Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:40

Daha bir vəkil mantiyasını çıxara bilər


Bəhruz Bayramlı və Rüfət Səfərov
Bəhruz Bayramlı və Rüfət Səfərov

Vəkil Bəhruz Bayramlı oktyabrın 24-də Vəkillər Kollegiyasına çağrılıb.

B.Bayramlının AzadlıqRadiosuna deməsinə görə, buna Baş prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına müraciəti səbəb olub. O bildirir ki, müraciətdə onun vəkillikdən uzaqlaşdırılması məsələsi qaldırılıb: «Mən bunu özümə və vəkili olduğum Rüfət Səfərova qarşı qərəz hesab edirəm».

Vəkilin fikrincə, R.Səfərovla bağlı məhkəmənin gedişində ittihamın əsassızlığının sübut olunmasını prokurorluq unuda bilmir və bundan irəli gələrək belə yollara əl atır: «Burada əsas məqsəd R.Səfərovun müdafiəsini zəiflətməkdir. Bunun üçün də ən asan çıxış yolu onu vəkildən məhrum etməkdir. Baş Prokurorluq da bu addımı atmaq istəyir».

VƏKİLİN GÜNAHI NƏDİR?

B.Bayramlının deməsinə görə, onun vəkillikdən uzaqlaşdırılması sırf Rüfət Səfərovun işi ilə yox, Qubadlı rayon prokurorunun keçmiş köməkçisi, hazırda mühacirətdə olan Adil Məmmədovun müraciəti ilə əsaslandırılır. Prokurorluğun müraciətində qeyd edilir ki, A.Məmmədov vəkil B.Bayramlını onun adından mediaya dezinformasiya ötürməkdə günahlandırır. B.Bayramlı isə bu deyilənləri əsassız sayır: «Mən A.Məmmədovla bağlı mediaya hər hansı informasiya verməmişəm. A.Məmmədovun R.Səfərovla telefon əlaqəsi saxladığına görə vəzifəsindən azad olunmasını ilk dəfə bir sayt yayıb. Onlar da bildirirlər ki, informasiyanı məndən almayıblar. Hətta saytın rəhbərliyi oktyabrın 24-də açıqlama yayaraq bir daha bildirib ki, bu informasiyanın mənə aidiyyəti yoxdur».

Vəkil deyir ki, bu məsələ ilə bağlı R.Səfərov da Vəkillər Kollegiyasına müraciət göndərib: «R.Səfərov da mənim təqsirim olmadığını bildirir, bunu özünə və vəkilinə qərəz kimi dəyərləndirir».

Bir müddət öncə ölkənin bəzi saytları belə bir məlumat yaymışdılar ki, Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov Rüfət Səfərovla telefonla danışdığına görə işdən çıxarılıb. Hazırda o, mühacirətdədir.

Son bir neçə ildə ölkənin siyasi işlərə çıxan tanınmış bir neçə vəkili oxşar şikayətlərlə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Onların arasında Əlayif Həsənov, Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və daha bir neçə vəkil var.

R.Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzası alıb.

Ötən il dekabrın 20-də R.Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Yanvarın 15-də R.Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG