Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:24

‘’Milli-mənəvi dəyərlər’ adlı hüquqi termin yoxdur’


Media eksperti Rəşid Hacılı
Media eksperti Rəşid Hacılı

“Deputatın, özü də hakim partiya təmsilçisinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsində təəccüblü heç nə ola bilməz. Ancaq bunu zəruri arqumentlərlə əsaslandırmalı, səbəbləri və hədəfləri aydın, səmimi ifadə etməlidir”.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı son zamanlar hakim siyasi partiyadan olan deputatların internetin tənzimlənməsi təşəbbüslərini şərh edərkən belə deyib.

Hüquqşünas xatırladıb ki, interneti tənzimləmək çağırışı parlamentdə “Meydan TV” və “Sancaq” səhifəsində yayılan məzmunlardan şikayətlə başlayıb.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“Onların açıqlamalarından da görünür ki, tənzimləmə təşəbbüsünün aydın hədəfi “Meydan TV” və “Sancaq”dır. Şərəfin, ləyaqətin, məlumatların, ölkənin təhlükəsizliyinin, ərazi bütövlüyünün, müəllif hüquqlarının, toplumun sağlamlığı və mənəviyyatının qorunması da hədəfdir”, R.Hacılı deyib.

Ancaq R.Hacılı vurğulayıb ki, bu hədəflərin demək olar, hamısını qoruyan qanunlarımız var.

“Bunu bu çağırışları edənlər də bilməmiş deyillər. Defamasiya qanunumuz dünyanın əjdaha qanunlarından biridir. 2013-cü ildə elə həmin deputatların özləri Cinayət Məcəlləsinin ad çıxarmış 147 və 148-ci maddələrinə “Internet”i də əlavə ediblər. Cinayət Məcəlləsinin dövlətin ərazi bütövlüyünə, dövlətin təhlükəsizliyinə qəsdləri, terroru, nifrəti, müharibə çağırışlarını, pornoqrafiyanı cəzalandıran, prezidentin şərəf və ləyaqətini qoruyan maddələri internetdə yayılan məzmunlara da tətbiq edilir. Ən azından bunu prokurorluqda çoxdan tətbiq edirlər”.

Buna da bax:​ 'İnternet tənzimlənsin' səsləri yüksəlir…

R.Hacılı bununla belə internet üzərindən yayılan məzmunların düzənlənməsi barədə ölkə qanunvericiliyinin heç də mükəmməl olmadığını bildirib.

“Düzənləməsinə gərək olan məsələlər az deyil. Xüsusilə, uşaqların müdafiəsi baxımından. Amma bu heç də deputatın dediyinin əksinə olaraq nə “Meydan TV’nin, nə “Sancağ”ın, nə “Azadlıq”ın, nə də ki, hökuməti tənqid edən başqalarının məzmunudur. “Milli-mənəvi dəyərlər” adlı hüquqi termin isə ümumiyyətlə yoxdur. Pornonu nəzərdə tuturlarsa, bu demək olar bütün ölkələrin “milli-mənəvi dəyəri” kimi qadağan edilib. Uşaq alkoqolizmi, uşaq narkomaniyası da. Nifrət və düşmənçilik çağırışları da. Şəxsi və ailə həyatına müdaxilələr də. Qadağan edilib, əməl də olunur. Cinayəti törədənin və qurbanın kim olmasından asılı olmayaraq”, R.Hacılı bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG