Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:37

Novruz Məmmədov: 'Azərbaycan ABŞ-da respublikaçı administrasiyalarla daha yaxşı əlaqələr qurur'


Novruz Məmmədov 1 aprel 2008
Novruz Məmmədov 1 aprel 2008

“Sirr deyil ki, Azərbaycan ABŞ-da respublikaçı administrasiyalarla daha yaxşı əlaqələr qurur və qarşılıqlı anlaşma daha yüksək səviyyədə olur”.

Bunu APA-ya açıqlamasında Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, ABŞ Demokratlar Partiyası insan haqları və demokratiya anlayışına xüsusi don geyindirərək öz məqsədləri üçün istifadə edir:

“Mənim və heç kəsin etirazı yoxdur ki, insan haqları, demokratiya inkişafın əsas yolu olmalıdır. Lakin güclü dövlət bundan öz məqsədləri üçün istifadə etdikdə, artıq o, qarşısına qoyduğu məqsədə çata bilmir və bilməz də. Demokratlar bundan ifrat istifadə edirlər. Respublikaçılarla isə iqtisadi, siyasi, təhlükəsizlik maraqlarına üstünlük verirlər. Onlarla NATO çərçivəsində, böyük layihələrin həyata keçirilməsində daha yaxşı əməkdaşlıq edirik və qarşılıqlı anlaşma möhkəm olur”.

Buna da bax: ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar gündəmə gəlir​

“Respublikaçılarla münasibətlər həmişə yaxşı olur”

N. Məmmədov prezident İlham Əliyevin Donald Trampa göndərdiyi təbrik məktubunda iki ölkə arasında 25 il ərzində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu xatırladıb:

“Bütün sahələrdə yaxşı əməkdaşlıq etmişik. Bir sıra sahələrdə əməkdaşlığımız strateji səviyyəyə qalxıb. Bu illər ərzində təbii ki, müəyyən problemlər də olub. Düşünürük ki, əlaqələrimiz və əməkdaşlığımız daha inkişaf edəcək. Bunun üçün əlimizdə yaxşı mövqe və arqument var. Münasibətlərimizin pis olmasına səbəb yoxdur. Münasibətlərin bazası yaxşıdır. Əlavə üstünlük odur ki, respublikaçılarla münasibətlər həmişə yaxşı olur. Mənfi cəhət isə odur ki, indiki administrasiyanın dövlət katibi bir qədər əvvəl Amerikanın həmsədr kimi mövqeyini ifadə edən normal bəyanat vermədi. Bu, bir insan kimi onun 1990-cı ildəki mövqeyində qaldığını göstərir və çox pisdir. Qarabağ məsələsi ilə bağlı dövlət katibinin mövqeyi mənfi, məkrli mövqe oldu. Bu baxımdan Azərbaycan prezidentinin məktubunda münasibətlərin yüksək səviyyəsi vurğulanmaqla yanaşı, ABŞ-ın həmsədr ölkə kimi münaqişənin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı ötürülür”.

Dağlıq Qarabağ, ermənistan əsgərləri 5 aprel 2016
Dağlıq Qarabağ, ermənistan əsgərləri 5 aprel 2016

Buna da bax: Dağlıq Qarabağ münaqişəsi niyə bu qədər mühümdür?

Dünyanın başı qarışıq olduğundan Qarabağ münaqişəsinin həlli ləngiyir

N. Məmmədov “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ləngimənin səbəblərinə də toxunub.

Novruz Məmmədov bildirib ki, hazırda həmsədr ölkələrin - Rusiyanın, Fransanın və ABŞ-ın başı özünə qarışıb:

“ABŞ-da dörd ildən bir gedən seçki prosesi ən mühüm hadisədir. Bu cür seçki prosesi isə daha çətindir və ermənilərin əlinə fürsət verir. Bu il prezidentlərin iki görüşü oldu. Vyanada Azərbaycan üzərinə heç bir öhdəlik götürməmişdi. Sankt-Peterburqda prezidentlər bəyanat verdi. O görüşdə mən də iştirak etmişdim. Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllinə ciddi maraq və səy göstərdiyini gördüm. Bu, bizi bir az ruhlandırdı. Putin sözünü deyəndə üstündə durandır. Biz gözləyirdik ki, bu, bir nəticə verəcək”.

Novruz Məmmədov deyib ki, böyük dövlətlər dünyada nüfuz qazanmaq istəyirlərsə, kiçik ölkələrdəki münaqişələri ədalətli həll etməlidirlər:

“Bu, onlara güclü etimad yaradar.Böyük dövlətlər bu məsələdə uğur qazana bilmir, hansısa maraqlar razılaşma əldə etmələrinə mane olur. Biz mövqeyimizdə qalırıq”.

Novruz Məmmədov deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrda keçiriləcək görüşündə münaqişənin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG