna da bax: Rasim Qaraca: “Ay şair, eşqə dair...”
.
Güllü
Güllü çit pərdələr çəkilmiş evlərdə
güllü çit süfrələr salınmış otaqlar,
güllü çaydanlarda dəmlənmiş
və güllü nəlbəkilərdə,
kənarları güllü işləməli
armudu stəkanlara süzülmüş çay,
güllü palazların üstündə
güllü çit tumanlar geyinmiş qadınlar,...
Eh, hardasınız, güllü uşaqlıq illərim?