Seçkiləri uduzmuş Hillary Clinton səsvermə günü danışmasa da, noyabrın 9-da təbliğat kampaniyasının üzvləri qarşısında çıxış edib.
Demokratların namizədi seçkini qazanmış Donald Trump-la danışdığını, ona xalqın mənafeyi naminə birgə işləməyi təklif etdiyini deyib. «Biz ona açıq olmağa və liderlik şansı verməyə borcluyuq», - deyən Clinton hakimiyyətin respublikaçılara sakit şəkildə ötürülməsinin Amerika demokratiyası üçün zəruri olduğunu vurğulayıb.
«Mən Amerikaya hələ də inanıram və həmişə inanacağam. Siz də inanırsınızsa, bu nəticəni qəbul etməli, gələcəyə baxmalısınız», - Clinton belə deyib.
Səsvermədən əvvəlki sorğuların çoxu hamını keçmiş birinci ledi, senator və dövlət katibi Hillary Clinton-un prezident seçiləcəyinə inandırmışdı.
İndiyədək siyasi fəaliyyətlə məşğul olmamış, əsgərlik çəkməmiş keçmiş televiziya şousu ulduzu, milyarder Donald Trump-ın qələbəsi çoxlarını sarsıdıb.