Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:01

Təəssüf ki, bu gün Azərbaycan Rəsulzadənin görmək istədiyi sırada deyil...


M.Ə. Rəsulzadənin Novxanıdakı heykəli.
M.Ə. Rəsulzadənin Novxanıdakı heykəli.

-

Dilqəm ƏHMƏD

28 mayı tamamlayan 18 oktyabr

“Demokrasi idarəsi hər cürə qorxudan və zorlamadan azad bir idarə sistemidir. Bütün dünya bu sistemə tabe olmadıqca, insanlıq rahatlıq üzü görməyəcək... Azadlıq və milli istiqlal prinsipləri 175 il əvvəl Amerika, 33 il əvvəl Azərbaycan bəyannaməsində elan edilib”.

Məhəmmədəmin Rəsulzadə, 1951.

.

“Böyük demokratik ölkələr ona görə azad deyildir ki, güclü və varlıdırlar. Mən əminəm ki, biz azad olduğumuza görə güclü, nüfuzlu və varlıyıq”.

Cimmi Karter, 1977.

II Dünya Müharibəsi bitdikdən sonra iqtisadi cəhətdən çökmüş, Sovet Rusiyası qarşısında əzgin bir durumda olan Avropanın xilası üçün çalışacaq tək bir güc vardı: Amerika Birləşmiş Ştatları.

Yenə həmin müharibədən sonra Avropa anladı ki, köhnə qitənin xilası üçün yeni bir model formalaşdırmaq lazımdır ki, başda Almaniya olmaqla bütün tərəfləri cilovlaya bilsin, bir daha bu qitədə güc balansı bir ölkə tərəfə axmasın, Berlinə qədər gəlib çıxan kommunizm təhlükəsi onları bürüməsin.

Avropa hər hansı bir formada birlik yolunu axtarırdı və nəhayət onu tapdı. Çünki belə bir model vardı və artıq sınaqdan uğurla çıxmış və dünyada iki gücdən birinə çevrilmişdi: Amerika Birləşmiş Ştatları.

Avropanın gələcəyini düşünən aydınlar, siyasətçilər (Şuman, Monnet, Spinelli və s.) anlamışdılar ki, artıq hər hansı bir şəkildə Avropa dövlətləri vahid bir hədəf ətrafında birləşməlidir.

Onların bəziləri dövlətlərin müstəqilliyinin qorunması, amma ortaq mənafelər üçün müəyyən güzəştlərə gedərək bir birliyin yaradılması, bəziləri isə federal bir quruluş ətrafında birləşməyi doğru hesab edirdilər.

Ya Avropa Birliyi, ya da Avropa Birləşmiş Dövlətləri (ABŞ-ın örnək alınması) kimi güclü bir təsisat qurulacaqdı.

Nəhayət, 1951-ci ildə Avropa Kömür və Polad İttifaqının qurulması ilə gələcək Avropa İttifaqına gedən yol açılmış oldu. Bu yolun sonunda Avropa Birləşmiş Dövlətlərinin yaradılacağını hesab edənlər də, indiki formatda qalacağını düşünənlər də vardır.

Buna da bax: Azərbaycanın yönü hara olmalıdır?

O zaman Avropa anlamışdı ki, yeni dönəmdə dövlətlərin var olması üçün birliyin olması, ortaq bazarın təsis edilməsi, insanların, malların rahat hərəkət edə bilməsi, insan haqq və hüququnun ən yüksək səviyyədə qorunması mütləqdir və bunlar təmin edildikdən sonra Avropada savaşın artıq tarixə gömüləcəyi mümkün olacaqdı.

Avropanın vahid bir dövlətdə birləşməsi ideyası Dantenin dönəmindən etibarən ədəbiyyatlarda vardı. Lakin XX əsrdə baş verən iki dünya müharibəsi artıq bunun labüd olduğuna zəmin yaratmış oldu.

Birləşmənin millətlərin həyatında önəmli bir mərhələ olduğunu Azərbaycan siyasətçiləri də zamanında dərk eləmişdilər. Hələ ötən əsrin 30-cu illərindən etibarən Qafqaz konfederasiyasının yaradılması fikri Rəsulzadənin yazılarında özünü göstərirdi. Rəsulzadə 50-ci illərdə yazdığı “Qafqaz məsələsi” adlı silsilə yazılarında fikrini daha ətraflı şəkildə izah edib.

Təəssüf ki, nə 1918-ci ildə Qafqaz konfederasiya planı baş tutdu, nə də ki mühacirətdə bu plan istənilən uğuru qazandı. Nəticədə, 1920-1921-ci illərdə Cənubi Qafqazdakı müstəqil dövlətlər işğal edildi, XX əsrin sonunda isə bu dövlətlər yenidən üz-üzə qoyuldu.

Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Rusiya vasitəsilə Azərbaycan torpaqlarını işğal etməsi Cənubi Qafqazın avropalılaşma sürəcini də baltalamış oldu.

Bu gün Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistanın Rusiya qarşısında asılı vəziyyətə düşməsinin bir səbəbi də zamanında qafqazlılıq anlayışının önəm daşıya bilməməsinə görə oldu.

Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Rusiya vasitəsilə Azərbaycan torpaqlarını işğal etməsi Cənubi Qafqazın avropalılaşma sürəcini də baltalamış oldu.

Amma yenə də ən mühüm amil odur ki, Cənubi Qafqaz dövlətləri müstəqildir və qarşıda Qərb ailəsinə qoşulmaq şansı tamamilə aradan qalxmayıb. Gürcüstan artıq önəmli bir mərhələ qət edib, Azərbaycan isə Qarabağ məsələsinə görə yolayrıcında qalıb.

***

Mühacirətdə yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndələri Rəsulzadənin ətrafında.
Mühacirətdə yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndələri Rəsulzadənin ətrafında.

Girişi bu qədər uzun yazmağımın səbəbi var. 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti elan olunarkən 6 maddəlik bir bəyannamə imzalanmışdı. Həmin bəyannamədə yazılır: Azәrbaycan bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir; milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir; Öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır.

Bu prinsiplər istiqlal bəyannaməsində yer alarkən Azərbaycanın yerləşdiyi coğrafi ərazi, əhalinin intellektual səviyyəsi, 2 min illik şərq qılafı, dil, din bağlılığı kimi prinsiplər ətrafında uzun-uzadı müzakirələr aparmağa çox da fürsət olmamışdı. Azərbaycan ədəbi-siyasi mətbuatının o zaman cəmi 15-20 illik tarixi vardı və ağır senzura şəraitində bu mətbuatda müəyyən fikirlər söylənə bilmişdi. Yəni Şərq-Qərb qarşıdurması o zamankı mətbuatda müəyyən qədər vardı, lakin bu məsələ bitməmişdi və 1917-ci il inqilabı hadisələri sürətləndirməyə məcbur etdi. Bu zamanlar Azərbaycanda qurulan siyasi partiyalarda, eləcə də aydınların əsərlərində müzakirə edilən islamlaşmaq, türkləşmək, avropalılaşmaq məsələləri də müəyyən qədər öz həllini tapmaq üzrə idi.

İslamlaşmaq məsələsi şüarda olduğu kimi qaldı, çünki Azərbaycanda mövcud durumda daha artıq islamlaşmaq mümkün deyildi, əksinə, islamdan gələn keçmiş problemlərin aradan qaldırılması üçün çalışılırdı. Bu yolda “Molla Nəsrəddin” jurnalı və ədəbiyyatçıların önəmli rolu oldu.

Türkləşmək məsələsində önəmli bir mərhələyə çatılmışdı. Türk dilində mətbuat vardı, xalq öz milli kimliyini başa düşürdü, müsəlman anlayışı türk anlayışı ilə əvəzlənirdi.

Yeganə və əsas məsələ vardı: Qərbliləşmə!

Quzey Azərbaycanda qərbliləşmə prosesi çar işğalından sonra başladı. Sonralar Rəsulzadənin və digərlərinin də qeyd etdiyi kimi, bu işğallar Azərbaycanın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Azərbaycanda bütün sahələrdə dəyərlərin çarpışması baş verdi. Və nəhayət ilk avropalı ziyalımız kimi cəsarətlə təqdim edə biləcəyimiz Mirzə Fətəli Axundzadə yetişdi.

Buna da bax: Dilqəm Əhmədin topladığı, AXC tarixinə aid yeni sənədlər kitab oldu

Axundzadə və ondan sonra yetişən maarifçi nəsil artıq Fransada baş vermiş inqilabın mahiyyətini, Amerika Birləşmiş Ştatları kimi çağdaş dəyərlərə əsaslanan bir dövlətin varlığından xəbərdar idilər.

Axundzadə və ondan sonra yetişən maarifçi nəsil artıq Fransada baş vermiş inqilabın mahiyyətini, Amerika Birləşmiş Ştatları kimi çağdaş dəyərlərə əsaslanan bir dövlətin varlığından xəbərdar idilər. Yüzlərlə azərbaycanlı tələbə Avropa və Rusiyada təhsil almışdı. Onlar bilirdilər ki, artıq fürsətdir, dünyada imperiyaların varlığı sona çatacaq, bəşəri dəyərləri rəhbər tutacaq milli dövlətlərin yaradılması mütləqdir. Bu tarixi şans bir daha ələ düşməyə bilərdi.

Ona görə də Zaqafqaziya Seymi dağıldıqdan sonra Tiflisdə elan edilmiş İstiqlal bəyannaməmiz 1776-cı ildəki bəyannamə amerikalılar üçün nədirsə, bizim üçün də eyni mahiyyəti daşıyır və biz qürurla bu sənədlə dünya xalqları içində yer almalıyıq.

1918-ci ildəki İstiqlal bəyannaməmizdəki 6 maddə Azərbaycanın çağdaş dövlət qura bildiyinin bir isbatı idi, necə ki, 23 ay o dəyərlərə sadiq qalındı.

Axundzadədən başlayan Cümhuriyyətlə bitən bu sürəc elə bir proses idi ki, Sovet hökuməti bir müddət bunun qarşısını ala bilmədi. Azərbaycanda sovet rejimi qurulsa da, siyasilər, hərbçilər Nargin adasında güllələnsə də, ölkədə intellektual inkişaf 1937-ci ilə qədər davam elədi. 1937-dən sonra isə Azərbaycanda nəinki qərbliləşmə sürəci dayandırıldı, hətta missiyasını başa vurmuş türkləşmək və islamlaşmaq kimi məsələlərə də ağır zərbə vuruldu. İnsanların dini inancı heçə sayılaraq məscid və kilsələr dağıdıldı, xalqın özünün və dilinin adı dəyişdirildi, dünya əlifbası deyə biləcəyimiz latın əlifbası qadağan edildi, qərb düşüncəli aydınlar repressiyaya məruz qalındı.

28 mayın bizə qazandırdıqlarını sovet rejimi silah vasitəsilə susdurmağa çalışdı.

1991-ci ilə qədər davam edən bu sürəc, nəhayət, yenə xilaskar Amerika Birləşmiş Ştatlarının siyasəti nəticəsində sona çatdı və şər imperiyası darmadağın oldu. Lakin təəssüf ki, həmin imperiyanın külündən doğan Rusiya gələcək planları üçün Azərbaycanda bərpa edilmiş 28 may ruhunu zədələməyə başladı.

Çünki istər 28 may bəyannaməsi, istər Rəsulzadənin mühacirətdəki mübarizəsinin əsas xətti insanlara hürriyyət, millətlərə istiqlal prinsipi əsasında idi, Azərbaycanın bu prinsipləri rəhbər tutan Qərb ailəsinə inteqrasiyası hədəflənirdi.

1990-cı ilin yanvarında sovet qoşunları Xalq Hərəkatını yatırtmaq üçün Bakıya girir.
1990-cı ilin yanvarında sovet qoşunları Xalq Hərəkatını yatırtmaq üçün Bakıya girir.

1988-ci ildən başlayan və 28 mayı tamamlayan 18 oktyabr prosesi də məhz Azərbaycan xalqının bu dəyərlərə sadiq qalması istiqamətindəki mübarizəsi idi.

18 oktyabrla sonuclanan mübarizə Azərbaycan millətinin azad dünyanın bir parçası olmaq istəyindən doğan bir proses idi.

Hələ Rəsulzadə 1951-ci ildə “Amerikanın səsi” vasitəsilə bunu azərbaycanlılara çatdırmışdı: “Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz özlərini idarə edirlər. Məsuddurlar. Azaddırlar”.

Əgər 28 mayda çağdaş Azərbaycan dövləti qurulmuşdusa, Azərbaycan milləti formalaşmışdısa, 18 oktyabrda azad yaşamaq istəyimiz bərpa olunmuşdu.

Əgər 28 mayda çağdaş Azərbaycan dövləti qurulmuşdusa, Azərbaycan milləti formalaşmışdısa, 18 oktyabrda azad yaşamaq istəyimiz bərpa olunmuşdu. Çünki Cümhuriyyət dönəmində Azərbaycan hələ də dönəmin Avropa dövlətlərindən, Türkiyədən asılı vəziyyətdə idi, amma 18 oktyabr sürəci tamamilə yeni bir milad idi.

Buna da bax: Cümhuriyyət üçün 100 adam aranır!

Yazıçı Dilqəm Əhməd.
Yazıçı Dilqəm Əhməd.

Bu gün həmin miladdan 25 il ötür. Təəssüf ki, Azərbaycan Rəsulzadənin də qeyd etdiyi o dövlətlər və o millətlər sırasına tam olaraq qoşula bilməyib. Bunun geopolitik səbəbləri çoxdur, əlbəttə. Amma yeni dünya nizamının sürətlə formalaşdığı bir məqamda, geopolitik amillərin arxa plana keçdiyi bir zamanda, qəti qərarların verilməli olduğu müddətdə bu prosesdən geri qalmamaq, var olmaq üçün var edəcək gücün yanında olmaq lazımdır. Yəni Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyinin və bunları da bir araya gətirəcək üstün gücün yanında.

Məhz o zaman güclü, nüfuzlu və varlı olacağıq.

(Yazıdakı fikirlər müəllifin şəxsi müəlahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG