Fransa prezidenti Francois Hollande rusiyalı həmkarı Vladimir Putin-lə görüşü barədə qəti qərarını Suriyadakı durumdan asılı olaraq verəcək. Bunu Fransanın xarici işlər naziri Jean-Marc Ayrault «France Inter» radiosuna müsahibəsində deyib.
Rusiya və Fransa prezidentlərinin görüşü oktyabrın 19-da Parisdə keçirilməlidir.
Prezident Francois Hollande özü də TMC televiziyasına müsahibəsində Rusiya prezidenti ilə görüşünün əhəmiyyəti ilə bağlı sualları olduğunu söyləyib. O, Vladimir Putin-lə görüşsə, Rusiyanın Suriyadakı əməliyyatlarının yolverilməz olduğunu, bu siyasətin Rusiyanın imicinə mənfi təsir etdiyini deyəcəyini bildirib.
Rusiya mətbuatı Kremlə istinad edərək görüşlə bağlı hazırlığın davam etdiyini, prezident Vladimir Putin-in fransalı həmkarıyla Suriya, Ukrayna məsələsini müzakirə edəcəyini, Rusiya dini mərkəzinin açılış mərasiminə qatılacağını yazır.